PDF Oxu

Siyasət

  • 1 226

Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni inkişaf mərhələsində - ŞƏRH

image

Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizlə
qurum arasında siyasi dialoqun intensivliyi xüsusilə diqqətəlayiqdir. Cəmi bir neçə ay
ərzində Avropa İttifaqının üç əsas qurumunun nümayəndələri ardıcıl olaraq Bakıya səfər ediblər. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə ölkəmizdə işgüzar səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüşlərdə,
mətbuata bəyanatlarında bu reallığı xüsusi qeyd etdi. Belə ki, cənab İlham Əliyev
mətbuata bəyanatında “Sizi yenidən görməyimə çox şadam. Biz ötən ilin may və oktyabr aylarında Avropa Siyasi Birliyinin Zirvə görüşlərində iki dəfə görüşmüşük və ikitərəfli gündəliyimizi, həmçinin bir çox digər məsələləri geniş müzakirə etmişik” söyləyərək onu da vurğuladı ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk.
Azərbaycanla Avropa İttifaqı, həmçinin quruma üzv ölkələr arasında əlaqələr enerji
sektorunda uğurla inkişaf edir. 2022-ci ildə Avropa Komissiyasının Prezidenti Ursula
Fon der Lyayenin ölkəmizə səfəri zamanı enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzalanmasından etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır. Ölkəmizin bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.
Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan böyük dərəcədə siyasi səylər
qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün
infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir. Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır: “Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik. Mən xanım Prezidentə məlumat verdim ki, indiyədək xarici və yerli şirkətlərlə
imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və
külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha çox həcmlər olacaq”.
Səfər şərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatda diqqət göstərilən digər
məsələ bağlantı oldu. Azərbaycanın coğrafi mövqeyi, tranzit imkanları ölkələr, xalqlar arasında yeni körpülərin qurulmasına geniş imkanlar yaradır. Azərbaycanın üstünlüklərindən bəhs edərkən coğrafi mövqeyi xüsusi vurğulanır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan ölkələri, xalqları bir araya gətirir, körpü rolunu daim möhkəmləndirir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirdi ki, biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.

Hazırda regionda dayanıqlı sülhün təmin edilməsi əlaqələrin inkişafında mühüm rol
oynayır. Prezident İlham Əliyev mətbuata bəyanatında regional təhlükəsizlik
məsələlərinə, xüsusən də uğurla gedən Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə diqqət yönəltdi. Vurğuladı ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar. Prezident Donald Tramp, həmçinin şahid kimi imzaladı və əlavə olaraq Ermənistan ilə Azərbaycan sülh sazişinin mətnini parafladılar. Beləliklə, de-fakto sülh qurulub və biz faydasını görürük. Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır. Cənab İlham Əliyev bu çağırışı xüsusi qeyd etdi ki, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə işgüzar səfəri
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin dünəninə, bu gününə baxış fonunda qarşıdakı
dövr üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Ursula Fon der
Lyayen mətbuata bəyanatında bildirdi ki, bu gün mən Avropa İttifaqı üçün olduqca
əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam. Siz regionda sülhün və
əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu,
sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti
şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər