Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbirdə əvvəlcə ulu öndərin abidəsi ziyarət edildi, önünə gül-çiçək dəstələri qoyuldu. Heydər Əliyev Mərkəzinə toplaşan iştirakçılar foyedə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə yaşadan foto sərgilərlə tanış oldular.
Azərbaycan Respublikasının dövlət himni səsləndi və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı .
Ardınca Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev çıxış etdi: - Ümummilli Liderin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü tarixi xalqımızın taleyində xüsusi rol oynadı.
Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti sayəsində müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Natiq onu da vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrü ölkənin sosial-iqtisadi inkişafında, elm, təhsil, mədəniyyət və sənayenin tərəqqisində mühüm önəm daşıyıb. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl yaradılıb. Dahi şəxsiyyətin zəngin dövlətçilik irsi bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan bütün sahələrdə gələcəyə doğru möhtəşəm addımlar atır.
Digər natiqlər- Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad bələdiyyəsinin sədr müavini Elçin Hüseynov və Həkim-Nevropatoloq Gülər İskəndərova öz çıxışlarında Ulu Öndərin nəsillərə nümunə olan həyat yolunun xalqa təmənnasız xidmətindən danışdılar, əsas olaraq bildiriblər ki, o, Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etməklə bərabər, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi yaradıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsərinə döndərdiyi müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət qoyub.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyevin, hüquq-mühafizə orqanlarının rəhbərlərin, idarə, müəssisə, təşkilatların kollektivlərin, ictimaiyyət nümayəndələrin iştirak ilə keçən tədbirdə Ulu Öndərə həsr olunmuş video çarx nümayiş olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü