PDF Oxu

Siyasət

  • 1 148

Şuşadan verilən strateji mesaj

image

“IV Şuşa Qlobal Media Forumu artıq təkcə media nümayəndələrinin fikir mübadiləsi apardığı platforma deyil. Bu Forum son illərdə Azərbaycanın beynəlxalq gündəliyini formalaşdırdığı, regional və qlobal proseslərlə bağlı baxışlarını dünya ictimaiyyətinə çatdırdığı siyasi tribunaya çevrilib. Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlər də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, dövlət başçısının çıxışı ayrı-ayrı hadisələrə münasibətdən daha çox, Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığın siyasi izahı idi. Əslində, Forumda səslənən fikirlər son illərdə həyata keçirilən siyasətin məntiqi davamı olmaqla yanaşı, ölkənin yaxın perspektiv üçün prioritetlərini də aydın şəkildə ortaya qoydu.” Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki,Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Qarabağın artıq postmünaqişə dövrünün deyil, inkişaf və quruculuq mərhələsinin simvoluna çevrilməsi idi. Təsadüfi deyil ki, dövlət başçısı Forumun əsas məqsədlərindən biri kimi xarici media nümayəndələrinin Qarabağda baş verən dəyişiklikləri öz gözləri ilə görməsini qeyd etdi. Bu gün xarici jurnalistlər dağıdılmış şəhərləri deyil, bərpa olunan yaşayış məntəqələrini, doğma torpaqlarına qayıdan insanları və həyata keçirilən genişmiqyaslı quruculuq işlərini müşahidə edirlər. Bu, təkcə tikinti prosesi deyil. Bu, Azərbaycanın uzun illər davam edən münaqişədən sonra yaratdığı yeni siyasi reallığın beynəlxalq auditoriyaya nümayişidir. Məhz buna görə Şuşa artıq yalnız tarixi-mədəniyyət mərkəzi deyil, həm də beynəlxalq siyasi dialoqun mühüm ünvanlarından birinə çevrilməkdədir.
Çıxışın əsas xəttini təşkil edən digər mühüm istiqamət Azərbaycanın geoiqtisadi imkanlarının genişlənməsi idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, tranzit dövlət statusu coğrafiyanın verdiyi üstünlüklə yanaşı, düşünülmüş xarici siyasətin və uzunmüddətli investisiyaların nəticəsidir. Son iyirmi ildə həyata keçirilən enerji və nəqliyyat layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması, dəmir yolu infrastrukturunun yenilənməsi, beynəlxalq hava limanlarının tikintisi və Xəzər hövzəsində formalaşdırılan logistika imkanları bu strategiyanın əsas elementləridir. Bugünkü geosiyasi şərait isə həmin strategiyanın düzgün hesablandığını göstərir. Qlobal nəqliyyat marşrutlarının dəyişdiyi, yeni logistika zəncirlərinin formalaşdığı dövrdə Azərbaycan artıq alternativ deyil, etibarlı tranzit mərkəzi kimi qəbul olunur. Prezident İlham Əliyevin liman imkanlarının genişləndirilməsi, yeni gəmilərin inşası və Orta Dəhlizin inkişafı ilə bağlı fikirləri də məhz bu strateji xəttin davamıdır. Forum zamanı dövlət başçısının Cənubi Qafqazla bağlı səsləndirdiyi fikirlər isə regionun gələcəyinə dair siyasi baxışın mahiyyətini ortaya qoydu. