PDF Oxu

Siyasət

  • 596

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaşlardan biridir.

image

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini və beynəlxalq iqtisadi sistemə inteqrasiyanı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə Avropa İttifaqı ilə qurulan münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Uzun illər ərzində qarşılıqlı etimad və ortaq maraqlar əsasında inkişaf edən əməkdaşlıq nəticəsində Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşına çevrilib. Bu tərəfdaşlıq təkcə ticarət dövriyyəsinin artması ilə məhdudlaşmır, həm də enerji, investisiya, nəqliyyat və logistika sahələrində yeni imkanlar yaradır.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaşlardan biridir. Zəngin təbii qaz ehtiyatları və müasir enerji infrastrukturu ölkəmizin enerji resurslarının Avropa bazarına təhlükəsiz və fasiləsiz şəkildə çatdırılmasına imkan verir. Hazırda ixrac olunan təbii qazın böyük hissəsi Avropa istiqamətinə nəql olunur və bir sıra Avropa İttifaqı ölkələrinin enerji təminatında Azərbaycan qazı mühüm yer tutur. Bu əməkdaşlıq Avropa dövlətlərinin enerji mənbələrinin şaxələndirilməsinə töhfə verməklə yanaşı, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuzunu da daha da möhkəmləndirir.
Enerji sahəsində əldə olunan uğurlar ölkəmizin beynəlxalq mövqeyinə də müsbət təsir göstərir. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirərək tərəfdaşlarının etimadını qazanıb. Məhz bu etibarlı tərəfdaşlıq gələcəkdə enerji əməkdaşlığının daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.
Bununla yanaşı, Azərbaycanın enerji strategiyası yalnız neft və təbii qaz ixracı ilə məhdudlaşmır. Son illərdə yaşıl iqtisadiyyatın inkişafı və bərpaolunan enerji mənbələrinin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi bu sahədə atılan mühüm addımlardandır. Həmin ərazilərdə müasir enerji infrastrukturu yaradılır, yeni elektrik stansiyaları tikilir və təmiz enerji istehsalının artırılması istiqamətində ardıcıl layihələr reallaşdırılır. Bu proses Avropa İttifaqı ilə yaşıl enerji sahəsində əməkdaşlığın genişlənməsi üçün də əlverişli imkanlar yaradır.
Azərbaycanın geostrateji mövqeyi ölkəmizi Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. Cənubi Qafqaz Xəzər hövzəsini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən ən etibarlı quru marşrutlarından biri kimi strateji əhəmiyyət daşıyır. Son illərdə dünyada baş verən geosiyasi proseslər, xüsusilə Rusiya–Ukrayna müharibəsi beynəlxalq yükdaşımaların marşrutlarına yenidən baxılmasını zəruri edib. Bu şəraitdə Azərbaycan üzərindən keçən Orta Dəhliz Avropa üçün təhlükəsiz və etibarlı alternativ kimi ön plana çıxır.
Şimal marşrutunda yaranan siyasi risklər və cənub istiqamətində davam edən qeyri-sabitlik fonunda Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə xətti Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Bu marşrut təkcə yükdaşımaların sürətləndirilməsinə deyil, həm də enerji resurslarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılmasına xidmət edir.
Son iyirmi ildə Azərbaycan nəqliyyat və enerji infrastrukturunun inkişafına böyük investisiyalar yatıraraq regionun aparıcı logistika mərkəzlərindən birinə çevrilib. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ölkəmizin uzaqgörən strateji siyasətinin uğurlu nəticələridir. Bu layihələr Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə, beynəlxalq ticarətin inkişafına və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, Azərbaycan qlobal logistika zəncirinin etibarlı və məsuliyyətli iştirakçısı kimi mövqeyini daha da gücləndirir.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq artıq yalnız iqtisadi münasibətlərlə məhdudlaşmır. Tərəflər enerji, nəqliyyat, investisiya, rəqəmsallaşma, yaşıl iqtisadiyyat və regional sabitlik kimi bir çox istiqamətlər üzrə uğurlu tərəfdaşlıq həyata keçirirlər. Yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlər bu münasibətlərin davamlı inkişafına, yeni layihələrin reallaşdırılmasına və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Bu baxımdan, 1 iyul 2026-cı il tarixində keçirilən yüksək səviyyəli görüşdə səsləndirilən fikirlər və aparılan müzakirələr Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Həmin görüş tərəflərin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha da genişləndirmək əzmində olduqlarını bir daha nümayiş etdirdi.
Bütün bunlar göstərir ki, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması təsadüfi deyil. Qarşılıqlı etimad, strateji maraqlar və uzunmüddətli əməkdaşlıq üzərində qurulan münasibətlər ölkəmizin beynəlxalq iqtisadi mövqeyini daha da möhkəmləndirir. Enerji təhlükəsizliyi, nəqliyyat, yaşıl iqtisadiyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələr isə Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının gələcəkdə daha da dərinləşəcəyini və hər iki tərəf üçün yeni imkanlar yaradacağını göstərir.

İlkin Bağırov
Yap Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər