PDF Oxu

Siyasət

  • 871

Regional sülhə aparan yol: Azərbaycan diplomatiyasının mühüm uğurları - ŞƏRH

image

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycanın regionda sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı bildirdi ki, görüşdə regional təhlükəsizlik məsələləri, xüsusilə Azərbaycan ilə Ermənistan arasında uğurla davam edən normallaşma prosesi geniş şəkildə müzakirə olunub. Bu, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi istiqamətində mühüm irəliləyiş kimi dəyərləndirilir.
Prezident İlham Əliyev çıxışında ötən ilin avqustunda ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalandığını xatırlatdı. Dövlətimizin başçısı qeyd etdi ki, Prezident Tramp bu sənədə şahid qismində imza atıb, eyni zamanda tərəflər sülh sazişinin mətnini paraflayıblar. Bu hadisə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi addım kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq de-fakto sülh mövcuddur və bunun müsbət nəticələri özünü göstərməkdədir. Regionda sabitliyin möhkəmlənməsi iqtisadi əməkdaşlığın genişlənməsinə, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və xalqlar arasında etimadın artmasına yeni imkanlar yaradır. Azərbaycan sülh gündəliyinə sadiq qalaraq qarşılıqlı hörmətə və beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin formalaşmasını dəstəkləyir.
Dövlətimizin başçısının bəyanatı göstərir ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün əsas təşəbbüskarlarından biridir. Rəsmi Bakı regionun inkişafını yalnız əməkdaşlıq, təhlükəsizlik və mehriban qonşuluq prinsipləri üzərində görür. Bu baxımdan normallaşma prosesinin uğurla davam etməsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Regional təhlükəsizliyin təmin olunmasına verilən töhfələr, sülh təşəbbüsləri və konstruktiv dialoq siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də bir daha təsdiqləyir ki, regionda dayanıqlı sülhün bərqərar olması üçün siyasi iradə və qarşılıqlı əməkdaşlıq əsas şərtdir.
Nəticə etibarilə, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla irəliləməsi və əldə olunan razılaşmalar Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın sülhə, sabitliyə və regional inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Bu siyasət gələcəkdə regionun təhlükəsizlik və rifahının daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Toğrul Rəhimli
YAP Sədərək rayon təşkilatının mühasibi

Digər xəbərlər