IV Şuşa Qlobal Media Forumu növbəti dəfə sübut etdi ki, bu platforma artıq yalnız media nümayəndələrinin peşəkar müzakirələr apardığı tədbir deyil. Son illər Forum Azərbaycanın beynəlxalq mövqeyinin, regional proseslərə baxışının və qlobal gündəmlə bağlı strateji yanaşmalarının dünya ictimaiyyətinə çatdırıldığı mühüm siyasi platformaya çevrilib. Müxtəlif ölkələrdən yüzlərlə jurnalistin, ekspertin və media rəhbərinin iştirak etdiyi tədbir həm informasiya mübadiləsi, həm də beynəlxalq siyasi dialoq baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərin çoxsaylı suallarını cavablandırarkən səsləndirdiyi fikirlər isə təkcə cari hadisələrə münasibətin ifadəsi deyildi. Dövlət başçısının çıxışı Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu siyasətin nəticələrinin siyasi təhlili, regionda formalaşan yeni geosiyasi düzənin mahiyyətinin izahı və ölkənin qarşıdakı dövr üçün prioritet istiqamətlərinin təqdimatı kimi qiymətləndirilə bilər. Səsləndirilən mesajlar göstərdi ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, onların istiqamətini müəyyənləşdirən əsas aktorlardan biridir.
Çıxışın mərkəzində dayanan əsas mövzulardan biri Qarabağda postmünaqişə mərhələsinin tamamilə yeni inkişaf mərhələsi ilə əvəz olunması idi. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Forumun Şuşada keçirilməsinin əsas məqsədlərindən biri xarici media nümayəndələrinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərini yerində görmələrinə şərait yaratmaqdır. Bu gün beynəlxalq jurnalistlər işğalın dağıdıcı izlərini deyil, sürətlə bərpa olunan şəhərləri, yenidən salınan kəndləri, müasir infrastruktur layihələrini və doğma yurdlarına qayıdan insanların həyatını müşahidə edirlər.
Əslində, Qarabağda həyata keçirilən bərpa prosesi yalnız tikinti və abadlıq layihələri ilə məhdudlaşmır. Burada formalaşan yeni mənzərə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan qələbəsinin, dövlətin iqtisadi imkanlarının və siyasi iradəsinin real nəticəsidir. Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də məhz bu yeni reallığın ən aydın göstəricilərindən biridir. Tarixi və mədəni əhəmiyyətini qorumaqla yanaşı, Şuşa artıq beynəlxalq siyasi dialoqun, fikir mübadiləsinin və regional əməkdaşlığın nüfuzlu ünvanlarından birinə çevrilir.
Forumda geniş yer alan digər mühüm istiqamət Azərbaycanın geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsi idi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkənin tranzit mərkəzinə çevrilməsi təsadüfi deyil. Bu status uzun illər ərzində həyata keçirilən uzaqgörən dövlət siyasətinin, iri infrastruktur layihələrinə yatırılan investisiyaların və düşünülmüş xarici iqtisadi strategiyanın nəticəsidir. Son iki onillikdə enerji dəhlizlərinin yaradılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, dəmir yolu şəbəkəsinin müasirləşdirilməsi, beynəlxalq hava limanlarının tikintisi və Xəzər hövzəsində logistika imkanlarının genişləndirilməsi Azərbaycanın nəqliyyat xəritəsində xüsusi yer tutmasına şərait yaradıb.
Mövcud geosiyasi proseslər də göstərir ki, bu strateji yanaşma özünü tam doğruldur. Dünyada nəqliyyat marşrutlarının yenidən formalaşdığı, yeni logistika zəncirlərinin meydana çıxdığı bir vaxtda Azərbaycan artıq alternativ seçim deyil, etibarlı və sabit tranzit qovşağı kimi qəbul edilir. Prezident İlham Əliyevin liman imkanlarının artırılması, yeni yük gəmilərinin istismara verilməsi və Orta Dəhlizin inkişafı ilə bağlı açıqlamaları Azərbaycanın bu sahədə mövqeyini daha da gücləndirmək niyyətini açıq şəkildə nümayiş etdirdi.
Dövlət başçısının Cənubi Qafqazın gələcəyinə dair səsləndirdiyi fikirlər də xüsusi siyasi məna daşıyırdı. Prezident İlham Əliyev vurğuladı ki, İkinci Qarabağ müharibəsindən sonra region tamamilə yeni mərhələyə qədəm qoyub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi Cənubi Qafqazın siyasi mənzərəsini köklü şəkildə dəyişdirib. Bu baxımdan Prezidentin "köhnə yanaşmalar artıq öz aktuallığını itirib" fikri regionda baş verən dəyişikliklərin əsas mahiyyətini ifadə edir.
Uzun illər ərzində Cənubi Qafqaza münaqişə və qarşıdurma prizmasından yanaşan beynəlxalq siyasi dairələr bu gün tamamilə fərqli reallıqla hesablaşmağa məcburdurlar. Azərbaycan yeni geosiyasi vəziyyət formalaşdırmaqla regionun əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı faydalı tərəfdaşlıq məkanına çevrilməsi üçün real imkan yaradıb. Bunun əsas şərti isə region dövlətlərinin milli maraqlarına hörmət göstərilməsi və xarici rəqabət elementlərinin əməkdaşlığa mane olmamasıdır.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən istiqamətlərdən biri də Azərbaycanın müstəqil xarici siyasət kursunun dəyişməzliyi oldu. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycan heç bir geosiyasi blokun aləti olmayıb və gələcəkdə də yalnız milli maraqlarına uyğun siyasət yürütməyə davam edəcək. Məhz bu prinsipial mövqe ölkəyə müxtəlif beynəlxalq güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurmağa imkan verib.
Bu gün Azərbaycanın həm Şərq, həm Qərb, həm də region dövlətləri ilə etibarlı tərəfdaş kimi qəbul olunması məhz balanslaşdırılmış və praqmatik xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq münaqişələrdə vasitəçilik təşəbbüsləri və dialoq imkanları barədə səsləndirdiyi fikirlər də ölkənin qazandığı beynəlxalq etimadın göstəricisidir. Bakı artıq yalnız regional deyil, daha geniş beynəlxalq platformalarda da etibarlı dialoq məkanı kimi qəbul olunur.
Forum çərçivəsində Türk dünyası ilə əməkdaşlıq məsələlərinin geniş şəkildə gündəmə gətirilməsi də strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin Özbəkistan, Qazaxıstan və digər qardaş dövlətlərlə həyata keçirilən ortaq layihələri xüsusi vurğulaması göstərir ki, Türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar inteqrasiyanın gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Qarabağın bərpasında dost və qardaş ölkələrin iştirak etməsi isə həmrəyliyin artıq konkret layihələr və ortaq inkişaf proqramları vasitəsilə möhkəmləndiyini nümayiş etdirir.
Çıxışın mühüm hissələrindən biri də milli təhlükəsizlik və daxili sabitlik məsələlərinə həsr olundu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda ictimai-siyasi sabitlik tam təmin olunub və əsas çağırışlar xarici amillərlə bağlıdır. Dövlət başçısı milli birliyin, həmrəyliyin və dövlətçilik ənənələrinə sadiqliyin ölkənin təhlükəsizliyinin əsas təminatçısı olduğunu xüsusi vurğuladı. Son illərin uğurları da sübut edir ki, xalqın milli maraqlar ətrafında sıx birləşməsi Azərbaycanın ən böyük strateji üstünlüklərindən biridir.
Prezident İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı mesajın əsas ideyası ondan ibarət idi ki, müstəqillik yalnız əldə olunan siyasi nailiyyət deyil, daim qorunmalı və möhkəmləndirilməli olan milli dəyərdir. Güclü dövlət iqtisadi inkişaf, müasir ordu və siyasi nüfuzla yanaşı, ilk növbədə cəmiyyətin birliyi, vətəndaş məsuliyyəti və milli maraqlara sadiqlik üzərində qurulur.
Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər Azərbaycanın yaxın illər üçün inkişaf strategiyasının əsas konturlarını aydın şəkildə müəyyənləşdirdi. Qarabağın sürətli bərpası, geoiqtisadi imkanların genişləndirilməsi, Orta Dəhlizin inkişafı, Türk dünyası ilə inteqrasiyanın dərinləşdirilməsi, müstəqil xarici siyasətin davam etdirilməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi vahid strateji xəttin ayrılmaz tərkib hissələridir.
Şuşadan dünya ictimaiyyətinə ünvanlanan mesajların əsas mahiyyəti isə aydındır: Azərbaycan öz siyasi nüfuzunu artıq yalnız iqtisadi potensialı və hərbi gücü ilə deyil, etibarlı tərəfdaş, məsuliyyətli dövlət, təşəbbüskar regional lider və beynəlxalq əməkdaşlığın fəal iştirakçısı kimi möhkəmləndirir. Məhz bu reallıq ölkənin artan geosiyasi çəkisinin və beynəlxalq nüfuzunun ən mühüm göstəricisidir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri