PDF Oxu

Siyasət

  • 595

Azərbaycanın artan beynəlxalq nüfuzunun və informasiya diplomatiyasının uğuru - ŞƏRH

image

Müasir dünyada informasiya təhlükəsizliyi, obyektiv jurnalistika və dezinformasiyaya qarşı mübarizə beynəlxalq münasibətlər sisteminin mühüm tərkib hissəsinə çevrilib. Bu baxımdan ölkəmizin təşəbbüsü ilə keçirilən, Azərbaycanın beynəlxalq siyasi nüfuzunu və strateji gücünü nümayiş etdirən IV Qlobal Media Forumu artıq dünyanın müxtəlif ölkələrindən jurnalistləri, media rəhbərlərini, ekspertləri və siyasi dairələrin nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platforma kimi tanınır. IV Şuşa Qlobal Media Forumunda ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı isə həm regional, həm də qlobal gündəmdə yer alan mühüm məsələlərə dair Azərbaycanın mövqeyini əks etdirməklə yanaşı, müasir media mühitinin çağırışlarına verilən mühüm mesajlarla yadda qaldı.

Forumun Qarabağın incisi olan Şuşa şəhərində keçirilməsi xüsusi rəmzi məna daşıyır. Uzun illər işğal altında qalmış Şuşa bu gün yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq, əməkdaşlıq və qlobal fikir mübadiləsinin mərkəzlərindən birinə çevrilib. Burada dünyanın onlarla ölkəsindən gəlmiş media nümayəndələrinin iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun və informasiya diplomatiyasının uğurunun göstəricisidir.

Ölkə Prezidenti İlham Əliyev çıxışında ilk növbədə forumun əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, media cəmiyyətlərin formalaşmasında, xalqlar arasında etimadın yaradılmasında və sülhün möhkəmləndirilməsində mühüm rol oynayır. Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə medianın üzərinə daha böyük məsuliyyət düşür. İnformasiyanın operativ çatdırılması ilə yanaşı, onun obyektiv, dəqiq və qərəzsiz təqdim olunması jurnalistikanın əsas prinsipi olaraq qalmalıdır.

Dezinformasiya və saxta xəbərlərin qlobal təhlükəyə çevrildiyini xüsusi ilə vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, informasiya müharibələri artıq dövlətlərarası münasibətlərin ayrılmaz hissəsinə çevrilib və bəzi hallarda yalan məlumatlar ictimai rəyi manipulyasiya etmək, siyasi proseslərə təsir göstərmək məqsədilə istifadə olunur. Belə şəraitdə peşəkar jurnalistika həqiqətin qorunmasının əsas təminatlarından biri hesab edilir. Dövlətimizin rəhbəri media nümayəndələrini faktlara əsaslanmağa, məlumatları dəqiqləşdirməyə və beynəlxalq jurnalistika standartlarına sadiq qalmağa çağırıb.

Dövlət başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri də geniş yer alıb. Prezident İlham Əliyev bildirib ki, azad olunmuş ərazilərdə müasir şəhərlər, kəndlər, yollar, hava limanları, enerji infrastrukturu və sosial obyektlər inşa edilir. Bu layihələr Azərbaycanın güclü iqtisadi potensialının və gələcəyə hesablanmış inkişaf strategiyasının göstəricisidir. Forum iştirakçılarının həmin ərazilərə səfərlərinin təşkil olunması isə onların görülən işləri yerində müşahidə etməsinə və həqiqətləri dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırmasına xidmət edir.

IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğu bir daha bəyan edilir. Vurğulanıb ki, bölgədə uzunmüddətli sabitliyin təmin olunması üçün beynəlxalq hüququn prinsiplərinə hörmət edilməli, dövlətlərin ərazi bütövlüyü və suverenliyi qeyd-şərtsiz tanınmalıdır. Azərbaycan postmünaqişə dövründə konstruktiv əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir və regionun inkişafında maraqlıdır.

Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə baş verən geosiyasi proseslərə də münasibət bildirək qeyd edib ki, müasir dövrdə dünyada yeni siyasi və iqtisadi reallıqlar formalaşır. Belə bir şəraitdə dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkənin artan nüfuzunun göstəricisi olduğunu bildirdi. O qeyd etdi ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media ictimaiyyətinin gözlədiyi mühüm platformaya çevrilib və burada aparılan müzakirələr qlobal informasiya mühitinin inkişafına mühüm töhfə verir. Forum çərçivəsində müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin sərbəst fikir mübadiləsi aparması, aktual problemləri müzakirə etməsi və dövlət başçısı ilə birbaşa dialoq qurması şəffaflığın və açıq kommunikasiyanın nümunəsidir.

Azərbaycan artıq bu gün Avropa ilə Asiya arasında mühüm nəqliyyat və enerji qovşaqlarından biri olmaqla yanaşı, regional sabitliyə və iqtisadi inteqrasiyaya mühüm töhfələr verir. Nəqliyyat-logistika sahəsində qazanılan uğurlar və enerji diplomatiyasındakı strateji nailiyyətlər Azərbaycanın beynəlxalq müstəvidəki geosiyasi çəkisindən xəbər verir.

Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verərək ölkəmizin qlobal güc balansındakı yeni mövqeyinə toxunan Prezident İlham Əliyev suallara cavabında Azərbaycanı beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını qətiyyətlə müdafiə etmək bacarığına və böyük potensiala malik ortasəviyyəli güc kimi xarakterizə edib. Bu status Azərbaycanın regionda gedən siyasi proseslərdə müstəqil qərarverici qüvvə olduğunu göstərir.

Ölkə Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın xarici siyasət prioritetlərini, regional sülh təşəbbüslərini, informasiya təhlükəsizliyi ilə bağlı baxışlarını və qlobal media ilə əməkdaşlıq strategiyasını əhatə edən əhatəli siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan təkcə regionun deyil, həm də beynəlxalq informasiya məkanının fəal iştirakçılarından biri kimi həqiqətin, obyektivliyin və sülhün təşviqinə öz töhfəsini verməyə davam edir.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər