PDF Oxu

Siyasət

  • 743

Tramp Administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır

image

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi və forum iştirakçılarının suallarını cavablandırması mühüm hadisə kimi yadda qalmaqla bərabər, həm də ölkə və xarici mediada əks-səda yaradıb.

Forumda dövlətimizin başçısına verilən maraqlı suallardan biri də Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunusun ABŞ ilə münasibətlərlə və 907-ci düzəlişlə bağlı olub. Uzun illər boyu 907-ci düzəlişi dəstəkləyən ABŞ Konqresi ilə Azərbaycan arasındakı münasibətlər bu gün yaxşı vəziyyətdədir. Belə olan təqdirdə həqiqətən də belə bir sualın dövlət başçısı tərəfindən cavablandırılmasını maraqla dinlədik. Siyasi iradəyə, gücə, uzaqgörən düşüncəyə əsaslanan cavab kiçik dövlətlə nəhəng dövlət arasında münasibətlərin tənzimlənməsi fonunda əldə edilən uğurların real nəticələrinin xrakterizəsi oldu.

Dövlətimizin başçısı birinci 907-ci düzəlişdən başlayaraq dəyərli fikirlərini bildirdi: Birincisi, 907-ci düzəliş haqqında deyim. Siz onu çox yaxşı bilirsiniz. Bəlkə də hər kəs onunla tanış deyil. Bu, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə çox ədalətsiz addımı idi. O vaxt, Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi Azadlığa Dəstək Aktını qəbul etdi və 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdür. Yeri gəlmişkən, Prezident Bayden onlardan biri idi. Həmin vaxt o, senator idi və ola bilsin, bu göstərir ki, nəyə görə bizim Bayden administrasiyası ilə bu qədər çox çətinliklərimiz oldu.

Buna səbəb təsvir edildiyi kimi, Azərbaycanın Ermənistana qarşı blokadası idi. İlk olaraq bu, düz deyil. Biz Ermənistanı blokadaya almamışıq. Ermənistan ərazimizi işğal edib və işğal olunmuş ərazilər məhz Ermənistan ilə Azərbaycan arasında yerləşir. Beləliklə, işğal olmasaydı, blokada, həmçinin olmazdı.

İkincisi, bunu həmin vaxt görmək bizim üçün, əlbəttə, ağrılı idi, çünki ölkə çox yoxsul idi. Biz yeganə keçmiş sovet respublikası idik ki, ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qaldıq. Bu gün həmin düzəliş tamamilə köhnəlib. Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı.

İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar.

44 günlük Vətən müharibəsindən sonra reallaşan tədbirlərdən danışan dövlətimizin başçısı vurğulayıb ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir. Prezident Trampın qəti mövqeyinə baxmayaraq, əfsuslar ki, vəziyyət olduğu kimi qalır. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı Ağ Evdə Prezident Tramp mənim iştirakımla həmin düzəlişin qüvvəsinin növbəti bir il üçün dayandırılması ilə bağlı sənədi imzaladı və o, hazırda işləmir, lakin onun rəmzi mənası, siyasi mənası hələ də qalır.

Prezident İlham Əliyev 907-ci düzəlişin Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olacağını, nəticə etibarilə artıq ayrı-seçkiliyə məruz qalmayacağımızı, ABŞ Konqresinin isə bunula məsuliyyəti, səhvləri etiraf etmək bacarığını, cari geosiyasi vəziyyətə uyğun hərəkət etdiyini göstərəcəyini düşündüyünü ifadə edərək bildirib: Ümid edirik, bunlar baş verəcək. Amma yenə də sizə deyə bilərəm ki, bu günün Administrasiyası ilə həmin 907-ci düzəliş hər hansı mənfi təsirə malik deyil.

ABŞ ilə Azərbaycan arasında münasibətlərə gəlincə isə, dövlət başçısı, həmin münasibətlərin Tramp Administrasiyası ilə Azərbaycan arasında əla olduğunu bildiridi: Biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.

Prezidentimiz xüsusən də yaradılan işçi qrupların ticarət və sərmayələr, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və hərbi məhsulların satışı üzərində çox fəal şəkildə çalışdığını, Birləşmiş Ştatların Azərbaycana silah təchizatına dair bütün embarqonu aradan qaldırdığını və bundan dərhal sonra eyni addımların Birləşmiş Krallıq və Avropa İttifaqının digər üzvləri tərəfindən atıldığını vurğulayaraq bütün bunların ikitərəfli münasibətlərin mahiyyətini, formasını və gələcək üçün potensialını çox yaxşı xarakterizə etdiyini düşündüyünü bildirib.

Beləliklə, MDB ölkələri arasında Azərbaycanın bugünkü mövqeyi həqiqətən ürəkaçandır. ABŞ kimi nəhəng güclə, xüsusilə də 907-ci düzəlişi 30 il təqdir edən Konqresə məxsus ölkə ilə münasibətlərin əla vəziyyətə çatdırılması, əlbəttə, dövlətimizin başçısının uzaqgörən siyasətinin, yüksək erudisiyaya malik olmasının nəticəsidir. Bütün bunların fonunda isə 907-ci düzəlişin də yaxın gələcəkdə ləğvi sözsüzdür.

Mətanət Məmmədova

Digər xəbərlər