PDF Oxu

Siyasət

  • 1 257

“Toxumçuluğun inkişafı aqrar sektorda məhsuldarlığı və özünütəminatı artıracaq” - Vüqar Bayramov

image

“Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə müəyyən etdiyi strateji hədəflər və təsdiqlədiyi 2026–2030-cu illər üzrə Dövlət Proqramı aqrar sektorun inkişafında yeni mərhələnin əsasını qoyur. Müzakirə etdiyimiz qanun layihəsi də bu istiqamətdə hüquqi bazanın gücləndirilməsinə xidmət edir”.SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü növbədənkənar sessiyasında çıxışı zamanı səsləndirib.Deputat bildirib ki, Dövlət Proqramında növbəti beş il üçün kənd təsərrüfatının inkişafı ilə bağlı konkret və ölçülə bilən hədəflər müəyyən edilib. Onun sözlərinə görə, əsas prioritetlərdən biri toxumçuluq və damazlıq potensialının inkişaf etdirilməsi, bu sahədə normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması və keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.Vüqar Bayramov qeyd edib ki, proqramda toxum istehsalının artırılması, özünütəminat səviyyəsinin yüksəldilməsi və toxumçuluq sahəsində keyfiyyətə nəzarətin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri kimi müəyyən olunub.Deputat vurğulayıb ki, beynəlxalq təcrübəyə əsasən, tərəvəz məhsullarının maya dəyərində toxum xərclərinin payı təxminən 10 faiz təşkil edir və orqanik məhsullarda bu göstərici daha yüksək olur. Bu baxımdan toxumçuluğun inkişafı həm istehsal xərclərinin azalmasına, həm də məhsuldarlığın artmasına imkan yaradır.Vüqar Bayramov bildirib ki, Azərbaycanda buğda ehtiyatı 3,343 milyon ton, istehsalı isə 1,649 milyon ton təşkil etdiyi halda, toxumluq buğda cəmi 111,4 min ton təşkil edir. Bu da toxumluq buğdanın ümumi ehtiyatlarda 3,3 faiz, istehsalda isə 6,7 faiz paya malik olduğunu göstərir.Deputat əlavə edib ki, tərəvəz məhsulları üzrə ehtiyat 2,237 milyon ton, istehsal 1,838 milyon ton olduğu halda, toxum ehtiyatı cəmi 1 063 ton təşkil edir. Bostan məhsullarında isə 490,6 min ton istehsala qarşılıq toxumluq məhsulun həcmi cəmi 290 tondur.Vüqar Bayramov qeyd edib ki, mövcud statistika toxum istehsalının artırılmasına ciddi ehtiyac olduğunu göstərir. Onun sözlərinə görə, yerli toxumçuluğun inkişafı idxaldan asılılığın azalmasına, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəlməsinə və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.Deputat sonda vurğulayıb ki, istehsalın genişləndirilməsi və idxaldan asılılığın azaldılması toxumçuluq sahəsində əsas hədəflərdən biridir və qanunvericiliyin təkmilləşdirilməsi bu məqsədlərə nail olunmasına mühüm dəstək olacaq.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər