PDF Oxu

Siyasət

  • 1 220

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla yeni uğurlara doğru inamla addımlayır - ŞƏRH

image

Məlum olduğu kimi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin respublikamızda birinci dəfə hakimiyyətə gəlməsindən 57 il keçir. 57 il bundan öncə ölkəmizin gələcəyi üçün yaradılan möhkəm təməl Azərbaycanın hazırda qalib ölkə kimi təqdimatında əhəmiyyətli rol oynadı. Bu baxımdan ki, hələ 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyev respublikamızın xoşbəxt gələcəyi istiqamətində biri-birindən mühüm addımlar atdı, ən əsası həmin vaxtdan başlayaraq milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında oldu.
Qeyd edək ki, Azərbaycan gəncinin daha savadlı, yüksək dünyagörüşünə malik, vətənpərvər şəxsiyyət kimi yetişməsi istiqamətində atılan davamlı addımlar sırasında hərbi kadrların hazırlanmasına xidmət edən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasını da xüsusi qeyd edə bilərik. Minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Hansı ki, həmin gənclərin əksəriyyəti sonrakı dövrlərdə müstəqil Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verdilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrü, 1969-1982-ci illərdəki fəaliyyəti zəngin təcrübə xəzinəsi kimi dəyərləndirilir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaratdı. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu yüksək qiymətləndirən Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıdan biri-birindən əhəmiyyətli addımlarının şahidi olarıq. Belə ki, hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış aqrar respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar, üfüqlər açdı.
Onu da qeyd edək ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnmələri məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən möhtəşəm uğurlar Ümummilli Liderin əzmkar fəaliyyətinin nəticəsidir. Vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə sonuncu yerlərdə idi.
Xüsusilə qeyd edək ki, Ümummilli Liderin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində 1982-ci ildə Azərbaycan artıq Ümumittifaq miqyasında qabaqcıl yerlərdə dayanırdı. Ümummilli Liderin o vaxt gördüyü işlər sayəsində həm ağır sənaye, həm kənd təsərrüfatı, həm də yüngül sənaye sahələri böyük dərəcədə inkişaf etdi, fəaliyyətləri canlandırıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinin miqyasından bəhs edərkən müstəqilliyimizin yenidən bərpasının ilk illərində yaşananları yada salmaq kifayətdir. Yeri gəlmişkən, ümumi mənzərə Azərbaycan adlı dövlətin varlığının sual altında olmasından, müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üzləşməsindən ibarət idi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra başladı. Dahi rəhbərimiz hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün yaratdığı möhkəm təməli daha da inkişaf etdirərək ölkəmizin hərtərəfli inkişafını təmin etdi. Ölkədə sabitliyin yaradılması normal biznes mühitinin formalaşdırılmasını, ən əsası Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsini şərtləndirdi. Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı, Azərbaycanın dünyaya Günəş kimi doğması artıq reallığa çevrildi. Ulu Öndər Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə ölkəmizin hərtərəfli inkişafını təmin etdi. Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasını təmin etməklə mühüm sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsinə stimul verdi. Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri Dövlət Neft Fondunun şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi təqdimatına işıq salır. Azərbaycan hazırda neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafında qazandığı uğurlarla beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Ölkəmizin artan iqtisadi gücü, iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin etməsi siyasi çəkisinin günbəgün artmasında, yeni dostlar qazanmasında da özünü aydın şəkildə büruzə verir. 57 il bundan əvvəl - 1969-cu ilin 14 iyulunda qoyulan Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir, ölkəmiz ən yüksək zirvələri fəth edir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərindən öncə cənab İlham Əliyevə inamını özündə əks etdirən xalqa müraciətində qeyd olunan çağırışların hər biri reallıqla vəhdət təşkil edir. Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyatın qurulması, müasir ordunun formalaşdırılması və milli maraqlara əsaslanan siyasətin nəticəsi olaraq Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir.
Ən əsası, bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi siyasi, iqtisadi və hərbi baxımdan mövqeyini daha da möhkəmləndirir. Əldə olunan uğurların əsasında isə 1969-cu il iyulun 14-də başlanan inkişaf kursu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi dayanır!

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Digər xəbərlər