PDF Oxu

Siyasət

  • 1 169

“Ballast suları ilə bağlı Konvensiyaya qoşulmaq dəniz ekosisteminin qorunmasına töhfə verəcək” - Zaur Şükürov

image

“Azərbaycanın qoşulması nəzərdə tutulan "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiya dəniz mühitinin qorunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov parlamentin bugünkü növbədənkənar sessiyasında çıxışı zamanı deyib.Deputat bildirib ki, 13 fevral 2004-cü ildə Londonda imzalanan Konvensiya 8 sentyabr 2017-ci ildə qüvvəyə minib və hazırda yüzədək dövlət bu sənədin tərəfidir.Zaur Şükürov qeyd edib ki, ballast suları gəminin dayanıqlığını və təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi çənlərdə daşınan sulardır. Onun sözlərinə görə, həmin sularda olan zərərli su orqanizmləri və patogenlər bir dəniz hövzəsindən digərinə keçərək ekoloji tarazlığın pozulmasına, biomüxtəlifliyə, balıqçılığa və insan sağlamlığına mənfi təsir göstərə bilər.Deputat vurğulayıb ki, Konvensiyanın əsas məqsədi ballast suları və çöküntülər vasitəsilə zərərli orqanizmlərin yayılmasının qarşısını almaq, dəniz ekosistemini qorumaq və bu sahədə vahid beynəlxalq hüquqi çərçivə formalaşdırmaqdır.O bildirib ki, sənədə əsasən, Konvensiyanın tətbiq dairəsinə daxil olan gəmilər ballast sularının idarə olunması planına malik olmalı, aparılan əməliyyatları xüsusi uçot kitabında qeyd etməli, beynəlxalq sertifikat əldə etməli və mütəmadi yoxlamalardan keçməlidirlər. Eyni zamanda, ballast sularının idarə olunması beynəlxalq standartlara uyğun həyata keçirilməlidir.Zaur Şükürov əlavə edib ki, Konvensiyada insanların həyatının xilas edilməsi və ya gəminin təhlükəsizliyinin təmin olunması kimi hallarda ballast sularının axıdılması ilə bağlı istisnalar da nəzərdə tutulur.Deputatın sözlərinə görə, Azərbaycanın bu Konvensiyaya qoşulması ballast sularının və çöküntülərinin beynəlxalq standartlara uyğun idarə edilməsinə, dəniz ekosisteminin mühafizəsinin gücləndirilməsinə və ölkənin beynəlxalq dəniz hüququndan irəli gələn öhdəliklərinin daha səmərəli icrasına xidmət edəcək.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər