PDF Oxu

Siyasət

  • 1 257

“Sammitdə Ukrayna məsələsi yenə də əsas siyasi gündəlik mövzusu olaraq qaldı“ - ŞƏRH

image

“Ankarada keçirilən NATO-nun 36-cı Zirvə Toplantısı yalnız Alyansın növbəti sammiti deyil, həm də beynəlxalq təhlükəsizlik sistemində baş verən struktur dəyişikliklərinin siyasi və hərbi istiqamətlərini müəyyənləşdirən mühüm platforma kimi qiymətləndirilə bilər. Sammitin yekun Bəyannaməsi göstərir ki, NATO artıq yalnız mövcud təhlükələrə reaksiya verən müdafiə ittifaqı deyil, həm də dəyişən geosiyasi reallıqlara uyğun yeni təhlükəsizlik modelini formalaşdırmağa çalışan qlobal aktor kimi çıxış edir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən yanaşdıqda, sammitin əsas siyasi mesajı Alyansın kollektiv müdafiə prinsipinə sarsılmaz sadiqliyinin növbəti dəfə təsdiqlənməsi oldu:”Yekun Bəyannamədə Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə xüsusi yer ayrılaraq, “bir üzvə qarşı hücumun bütün üzvlərə qarşı hücum hesab edilməsi” prinsipinin NATO-nun təhlükəsizlik fəlsəfəsinin dəyişməz əsası olduğu vurğulanır.Son illərdə ABŞ-nin Avropanın təhlükəsizliyində rolunun yenidən bölüşdürülməsi, Avropa ölkələrinin müdafiə məsuliyyətinin artırılması və transatlantik münasibətlər ətrafında gedən müzakirələr fonunda bu bəyanat, ilk növbədə, Alyans daxilində siyasi birliyin qorunduğunu nümayiş etdirmək məqsədi daşıyırdı.Ankara sammitinin ən mühüm nəticələrindən biri də NATO-nun çəkindirmə strategiyasının keyfiyyətcə yeni mərhələyə keçməsinin rəsmən elan olunmasıdır. Əgər əvvəlki illərdə əsas diqqət hərbi qüvvələrin sayına və müdafiə büdcəsinin artırılmasına yönəlirdisə, hazırda prioritet texnoloji üstünlüyün təmin edilməsinə verilir. Bu yanaşma müdafiə sənayesinin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, pilotsuz sistemlərin inkişafı, kibermüdafiə imkanlarının artırılması və müdafiə istehsalının sürətləndirilməsi kimi istiqamətləri özündə birləşdirən “NATO 3.0” konsepsiyasının əsasını təşkil edir.Rəqəmlər də bu transformasiyanın miqyasını aydın şəkildə göstərir. NATO-nun rəsmi məlumatına görə, Avropa müttəfiqləri və Kanada 2025-ci ildə əsas müdafiə ehtiyaclarına yönəlik investisiyalarını əvvəlki illə müqayisədə 139 milyard ABŞ dollarından çox artırıblar. Ankara Sammiti çərçivəsində isə 50 milyard ABŞ dollarından artıq yeni müdafiə satınalmaları elan edildi. Bundan əlavə, 27 milyard avro həcmində investisiya hesabına Alyansın yanacaq təminatı infrastrukturunun modernləşdirilməsi, eləcə də növbəti beş il ərzində pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin inkişafına 40 milyard ABŞ dolları həcmində vəsait ayrılması qərara alındı.Bu göstəricilər NATO-nun müdafiə siyasətinin artıq yalnız hərbi qüvvələrin sayına deyil, həm də sənaye potensialına, texnoloji innovasiyalara və istehsal imkanlarına söykəndiyini nümayiş etdirir.Sammitdə Ukrayna məsələsi yenə də əsas siyasi gündəlik mövzusu olaraq qaldı. NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro həcmində hərbi texnika, təlim və təhlükəsizlik yardımı göstərilməsi barədə öhdəlik götürdülər. Həmçinin 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyin davam etdiriləcəyi bəyan edildi.Rusiya məsələsi Ankara Bəyannaməsində əvvəlki sammitlərlə müqayisədə daha sistemli şəkildə təqdim olunur. Sənəddə Rusiya “Avro-Atlantik təhlükəsizliyi üçün uzunmüddətli təhlükə” kimi xarakterizə edilir. Bu ifadə NATO-nun Moskva ilə münasibətlərdə qısamüddətli böhran yanaşmasından imtina edərək uzunmüddətli strateji çəkindirmə modelinə keçdiyini göstərir. Beləliklə, Alyans artıq Ukrayna müharibəsini ayrıca regional münaqişə kimi deyil, Avropanın gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək əsas geosiyasi amil kimi qiymətləndirir.Diqqət çəkən digər məqam NATO-nun təhlükəsizlik anlayışının coğrafi baxımdan genişlənməsidir. Ankara Bəyannaməsində İranın nüvə silahına malik olmamasının vacibliyi xüsusi vurğulanır. Eyni zamanda, Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə çağırış edilir. Bu yanaşma göstərir ki, NATO Orta Şərqdə baş verən prosesləri artıq Avro-Atlantik təhlükəsizliyindən ayrı qiymətləndirmir. Enerji marşrutlarının təhlükəsizliyi, dəniz kommunikasiyalarının qorunması və regional sabitlik Alyansın yeni təhlükəsizlik konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilir.Sammitin geosiyasi baxımdan diqqət çəkən nəticələrindən biri də Türkiyənin Alyans daxilində artan strateji rolunun təsdiqlənməsi oldu. Zirvə görüşünün Ankarada keçirilməsi, NATO Müdafiə Sənayesi Forumunun da burada təşkil olunması və qəbul edilən qərarların mühüm hissəsinin müdafiə sənayesi ilə bağlı olması göstərir ki, Türkiyə artıq NATO-nun cənub cinahının təhlükəsizliyini təmin edən dövlət olmaqla yanaşı, müdafiə sənayesi, regional diplomatiya və logistika imkanları baxımından da Alyansın əsas strateji dayaqlarından birinə çevrilib. Bu, Türkiyənin beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin artmasının növbəti göstəricisidir”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər