Məlumdur ki, dünya öz tarixinin mürəkkəb, proqnozlaşdırılması çətin və münaqişələrlə zəngin olan dövrlərindən birini yaşayır. Qeyd etmək lazımdır ki, son günlər Yaxın Şərqdə münaqişə tərəfləri arasında qarşıdurmanın yenidən şiddətlənməsi, Rusiya-Ukrayna cəbhəsində illərdir davam edən müharibə qlobal müstəvidə gərginliyi pik nöqtəyə çatdırıb. Ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionuna yaxın bir çox coğrafiyada, həm şimal, həm də cənub qonşuluğunda ciddi münaqişə ocaqlarının olması artıq öyrəşdiyimiz reallıqdır. Amma uzunmüddətli savaşlar təkcə siyasi böhranla məhdudlaşmır, həm də qlobal enerji və nəqliyyat dəhlizləri, beynəlxalq yük daşımaları üçün misli görünməmiş humanitar və iqtisadi problemlər yaradır. Ənənəvi təchizat zəncirlərinin qırıldığı, qitələrarası keçidlərin təhlükə altına düşdüyü bu cür mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanda qorunan daxili sabitlik, sosial-iqtisadi dayanıqlılıq və yüksək ictimai təhlükəsizlik mühiti qlobal miqyasda xüsusi diqqət çəkir və yüksək qiymətləndirilir. Azərbaycan bu xaosun ortasında öz təhlükəsizliyini təmin edən və dünya üçün etibarlı tərəfdaş rolunu qoruyan unikal sabitlik adası kimi çıxış edir.
Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizin daxili sabitliyi və regional əməkdaşlıq təşəbbüsləri dövlətimizin başçısı tərəfindən mükəmməl şəkildə formalaşdırılmış və zamanın sınağından uğurla çıxmış balanslaşdırılmış xarici siyasət kursunun birbaşa nəticəsidir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri qəbul edilən qərarların uzunmüddətli strateji hədəflərə hesablanmasıdır. Dövlət idarəçiliyindəki praqmatik yanaşma, milli maraqların ön planda tutulması və sürətlə dəyişən beynəlxalq reallıqlara çevik uyğunlaşma siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Yeri gəlmişkən, qeyd edək ki, müasir dünyada əsas çatışmazlıqlardan biri dialoq platformalarının azlığıdır. Lakin Azərbaycanın qlobal və regional güclərin hər biri ilə açıq, qarşılıqlı hörmətə əsaslanan diplomatik əlaqələrə və dialoq imkanlarına malik olması rəsmi Bakıya geniş manevr imkanları verir. Vurğulanan məqamlar ölkəmizi qlobal güc mərkəzlərinin əməkdaşlıq etdiyi unikal məkana çevirir. Bu yanaşma Azərbaycanın xarici siyasətinin mühüm və strateji uğuru olmaqla yanaşı, dövlətimizi beynəlxalq arenada söz sahibi edir, onun etibarlı tərəfdaş statusunu gücləndirir. Ölkə rəhbərliyinin mütəmadi vurğuladığı kimi, ölkəmiz geosiyasi rəqabət və qarşıdurma meydanı yox, sülh və əməkdaşlıq məkanıdır. Dövlətimizin təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı qlobal və regional layihələr ölkələri birləşdirir, qarşılıqlı iqtisadi asılılığı artırır və regionda davamlı sabitliyin təmin olunmasına xidmət edir. Yəni Azərbaycanın sabitlik və əməkdaşlıq məkanı olması bu günün hadisəsi deyil. Ölkəmiz hələ uzun zaman öncədən bu strateji kursu özünün dövlət fəlsəfəsi seçib. Zaman dövlətimizin başçısının uzaqgörən strategiyasının nə qədər doğru olduğunu sübuta yetirdi.