PDF Oxu

Siyasət

  • 636

“Zəfərin izləri ilə Qarabağa səyahət” - FOTOLAR

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təşkilatçılığı ilə 11 iyul 2026-cı il tarixində Qarabağ iqtisadi rayonuna “Zəfərin izləri ilə Qarabağa səyahət” adlı səfər təşkil olunub.

Səfərin məqsədi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri başda olmaqla Ağdam, Əsgəran,Xocalı və Xankəndinin qədim tarixini, erməni vandalizminə məruz qalmış, lakin bu gün yenidən dirçələn tarixi və mədəni məkanlarını ziyarət etməklə zəngin milli irsimizin təbliğinə töhfə vermək, Yeni Azərbaycan Partiyasının gənc fəalları və üzvləri arasında dövlətçilik ənənələrini, vətənpərvərlik ruhunu və milli qürur hissini daha da gücləndirmək, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin coğrafiyasını onlara əyani şəkildə nümayiş etdirmək, rayon təşkilatının ərazi partiya təşkilatları arasında koordinasiyanı möhkəmləndirmək, partiya fəallarının dünyagörüşünü artırmaq, eləcə də dövlətimizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticələri barədə maarifləndirilməsini təmin etmək olub.

Ağdam - Əsgəran - Xocalı - Xankəndi – Şuşa marşrutu üzrə təşkil olunan səfərdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, rayon təşkilatı aparatının kollektivi, Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Partiya veteranları, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəallarından ibarət ümumilikdə 35 nəfər iştirak edib.

Səfərin ilk ünvanı Ağdam şəhəri olub. İştirakçılar şəhər gəzintisi zamanı işğal dövründə böyük dağıntılara məruz qalmış Ağdamın bu gün sürətlə yenidən qurulmasının şahidi olublar. Onlar şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastruktur layihələri və yeni salınan yaşayış məhəllələri barədə ətraflı məlumat əldə ediblər. Bildirilib ki, Ağdamın yenidən dirçəldilməsi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq siyasətinin uğurlu nəticələrini əyani şəkildə nümayiş etdirir.

Səfərin növbəti dayanacağı Əsgəran şəhəri olub. Burada iştirakçılar XVIII əsr Azərbaycan memarlığının nadir nümunələrindən hesab olunan Əsgəran qalasını ziyarət ediblər. Qalanın tarixi, memarlıq xüsusiyyətləri və Qarabağ xanlığının müdafiəsində oynadığı mühüm rol barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Əsgəran qalası Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin və qədim dövlətçilik ənənələrinin mühüm rəmzlərindən biridir.

Tanışlıq missiyası iştirakçıları daha sonra Xankəndi şəhərində olublar. Şəhər gəzintisi zamanı Xankəndidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yenilənən şəhər infrastrukturu və müasir yaşayış mühiti ilə yaxından tanış olublar. Bildirilib ki, şəhərdə reallaşdırılan layihələr bölgənin sosial-iqtisadi inkişafına, müasir şəhər mühitinin formalaşdırılmasına və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.

Daha sonra iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. İştirakçılar şəhərin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olaraq mərkəzi küçələrdə gəzinti edib, Yuxarı Gövhər Ağa məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və digər tarixi məkanları ziyarət ediblər. Onlara Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, şəhərin əvvəlki tarixi simasının bərpası istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Səfər iştirakçılarında dərin təəssürat yaradıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra olunur. Qarabağın hər guşəsində aparılan abadlıq, müasir şəhərsalma və infrastruktur layihələri bölgənin əvvəlki şöhrətinin bərpasına, əhalinin doğma yurdlarına qayıdışına və sosial-iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edir. Belə tanışlıq missiyaları gənclərin dövlətçilik ənənələrinə sadiqlik ruhunda tərbiyə olunmasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə və tarixi Zəfərimizin əhəmiyyətini daha yaxından dərk etmələrinə mühüm töhfə verir.

Digər xəbərlər