PDF Oxu

Siyasət

  • 982

"14 iyul 1969-cu il – Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixi"

image

14 iyul 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə əlaqədar "14 iyul 1969-cu il – Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixi" mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov bildirdi ki, 14 iyul 1969-cu il Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin inkişaf və tərəqqisinin əsasını qoyan əlamətdar tarixdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmlənmiş, xalqın milli birliyi və gələcəyə inamı daha da güclənmişdir. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə mühüm nailiyyətlər qazanaraq suverenliyini daha da möhkəmləndirir və beynəlxalq aləmdə nüfuzunu artırır.
Çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Səidə Abasova qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz davamlı inkişaf edir, əldə olunan uğurlar isə Azərbaycanın qüdrətinin və müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Daha sonra çıxış edənlər Quba şəhər Mehrab Niftəliyev adına Texniki Təmayüllü Liseyin tarix müəllimi Elxan Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun Quba Təcrübə Bazasının aparıcı elmi işçisi Dilşad Bayramova, Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbin direktoru Yavuşva Simanduyev, Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, partiya veteranı Mirkazım Cəfərov, Quba şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Anar Murtuzov və Quba şəhəri, Heydər Əliyev prospekti 139 ünvanında yerləşən (Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi) ərazi partiya təşkilatının sədri Saməddin Nəsirov qeyd etmişlər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyevin xidmətləri və siyasi irsi müstəsna yer tutur. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın inkişafının yeni mərhələsinin başlanğıcı, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Ulu Öndər Heydər Əliyev tərəfindən 1969-cu il 14 iyul tarixində təməli qoyulmuş müasir Azərbaycan bu gün Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, gərgin əməyi və qətiyyəti sayəsində daha da inkişaf edir, tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda özünün ən qüdrətli inkişaf dövrünü yaşayır və ölkəmizdə genişmiqyaslı islahatlar uğurla davam etdirilir.
Sonra Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş I Qarabağ müharibəsi şəhidi David Əliyevin anası Rayisə Əliyevaya, Vətən müharibəsi şəhidi Rahim Mikayılovun həyat yoldaşı Nurxanım Mikayılovaya və II Nügədi kənd sakini Murad Əhmədova üzvlük vəsiqələri təqdim edildi.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.

Digər xəbərlər