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra region əvvəlki Cənubi Qafqaz deyil. Azərbaycanın suverenliyinin tam bərpası təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun siyasi xəritəsi baxımından yeni mərhələnin başlanğıcıdır. Bu baxımdan Prezidentin “köhnə metodologiyalar artıq işləmir” fikri xüsusi diqqət çəkir. Həqiqətən də, uzun illər regiona münaqişə prizmasından yanaşan siyasi mərkəzlər bu gün tamamilə fərqli reallıqla üz-üzədirlər. Azərbaycanın yaratdığı yeni vəziyyət Cənubi Qafqazı geosiyasi qarşıdurma məkanından iqtisadi əməkdaşlıq platformasına çevirmək imkanını ortaya çıxarıb. Bunun üçün isə ilk növbədə region ölkələrinin milli maraqlarına hörmət edilməli, xarici güclərin rəqabəti əməkdaşlığı əvəz etməməlidir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən digər mühüm məqam Azərbaycanın müstəqil xarici siyasət kursunun bir daha təsdiqlənməsi oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan heç vaxt geosiyasi intriqələrin iştirakçısı olmayıb və bundan sonra da hər hansı güc mərkəzinin alətinə çevrilmək niyyətində deyil. Əslində, son illərdə Bakının müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi mövqe də məhz bu prinsip üzərində qurulub. Bu siyasət Azərbaycanın həm Qərb, həm Şərq, həm də region dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına imkan verib. Məhz buna görə bu gün müxtəlif ölkələr Bakıya etibarlı tərəfdaş və dialoq platforması kimi yanaşırlar. Prezident İlham Əliyevin Azərbaycanın vasitəçilik imkanları barədə söylədiyi fikirlər də məhz bu etimad mühitinin formalaşmasının nəticəsi kimi qiymətləndirilməlidir.
Forumda Türk dünyası ilə əməkdaşlıq məsələsinə verilən geniş yer də təsadüfi deyildi. Prezident İlham Əliyevin Özbəkistan və Qazaxıstanla həyata keçirilən layihələrə xüsusi diqqət yetirməsi göstərir ki, Bakı türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsini xarici siyasətin prioritet istiqamətlərindən biri hesab edir. Qarabağın bərpasında qardaş ölkələrin iştirakının xüsusi vurğulanması isə siyasi həmrəyliyin artıq konkret iqtisadi və humanitar layihələrlə möhkəmləndiyini göstərir.
Çıxışın mühüm siyasi mesajlarından biri də Azərbaycanın milli təhlükəsizlik konsepsiyası ilə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, ölkə daxilində sabitlik təmin olunub və əsas risklər xarici amillərlə bağlıdır. Bu baxımdan dövlət başçısının cəmiyyətin birliyi, milli həmrəylik və dövlətə inamla bağlı fikirləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın son illərdə əldə etdiyi uğurlar göstərdi ki, milli maraqlar ətrafında formalaşan birlik ölkənin ən böyük strateji üstünlüyüdür. Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı müraciətin əsas ideyası da məhz bundan ibarət idi. Dövlət başçısı vurğuladı ki, müstəqillik daimi məsuliyyət tələb edir. Güclü dövlət yalnız iqtisadi göstəricilər və ya hərbi potensialla deyil, ilk növbədə milli birlik, siyasi iradə və dövlətçilik ənənələrinə sədaqətlə qorunur.
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq gündəmi izləyən deyil, onu müəyyən edən ölkələr sırasındadır. Prezident İlham Əliyevin çıxışı isə bu yeni mərhələnin siyasi konturlarını aydın şəkildə ortaya qoydu. Qarabağın bərpasından başlayaraq regional əməkdaşlıq modelinədək, nəqliyyat-kommunikasiya layihələrindən milli təhlükəsizlik məsələlərinədək bütün istiqamətlər vahid strateji məqsədə xidmət edir – güclü, müstəqil və regional proseslərə təsir göstərən Azərbaycan dövlətinin mövqeyini daha da möhkəmləndirmək.
Şuşadan verilən bu mesajların əsas mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycan artıq öz geosiyasi çəkisini yalnız iqtisadi və hərbi imkanları ilə deyil, etibarlı tərəfdaş, məsuliyyətli dövlət və təşəbbüskar regional aktor kimi formalaşdırdığı siyasi nüfuz vasitəsilə də təsdiqləyir - deyə, Pərvin Kərimzadə vurğulayıb.

Digər xəbərlər