PDF Oxu

Siyasət

  • 972

YAP Şəmkir rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olunub - FOTO

image

07 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının yeni sədrinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin baçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov, YAP Şəmkir rayon təşkilatının əvvəlki sədri Fəxrəddin Vəliyev iştirak edib.

YAP Şəmkir rayon təşkilatının inzibati binasında keçirilən tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri YAP Mərkəzi AparatınınTəşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov açaraq, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarını iştirakçıların diqqətinə çatdırıb. Qərara əsasən, Zamir Sadəddin oğlu Güvəndiyev Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri təyin olunub. Rayon təşkilatının əvvəlki sədri Fəxrəddin Vəli oğlu Vəliyev isə yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb.

Çıxış edən F.Vəliyev partiya fəaliyyətində keçdiyi yoldan danışaraq ona göstərilən etimada və dəstəyə görə təşəkkürünü bildirib. O, bundan sonra da Yeni Azərbaycan Partiyasına sadiq qalaraq rayonun ictimai-siyasi həyatında fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Yeni təyin olunmuş sədr Zamir Güvəndiyev çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. O, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə, partiyanın İdarə Heyətinə, Mərkəzi Aparatına, həmçinin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə minnətdarlığını ifadə edərək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərini səfərbər edəcəyini bildirib.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək uzun illər səmərəli fəaliyyət göstərmiş Fəxrəddin Vəli oğlu Vəliyevə təşəkkürünü bildirib, ona möhkəm cansağlığı və xoş təqaüd həyatı arzulayıb. Rayon rəhbəri, eyni zamanda, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının yeni sədri Zamir Güvəndiyevi təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə, həmçinin digər çıxış edən partiya fəalları da yeni sədrə uğurlar arzulayıblar və ona olan etimadı doğrultacağına əmin olduqlarını bildiriblər.

Digər xəbərlər