"Prezident İlham Əliyevin Laçın rayonunda “Həkəriçay” su anbarının təməlini qoyması işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər".Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.Onun sözlərinə görə, layihə hidrotexniki qurğunun inşası ilə yanaşı, həm də regionun uzunmüddətli sosial-iqtisadi inkişafına hesablanmış kompleks yanaşmanın ifadəsidir:"Su ehtiyatlarının səmərəli idarə olunması müasir dövrdə hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan “Həkəriçay” su anbarının tikintisi Laçın və ətraf ərazilərdə su təminatının yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafına, yeni əkin sahələrinin suvarılmasına və gələcəkdə iqtisadi fəaliyyətin genişlənməsinə əlavə imkanlar yaradacaq. Eyni zamanda layihə bölgədə ekoloji tarazlığın qorunmasına və su ehtiyatlarından daha rasional istifadə olunmasına xidmət edəcək.Bu təşəbbüsün digər mühüm tərəfi onun Böyük Qayıdış proqramı ilə uzlaşmasıdır. Azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin bərpası və insanların təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması üçün su təsərrüfatı obyektlərinin yaradılması əsas şərtlərdən biridir. Bu mənada “Həkəriçay” su anbarı gələcək məskunlaşma prosesinin dayanıqlı əsaslarını möhkəmləndirən strateji layihə kimi çıxış edir.Layihənin siyasi və simvolik əhəmiyyəti də diqqətdən kənarda qalmır. Uzun illər işğal altında qalmış ərazilərdə iri infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın həmin ərazilərdə dövlət idarəçiliyini, iqtisadi fəallığını və inkişaf modelini ardıcıl şəkildə reallaşdırdığını nümayiş etdirir. Bu, eyni zamanda dövlətin bölgənin gələcəyinə yönəlmiş uzunmüddətli investisiya siyasətinin göstəricisidir.Beləliklə, “Həkəriçay” su anbarının təməlinin qoyulması iqtisadi inkişaf, ərzaq təhlükəsizliyi, su resurslarının idarə olunması, ekoloji dayanıqlılıq və məcburi köçkünlərin qayıdışı kimi bir-biri ilə əlaqəli strateji məqsədlərə xidmət edən mühüm dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Layihənin uğurla reallaşdırılması Laçın rayonunun və ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonunun inkişaf potensialını daha da artıracaq".
Müəllif: Günel Fərzəliyeva