Müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin, iqtisadi inkişafının və siyasi sabitliyinin əsas dayaqlarından biri hesab olunur. Enerji olmadan nə sənaye müəssisələrinin fəaliyyəti, nə nəqliyyat sistemi, nə də insanların gündəlik həyatı normal şəkildə davam edə bilər. Elektrik enerjisi, təbii qaz, neft və digər enerji resursları ölkələrin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Buna görə də hər bir dövlət enerji təhlükəsizliyinin təmin edilməsini strateji məqsəd kimi müəyyənləşdirir və bu sahəyə xüsusi diqqət yetirir.Enerji təhlükəsizliyi dedikdə ölkənin əhalisinin və iqtisadiyyatının enerji ilə fasiləsiz, etibarlı, təhlükəsiz və əlverişli qiymətlə təmin olunması nəzərdə tutulur. Əgər hər hansı ölkədə enerji təminatında problem yaranarsa, bu, iqtisadiyyata, sənaye istehsalına, kənd təsərrüfatına, səhiyyəyə, təhsilə və digər sahələrə ciddi mənfi təsir göstərə bilər. Məhz buna görə enerji təhlükəsizliyi bu gün milli təhlükəsizliyin ayrılmaz hissəsi hesab edilir.Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il iyulun 1-də Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş bu əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisələrdən biri oldu. Görüşdən sonra Prezident İlham Əliyevin verdiyi bəyanat həm ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, həm də gələcək perspektivlərini əks etdirdi.Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Son illərdə Azərbaycan qazının Avropa bazarına ixracının əhəmiyyətli dərəcədə artması ölkəmizin etibarlı enerji təchizatçısı statusunu daha da gücləndirib. Dövlət başçısının sözlərinə görə, enerji sahəsində qurulan tərəfdaşlıq gələcək illərdə də genişlənəcək.Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika imkanlarından da bəhs edərək bildirdi ki, ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Müasir limanlar, dəmir yolları və avtomobil magistralları Azərbaycanın geostrateji mövqeyini gücləndirir və beynəlxalq yükdaşımaların həcmini artırır. Bu da ölkəmizin Avrasiya məkanında əhəmiyyətini daha da yüksəldir.Prezident İlham Əliyev Azərbaycanın zəngin bərpaolunan enerji ehtiyatlarına malik olduğunu qeyd edərək yaxın illərdə Günəş və külək enerjisi istehsalının əhəmiyyətli dərəcədə artırılacağını bildirdi. Bu istiqamətdə Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi həm enerji təhlükəsizliyinə, həm də ekoloji dayanıqlılığa mühüm töhfə verəcək.Azərbaycan həyata keçirdiyi uğurlu enerji siyasəti ilə mühüm nailiyyətlər qazanmış və beynəlxalq aləmdə etibarlı enerji tərəfdaşı kimi tanınmışdır. Gələcəkdə də enerji təhlükəsizliyinin gücləndirilməsi ölkəmizin iqtisadi inkişafına, milli müstəqilliyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə mühüm töhfə verəcəkdir.Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, yaşıl enerji və regional sülh istiqamətlərində əldə olunan nəticələr ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır və Azərbaycanın Avropa üçün etibarlı, strateji tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Ağababa Babayev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri