“Yerli istehsalçıların iri ticarət şəbəkələrinə çıxışında mövcud olan sistemli maneələr milli iqtisadiyyat üçün ciddi risklər yarada bilər”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü növbədənkənar sessiyasında çıxışı zamanı deyib.Deputat bildirib ki, yerli sahibkarların müraciətlərinə əsasən, məhsulların supermarket və iri ticarət şəbəkələrində satışa çıxarılması üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunur. Onun sözlərinə görə, bəzi hallarda bu ödənişlər hər filial üzrə 200 manatdan başlayaraq 1000 manata və daha yüksək məbləğlərə çatır.Razi Nurullayev qeyd edib ki, problem yalnız ödənişlərin mövcudluğu deyil, istehsalçıların hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalmasıdır. Bu isə xüsusilə kiçik və orta sahibkarların bazara çıxış imkanlarını məhdudlaşdırır.Deputat vurğulayıb ki, iri xarici istehsalçılar və idxalçılar geniş maliyyə imkanları və aşağı maya dəyəri hesabına bu xərcləri asanlıqla qarşılaya bilir, nəticədə yerli istehsalçılar qeyri-bərabər rəqabət şəraitində fəaliyyət göstərirlər.Onun sözlərinə görə, belə vəziyyət uzunmüddətli perspektivdə yerli məhsulların bazardakı payının azalmasına, kiçik və orta sahibkarlığın zəifləməsinə, istehsala investisiyaların azalmasına, yeni iş yerlərinin yaradılmasının məhdudlaşmasına və ölkənin iqtisadi, eləcə də ərzaq təhlükəsizliyinə mənfi təsir göstərə bilər.Razi Nurullayev hesab edir ki, məsələ yalnız kommersiya münasibətləri deyil, həm də dövlətin iqtisadi siyasəti və antiinhisar prinsipləri baxımından qiymətləndirilməlidir.Deputat təklif edib ki, iri ticarət şəbəkələrinin təchizatçıların qəbul şərtləri, listinq və digər ödənişləri araşdırılsın, bu ödənişlərin yerli istehsalçılara təsiri qiymətləndirilsin, məhsulların ticarət şəbəkələrinə çıxışı üçün şəffaf və vahid qaydalar müəyyən edilsin.O əlavə edib ki, yerli istehsalçılar üçün bu ödənişlərin məhdudlaşdırılması və ya tənzimlənməsi imkanları nəzərdən keçirilməli, həmçinin onların pərakəndə ticarətə çıxışını asanlaşdıracaq dəstək mexanizmləri hazırlanmalıdır.Razi Nurullayev sonda bildirib ki, məsələ ilə bağlı yerli istehsalçıların, iri ticarət şəbəkələrinin və aidiyyəti dövlət qurumlarının iştirakı ilə geniş ictimai dinləmənin keçirilməsi məqsədəuyğun olardı və bu təklifin payız sessiyasında müvafiq komitənin iş planına daxil edilməsini xahiş edib.
Müəllif: Günel Fərzəliyeva