PDF Oxu

Siyasət

  • 809

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır - ŞƏRH

image

Azərbaycan Respublikasının xarici siyasətinin və iqtisadi strategiyasının ən mühüm istiqamətlərindən birini Avropa İttifaqı ilə çoxtərəfli əməkdaşlıq əlaqələri təşkil edir. Coğrafi mövqeyi, zəngin təbii resursları və regional nəqliyyat qovşağı roluna malik olması Azərbaycanı Avropa İttifaqı üçün etibarlı tərəfdaşa çevirmişdir. Qarşılıqlı maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan bu münasibətlər, xüsusilə ticarət və enerji sahələrində strateji xarakter daşıyır. Rəsmi statistika və iqtisadi göstəricilər birmənalı şəkildə təsdiq edir ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas investorudur.Son illərdə demokratiya və tərəqqi yolunda inamla irəliləyən Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində inkişaf etməkdədir. Bu qurumla münasibətlərin sağlam təməl əsasında inkişafının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur.Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi bu quruma üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb.Azərbaycan bütövlükdə Cənubi Qafqazda Avropa İttifaqı üçün əsas ticarət tərəfdaşıdır və regionda reallaşan ümumi ticarətin təxminən 70 faizi məhz Azərbaycanın payına düşür. Bu nəhəng rəqəm ölkəmizin regional iqtisadiyyatın dörddə üçünə nəzarət etdiyini və Brüsselin Cənubi Qafqaz siyasətinin iqtisadi ağırlıq mərkəzinin Bakı olduğunu göstərir.Azərbaycan və Aİ arasında ticarət əlaqələrinin coğrafi olaraq genişlənməsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) xüsusi əhəmiyyət kəsb edir. Şərqlə Qərbi birləşdirən bu strateji xətt Çindən Avropaya yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə azaldır. Avropa İttifaqı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və logistik mərkəzlərin yaradılması kimi regional layihələri dəstəkləyir. Bu da Azərbaycanın Avrasiya materikində tranzit qovşağı mövqeyini gücləndirir və ticarət dövriyyəsinin effektivliyini artırır.Avropa İttifaqı ilə ticarət tərəfdaşlığı Azərbaycanın iqtisadi dayanıqlığının və çoxşaxəli xarici iqtisadi siyasətinin bariz nümunəsidir. Enerji təhlükəsizliyindən başlayaraq "yaşıl enerji" keçidinə və rəqəmsal nəqliyyat dəhlizlərinə qədər uzanan bu əməkdaşlıq, yaxın gələcəkdə də Azərbaycanın dayanıqlı inkişafının və qlobal iqtisadiyyata inteqrasiyasının əsas hərəkətverici qüvvəsi olaraq qalacaqdır.

Ruslan Babayev,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər