PDF Oxu

Siyasət

  • 626

Azərbaycan–Aİ tərəfdaşlığı yeni mərhələdə: enerji, nəqliyyat və regional sülh gündəmdə

image

1 iyul 2026-cı il tarixində Azərbaycana səfər edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşündən sonra çıxış edən cənab Prezident İlham Əliyev iki tərəf arasındakı münasibətlərin "çox mühüm mərhələyə" qədəm qoyduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, cari ilin martında Avropa İttifaqı Şurasının sədri, may ayında isə Aİ-nin xarici siyasət rəhbəri Azərbaycanda qəbul edilib və bu gün həmin siyasi dialoqun davamı olaraq Komissiya sədri ilə görüş keçirilib.
Cənab Prezident İlham Əliyev tərəfdaşlığın dinamikasını yüksək qiymətləndirərək bildirib ki, hər iki tərəfin qarşılıqlı iradəsi əməkdaşlığın genişlənməsinə şərait yaradıb. Gündəliyin ətraflı müzakirəsi qarşılıqlı etimadın yüksəldiyinə dəlalət edən amil kimi dəyərləndirilib.
Ticarət-iqtisadi əlaqələrə toxunan dövlət başçısı diqqətə çatdırıb ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır — ölkənin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu məhz Aİ üzv dövlətləri ilə həyata keçirilir. Eyni zamanda, Cənubi Qafqaz regionunda Aİ-nin ticarətinin təxminən 70 faizinin Azərbaycanın payına düşdüyü qeyd olunub, bu da ölkəni regionda Brüsselin ən mühüm tərəfdaşına çevirir.
Enerji sahəsi görüşün mərkəzi mövzularından biri olub. Cənab Prezident xatırladıb ki, dörd il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumundan sonra Azərbaycanın Aİ ölkələrinə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ölkənin qaz ixracının yarısı Avropa İttifaqı bazarına yönəlir və 10 üzv dövlət Azərbaycan qazının alıcısıdır. Dövlət başçısı bu coğrafiyanın gələcəkdə daha da genişlənə biləcəyini vurğulayıb.
Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin əsas ünsürlərindən biri olduğunu qeyd edən cənab Prezident, Cənub Qaz Dəhlizini iki tərəfin birgə səylərinin bariz nümunəsi adlandırıb. Onun sözlərinə görə, 3.500 kilometrlik boru kəməri sistemi bu gün Azərbaycan qazının Avropaya ötürülməsində əsas infrastruktur həlqəsi rolunu oynayır.
Nəqliyyat-bağlantı məsələləri də danışıqların vacib hissəsini təşkil edib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçdiyini xatırladan dövlət başçısı bildirib ki, qonşu ölkələrlə yaxşı münasibətlər bütün iştirakçılar üçün faydalı geniş əməkdaşlıq formatının yaranmasına imkan verib. O əlavə edib ki, ölkə dəniz limanları və dəmir yolu infrastrukturunun tutumunun artırılması istiqamətində sərmayələrini davam etdirir.
Bərpaolunan enerji mövzusunda cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın günəş, külək və su elektrik enerjisi potensialı, habelə mövcud və planlaşdırılan ötürücü xətlər geniş müzakirə olunub. Onun sözlərinə görə, xarici və yerli şirkətlərlə artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində səkkiz gigavat həcmində günəş və külək enerjisi əldə etməyə imkan verəcək, bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir.
Görüşdə regional təhlükəsizlik və Ermənistanla normallaşma prosesi də əsas müzakirə mövzuları sırasında olub. Dövlət başçısı 2025-ci ilin avqustunda Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə imzalanmış Birgə Bəyannaməni xatırladaraq, bunun nəticəsində sülh müqaviləsinin mətninin paraflandığını və de-fakto sülhün artıq bərqərar olduğunu bildirib.
Dövlət başçısı sülhün sadəcə kağız üzərində deyil, gündəlik həyatda hiss edildiyini göstərmək məqsədilə Azərbaycanın bir sıra birtərəfli addımlar atdığını vurğulayıb: ölkə ərazisindən Ermənistana gedən yüklərin tranzitinə tətbiq olunan məhdudiyyətlər ləğv edilib və Ermənistana benzin, dizel kimi yanacaq təchizatına başlanılıb. O, bu addımların indiki geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Otuz il işğal altında qalmış torpaqların suverenlik və ərazi bütövlüyünün bərpasından sonra sülh şəraitində yaşamağı öyrəndiklərini deyən dövlət başçısı, Ermənistana sülh təklif etdiklərini yenidən vurğulayıb və bildirib ki, sülhün möhkəmləndirilməsi, uzunmüddətli və dönməz xarakter alması üçün səylər davam etdiriləcək. Bu prosesdə Avropa Komissiyasının dəstəyinin yüksək qiymətləndirildiyini bildirən cənab Prezident, Ursula fon der Lyayenin Komissiyanın bu istiqamətdə əlavə yardım göstərməyə hazır olduğunu da diqqətə çatdırıb.
Yekunda dövlət başçısı bildirib ki, bu istiqamətdə atılan addımlar regiondakı müsbət dinamikanı daha da gücləndirərək, Cənubi Qafqazın ərazi iddialarından və münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh məkanına çevrilməsinə xidmət edəcək.

Kənan Əkbərli

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin maliyyə hesabatlarının icmallaşdırılması sektorunun məsləhətçisi, YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Digər xəbərlər