Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzunu, qlobal media dialoquna verdiyi töhfəni və müasir dövrün çağırışlarına münasibətini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən forum informasiya təhlükəsizliyi, media məsuliyyəti və qlobal əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrildi.
Forumun əsas hadisəsi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı və beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlara söykənən xarici siyasətinin, regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş qətiyyətli mövqeyinin, eləcə də beynəlxalq münasibətlər sistemində ölkəmizin artan rolunun bariz ifadəsi idi.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq hüququ rəhbər tutan və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətdir. Ölkəmiz qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və etibarlı tərəfdaşlıq münasibətlərinə sadiqdir. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir və onu regionun aparıcı dövlətlərindən birinə çevirir.
Dövlət başçısı azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə də xüsusi diqqət çəkdi. Qısa müddət ərzində həyata keçirilən infrastruktur layihələri, müasir yaşayış məntəqələrinin salınması, təhsil, səhiyyə və digər sosial obyektlərin tikintisi Azərbaycanın iqtisadi gücünü, xalqın iradəsini və dövlətimizin inkişaf strategiyasının uğurunu nümayiş etdirir. Bu gün Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi tarixi Zəfərimizin yaratdığı yeni reallıqların ən parlaq təzahürüdür.
Prezident İlham Əliyev informasiya məkanında obyektivliyin, peşəkar jurnalistikanın və məsuliyyətli media fəaliyyətinin əhəmiyyətini də önə çəkdi. Müasir dövrdə informasiya təkcə xəbər mənbəyi deyil, həm də ictimai rəyin formalaşmasına təsir göstərən mühüm vasitədir. Bu baxımdan həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması, dezinformasiyaya qarşı mübarizə və jurnalistikanın etik prinsiplərinə sadiqlik hər bir media nümayəndəsinin əsas vəzifələrindəndir.
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan beynəlxalq dialoq üçün etibarlı və nüfuzlu platformaya çevrilmişdir. Forum çərçivəsində səsləndirilən fikirlər ölkəmizin regional və qlobal proseslərdə fəal iştirakını, sülh təşəbbüslərini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqlədi.
Şuşa artıq təkcə mədəniyyət paytaxtımız deyil, həm də siyasi, diplomatik və media dialoqunun mühüm mərkəzidir. Buradan dünyaya verilən mesaj aydındır: Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş və qlobal əməkdaşlığın fəal iştirakçısı kimi beynəlxalq münasibətlər sistemində öz layiqli yerini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın gələcək inkişaf prioritetlərini, milli maraqlarını və beynəlxalq əməkdaşlıq istiqamətində qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Bu çıxış ölkəmizin müstəqil siyasətinin, güclü dövlətçilik ənənələrinin və milli həmrəyliyinin növbəti təsdiqi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən mühüm siyasi mesaj kimi tarixə düşəcəkdir.
Nihal Hacıyeva
Bakı şəhəri M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbin direktoru, YAP Nərimanov rayon təşkilatı üzrə Ərazi Partiya Təşkilatının (ƏPT) sədri