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizin formalaşdırdığı təhlükəsiz bağlantı mühiti və regional sabitlik dünya nəhənglərinin də diqqət mərkəzindədir. Qlobal aktorlar Azərbaycanı regional əməkdaşlığın ən mühüm ölkəsi kimi görürlər. Hazırda ABŞ, Avropa İttifaqı və Çin ölkəmizlə münasibətləri dərinləşdirməyə xüsusi maraq göstərir. Avropa İttifaqı üçün Azərbaycan etibarlı alternativ enerji mənbəyi olmaqla paralel, həm də Mərkəzi Asiyaya açılan ən təhlükəsiz strateji qapıdır. Azərbaycan ABŞ üçün Avrasiyanın nəqliyyat və enerji xəritəsində balans yaradan, regional təhlükəsizliyin təminatçısı olan əvəzedilməz strateji tərəfdaşdır. O cümlədən Çin üçün də ölkəmiz qlobal "Bir kəmər, bir yol" layihəsinin ən mühüm və risklərdən uzaq coğrafi məkanıdır. Azərbaycan Cənubi Qafqaz bölgəsində Şərqlə Qərbi qarşılıqlı maraqlar müstəvisində birləşdirən və qlobal ticarət üçün riskləri minimuma endirən yeganə təhlükəsiz ölkədir. Böyük güclərin Azərbaycana marağı bəyanatlarla məhdudlaşmır, konkret layihələrdə özünü büruzə verir. Məsələn, Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində Azərbaycanın "qoca qitə"nin qaz təchizatındakı payı ilbəil artmaqdadır. "Yaşıl enerji" dəhlizi bu tərəfdaşlığı yeni müstəviyə daşıyır. Eyni zamanda rəsmi Bakı Pekinin strateji maraqları çərçivəsində Çin-Mərkəzi Asiya-Avropa marşrutunun gömrük və logistika prosedurlarını rəqəmsallaşdıran yeganə etibarlı tərəfdaş kimi çıxış edir. ABŞ isə regionda enerji marşrutlarının diversifikasiyası və terrorizmə qarşı mübarizədə Azərbaycanı Cənubi Qafqazın əvəzedilməz dayaq nöqtəsi olaraq qəbul edir.
Məlum olduğu kimi, ənənəvi şimal və cənub nəqliyyat dəhlizlərinin funksionallığını itirməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) önəmini artırıb. Azərbaycan Orta dəhlizin əsas hərəkətverici qüvvəsidir. Ölkəmizin uzun illər öncədən reallaşdırdığı infrastruktur layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, modernləşdirilmiş magistral yollar və hava limanları infrastrukturu bu gün qlobal ticarətin xilaskarına çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan Çindən çıxan yüklərin Avropaya qısa, ucuz və ən əsası təhlükəsiz şəkildə çatdırılmasını təmin edir. Qlobal təchizat zəncirinin Azərbaycandan asılı vəziyyətə gəlməsi ölkəmizin beynəlxalq təhlükəsizlik statusunu daha da gücləndirir. Ölkəmiz bütövlükdə Avrasiya məkanının mühüm siyasi-iqtisadi aktorlarından biridir. Cənubi Qafqazda yaranan yeni regional reallıqlar fonunda Azərbaycanın mövqeyi daha güclüdür. Ölkəmiz regional əməkdaşlıq gündəliyini müəyyənləşdirən aparıcı dövlətdir. Azərbaycanın irəli sürdüyü və tərəfdaş ölkələrlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli regional sabitliyə fundamental töhfə verir, eyni zamanda beynəlxalq iqtisadi inteqrasiyanın sərhədlərini genişləndirir.
Ən əsası, Prezident İlham Əliyevin yürütdüyü siyasət həm də regionda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Dünyanı bürüyən qlobal böhranlar və gərginliklər fonunda daxildəki sabitlik, xarici siyasətdəki praqmatizm və təhlükəsiz bağlantı imkanları ölkəmizin gələcək inkişafının və yüksək statusunun təminatıdır.
Süleyman Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Quşçu kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı