2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından mühüm hadisələrdən biri oldu. Səfər çərçivəsində Prezident İlham Əliyevin verdiyi bəyanatda iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, bərpaolunan enerji, regional əməkdaşlıq və Cənubi Qafqazda sülhün təmin edilməsi kimi vacib məsələlər ətraflı şəkildə diqqətə çatdırıldı. Bəyanat Azərbaycanın Avropa ilə münasibətlərinin gələcək inkişaf istiqamətlərini və ölkəmizin beynəlxalq arenadakı rolunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, "Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik." Bu fikir son illərdə qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir. Azərbaycan Avropa İttifaqı ilə siyasi dialoqu, iqtisadi əməkdaşlığı və qarşılıqlı maraqlara əsaslanan layihələri uğurla inkişaf etdirərək etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib.
İqtisadi əməkdaşlıq iki tərəf arasında münasibətlərin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev qeyd etdi ki, "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır." Bu, Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa bazarlarının xüsusi yer tutduğunu göstərir. Enerji, nəqliyyat, logistika, sənaye və investisiya sahələrində həyata keçirilən layihələr ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verir. Eyni zamanda, Avropa şirkətlərinin Azərbaycanda həyata keçirdiyi investisiyalar qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın göstəricisidir.
Bəyanatda enerji təhlükəsizliyi məsələsi xüsusi vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, "Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir." Müasir dövrdə enerji resurslarına etibarlı çıxış dövlətlərin iqtisadi sabitliyi və təhlükəsizliyi üçün əsas şərtlərdən hesab olunur. Azərbaycan zəngin enerji ehtiyatları və həyata keçirdiyi iri beynəlxalq layihələr sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz etibarlı tərəfdaş kimi öhdəliklərini daim yerinə yetirərək Avropa bazarlarına dayanıqlı enerji tədarükünü davam etdirir.
Prezident İlham Əliyev çıxışında gələcəyin prioritet istiqamətlərindən biri olan yaşıl enerji məsələsinə də toxundu. O qeyd etdi ki, "Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır." Azərbaycanın günəş və külək enerjisi sahəsində böyük potensiala malik olması, bu istiqamətdə həyata keçirilən layihələr və xarici investorlarla əməkdaşlıq ölkəmizin yaşıl enerji mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Bu sahədə Avropa Komissiyası ilə əməkdaşlığın genişlənməsi həm enerji ixracının şaxələndirilməsinə, həm də ekoloji dayanıqlılığın təmin olunmasına xidmət edir.
Görüş zamanı regional təhlükəsizlik məsələləri də geniş müzakirə olundu. Prezident İlham Əliyev bildirdi ki, "Regional təhlükəsizlik məsələlərini, xüsusən də uğurla gedən Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini geniş şəkildə müzakirə etdik." Bu fikir Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına verdiyi önəmi bir daha göstərir. Azərbaycan bölgədə yeni əməkdaşlıq mühitinin formalaşmasını dəstəkləyən təşəbbüslərlə çıxış edir və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasını vacib hesab edir.
Prezident İlham Əliyev Azərbaycanın sülhə sadiqliyini konkret addımlarla nümayiş etdirdiyini vurğulayaraq dedi: "Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik." Bu fikirlər Azərbaycanın regionda uzunmüddətli sabitlik və mehriban qonşuluq münasibətlərinin qurulmasına verdiyi əhəmiyyəti əks etdirir.
Bütövlükdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. İqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji və yaşıl enerji sahəsində yeni layihələrin həyata keçirilməsi, eləcə də regional sülhün möhkəmləndirilməsi gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən olunmuşdur. Bu münasibətlər həm Azərbaycanın milli maraqlarına, həm də Avropada təhlükəsizlik, enerji təminatı və davamlı inkişaf məqsədlərinə mühüm töhfə verməyə davam edəcəkdir.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı