PDF Oxu

Siyasət

  • 901

“Burada qəbul edilən qərarlar türkologiya elminin inkişafına böyük töhfələr verib” - DEPUTAT DANIŞDI

image

“2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunmuşdur. Bu əlamətdar yubiley xalqımızın zəngin elmi və mədəni irsinə, türk xalqlarının ortaq tarixinə və milli-mənəvi dəyərlərinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Bir əsr əvvəl Bakıda keçirilən Qurultay yalnız elmi hadisə kimi deyil, həm də Türk dünyasının ortaq düşüncə məkanının formalaşmasında mühüm mərhələ kimi tarixə düşmüşdür”.Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının görkəmli alimlərini, dilçilərini, tarixçilərini və ziyalılarını bir araya gətirmişdir:”Qurultayda türk dillərinin tədqiqi, əlifba islahatı, ortaq elmi əməkdaşlığın inkişafı, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı mühüm məsələlər geniş şəkildə müzakirə edilmişdir. Burada qəbul edilən qərarlar türkologiya elminin inkişafına böyük töhfə vermiş, türk xalqları arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə zəmin yaratmışdır.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 6–7 oktyabr tarixlərində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə irəli sürülmüşdür. Zirvə Görüşünün yekun Bəyannaməsində bu təşəbbüs dəstəklənmiş, daha sonra Prezidentin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə yubileyin dövlət səviyyəsində keçirilməsi barədə qərar qəbul edilmişdir. Bu qərar Azərbaycanın Türk dünyasının ortaq tarixi və mədəni irsinin qorunmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına verdiyi önəmin göstəricisidir.
Yubiley münasibətilə ölkəmizdə elmi konfransların, beynəlxalq simpoziumların, sərgilərin, dəyirmi masaların, kitab təqdimatlarının, mədəni tədbirlərin və digər layihələrin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin daha dərindən öyrənilməsinə, türkoloji elmin inkişafına verilmiş töhfələrin qiymətləndirilməsinə və Türk dünyasının ortaq elmi-mədəni irsinin geniş şəkildə təbliğinə xidmət edir. Eyni zamanda, yubiley çərçivəsində həyata keçirilən layihələr gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, tariximizin öyrənilməsinə və Türk dünyasının birliyi haqqında təsəvvürlərinin formalaşmasına mühüm töhfə verir.
Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq layihələri, elm, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi, ortaq əlifba istiqamətində görülən işlər Birinci Türkoloji Qurultayın ideyalarının müasir dövrdə də yaşadığını göstərir. Bir əsr əvvəl Bakıda əsası qoyulan bu elmi və mənəvi irs bu gün Türk dünyasının inteqrasiyası və həmrəyliyi üçün mühüm rol oynamaqda davam edir. Qeyd olunmalıdır ki, bu gün bütün türk kökənli dövlətlərdə qeyd olunan bu tarixi hadisə böyük önəm daşıyır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR!" ideyası öz əksini tapmaqdadır.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması təkcə tarixi bir hadisənin anılması deyil, həm də Azərbaycanın Türk dünyasının elmi, mədəni və humanitar əməkdaşlığının inkişafına verdiyi töhfənin növbəti təzahürüdür. Bu yubiley keçmişə ehtiramın, milli irsə sədaqətin və ortaq gələcəyə inamın parlaq ifadəsi olmaqla yanaşı, Türk dünyasının birliyi və əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edən mühüm dövlət tədbirlərindən biridir”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər