PDF Oxu

Siyasət

  • 879

Azərbaycan–Avropa Komissiyası Əlaqələri: yeni çağırışlar və yeni imkanlar - ŞƏRH

image

Müasir dövrdə dövlətlər arasında qurulan siyasi və iqtisadi əməkdaşlıq beynəlxalq münasibətlərin inkişafında mühüm rol oynayır. Azərbaycan da xarici siyasətində qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verir. Son illər ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafı bunun bariz nümunəsidir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri bu əməkdaşlığın daha da möhkəmləndiyini göstərən mühüm siyasi hadisələrdən biri olmuşdur. Prezident İlham Əliyev səfər zamanı verdiyi bəyanatda qeyd etmişdir ki, "Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik." Bu fikir onu göstərir ki, tərəflər arasında əməkdaşlıq təkcə enerji sahəsini deyil, iqtisadiyyat, nəqliyyat, yaşıl enerji və digər istiqamətləri də əhatə edir.
Prezident İlham Əliyev çıxışında bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Azərbaycana səfər etdiyini xatırlatmışdır. Bu faktlara istinadən demək olar ki, son aylarda baş tutan yüksək səviyyəli qarşılıqlı görüşlər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun intensivləşdiyini göstərir. Belə görüşlər qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradır.
Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşlarından biri kimi tanınır. Xüsusilə enerji sahəsində qurulan əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan uzun illərdir ki, Avropa bazarına etibarlı şəkildə neft və təbii qaz ixrac edir. Bu əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də regionda sabitliyin və qarşılıqlı etimadın güclənməsi baxımından əhəmiyyətlidir.
Son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yaşıl enerji sahəsində də əməkdaşlıq genişlənməkdədir. Ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırır və bu istiqamətdə həyata keçirilən layihələr beynəlxalq tərəfdaşlar tərəfindən də dəstəklənir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi Azərbaycanın bu sahədə qarşıya qoyduğu məqsədlərin göstəricisidir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqdır. Avropa İttifaqı ilə münasibətlərin inkişafı da məhz bu prinsiplər üzərində qurulmuşdur. Tərəflər arasında formalaşan etibarlı tərəfdaşlıq gələcəkdə iqtisadi, siyasi və humanitar əlaqələrin daha da genişlənməsinə imkan yaradacaqdır.
Beynəlxalq münasibətlərdə davamlı əməkdaşlıq dövlətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan da həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində həm regional, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınır. Avropa İttifaqı ilə əlaqələrin inkişafı ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi imkanlarının genişlənməsinə və yeni investisiyaların cəlb olunmasına müsbət təsir göstərir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlandığını göstərən mühüm hadisələrdən biridir. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq gələcək illərdə daha da möhkəmlənəcək, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə yeni uğurların əldə olunmasına zəmin yaradacaqdır.

Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər