"Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin qovuşduğu strateji məkanda yerləşir. Bu mövqe ölkəmizi beynəlxalq nəqliyyat, enerji və ticarət marşrutlarının mühüm iştirakçısına çevirib. Eyni zamanda, Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan regional və qlobal geosiyasi proseslərdə mühüm rol oynayır".Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.Onun sözlərinə görə, vətən müharibəsindən sonra Azərbaycanın həm de-fakto, həm də de-yure ərazi bütövlüyünü bərpa etməsi ölkənin regional və beynəlxalq mövqeyini daha da gücləndirib:\"Bu gün Azərbaycan balanslaşdırılmış və çoxşaxəli xarici siyasət həyata keçirərək müxtəlif qlobal güclərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qurur. Heç bir hərbi bloka qoşulmayan və neytral mövqeyini qoruyan Azərbaycan məhz bu siyasəti sayəsində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir.Ölkəmizin beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri də strateji nəqliyyat və enerji layihələridir. Orta Dəhliz, neft və qaz kəmərləri, eləcə də Şərqlə Qərbi birləşdirən yeni rəqəmsal kommunikasiya və enerji layihələri Azərbaycanın geoiqtisadi rolunu daha da gücləndirir. Bununla yanaşı, yaşıl enerji istiqamətində həyata keçirilən layihələr də Azərbaycanın gələcək inkişaf strategiyasında mühüm yer tutur.Azərbaycan həm siyasi, həm də iqtisadi sabitliyi ilə regionda seçilən ölkələrdən biridir. Qonşu ölkələrin bəzilərində milli valyutaların dəyərinin dəyişməsi fonunda Azərbaycanda uzun illərdir makroiqtisadi sabitliyin qorunması ölkənin dayanıqlı iqtisadi siyasətinin göstəricisidir.Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin nəticəsi olaraq son illərdə xarici dövlət başçılarının Azərbaycana səfərləri əhəmiyyətli dərəcədə artıb. Bu marağın əsas səbəblərindən biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldur. Hazırda Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra ölkələri təbii qazla təmin edir və enerji əməkdaşlığını davamlı şəkildə genişləndirir.Bununla yanaşı, Azərbaycan regionda sülh və əməkdaşlıq təşəbbüslərinin əsas iştirakçılarından biridir. Ermənistanla sülh prosesinin irəlilədilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımlar ölkəmizin regional sabitliyə verdiyi töhfənin göstəricisidir.Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarında fəal iştirak edir. Türk Dövlətləri Təşkilatında aparıcı ölkələrdən biri kimi çıxış etməsi də bunun bariz nümunəsidir. Qonşularla qarşılıqlı hörmət və dinc əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.Eyni zamanda, ölkəmizdə keçirilən beynəlxalq forumlar, konfranslar və digər nüfuzlu tədbirlər Azərbaycanın sabit, təhlükəsiz və etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Xarici dövlət rəhbərləri Azərbaycana səfərləri zamanı ölkədə mövcud olan siyasi və iqtisadi sabitliyi yaxından müşahidə edir. Bu da ölkəmizə olan marağın daha da artmasına səbəb olur.Beləliklə, Azərbaycana xarici dövlət başçılarının səfərlərinin intensivləşməsi həm siyasi, həm iqtisadi, həm də geostrateji amillərlə bağlıdır. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət, enerji və nəqliyyat layihələrində oynadığı mühüm rol, eləcə də regionda sabitliyin qorunmasına verdiyi töhfə ölkəmizi beynəlxalq münasibətlər sistemində getdikcə daha cəlbedici və nüfuzlu tərəfdaşa çevirir".
Müəllif: Günel Fərzəliyeva