Lerik Rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı sayəsində “Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda regional konfrans keçirilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, Milli Məclisin deputatı Vasif Qafarovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad və Lerik rayonunun din xadimlərin, dini icma sədrləri və ictimaiyyət nümayəndələrin iştirak etdikləri konfransda əvvəlcə ulu öndər Heydər Əliyevin Lerik şəhərində ucaldılan abidəsini ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himnin oxunması ilə başlanan konfransda Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunmuş video-çarx nümayiş etdirilib .
Daha sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında bildirib: - Güclü dövlət milli və dini irsin qorunmasının əsas təminatçısıdır. Dini sahədə həyata keçirilən maarifləndirmə tədbirləri, dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlıq və vahid ictimai düşüncənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər milli-mənəvi dəyərlərin təbliği, dini həmrəyliyin möhkəmləndirilməsi və gənc nəslin sağlam ideoloji mühitdə formalaşmasına töhfə verir. Eyni zamanda, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərdə məscidlərin və digər dini-mədəni abidələrin bərpası dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.
“Din pərdəsi altında başqa xalqların həyat tərzinin və təfəkkürünün cəmiyyətə yeridilməsi, dinin siyasiləşdirilərək ibadət yerlərinin ideoloji alətə çevrilməsi və dünyəvilik prinsipinə qarşı çıxışlar birbaşa milli təhlükəsizliyə təhdiddir”-deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov həm də Azərbaycanda dövlət və din münasibətləri fonunda qarşıya çıxan əsas ideoloji təhlükələrə toxundu, İslam dəyərlərinin azərbaycançılıq məfkurəsi ilə vəhdətdə qorunmasını vurğuladı, eləcə Azərbaycana xas olan multikulturalizm, tolerantlıq və məzhəblərarası dinc yanaşı yaşama ənənələrinin qorunmasının, dindarlıqla məzhəbçiliyin bir-birindən fərqləndirilməsinin vacib olduğunu söyləyib .
Çıxış edən Milli Məclisin deputatı Vasif Qafarov radikalizmlə mübarizədə maarifləndirmə, düzgün dini təhsil və gənclərin adət-ənənələrə bağlı yetişməsi mühüm əhəmiyyət daşıdığını, dini təhlükəsizliyin və mədəni irsin qorunması dövlətlə yanaşı, bütün cəmiyyətin ümumi məsuliyyət və bu istiqamətdə birgə fəaliyyət göstərilməsinin vacibliyini, Azərbaycanın tarixən tolerantlıq və multikulturalizm ənənələrinə sadiq qaldığını, həmçinin ölkədə dini etiqad azadlığının təmin edildiyini, müxtəlif dini konfessiyaların qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.
Tədbir “Qloballaşma prosesində din amili” və “İdeoloji çağırışlar kontekstində dini radikalizm” mövzuları üzrə panel müzakirələrlə davam etdirilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü