PDF Oxu

Siyasət

  • 845

Şuşadan dünyaya ünvanlanan mühüm mesajlar - ŞƏRH

image

Qarabağın mədəniyyət paytaxtı Şuşa artıq təkcə tarixi və mədəni irsi ilə deyil, həm də beynəlxalq dialoq və qlobal müzakirələrin keçirildiyi mühüm platforma kimi tanınır. Bu baxımdan IV Şuşa Qlobal Media Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, artan siyasi çəkisinin və informasiya diplomatiyasının daha bir bariz göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumda etdiyi çıxış və xarici media nümayəndələrinin suallarını səmimi, açıq və əhatəli şəkildə cavablandırması beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Dövlət başçısı bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal proseslərə öz milli maraqlarına əsaslanan müstəqil mövqedən yanaşır və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verir.
Prezident İlham Əliyev çıxışında müasir dövrdə informasiya məkanının dövlətlərin təhlükəsizliyi və beynəlxalq münasibətlər sistemində həlledici rol oynadığını vurğuladı. O qeyd etdi ki, saxta xəbərlər, dezinformasiya və məqsədli informasiya manipulyasiyaları qlobal sabitlik üçün ciddi təhdidlər yaradır. Dövlət başçısı bildirdi ki, medianın əsas missiyası həqiqəti cəmiyyətə çatdırmaq, obyektivliyi qorumaq və xalqlar arasında etimadın möhkəmlənməsinə xidmət etməkdir. Bu baxımdan peşəkar jurnalistika yalnız informasiya yaymaq deyil, həm də sülhə, qarşılıqlı anlaşmaya və beynəlxalq əməkdaşlığa töhfə vermək missiyasını daşıyır.
Forum zamanı Prezident İlham Əliyev Cənubi Qafqazda yaranmış yeni reallıqlardan danışaraq Azərbaycanın regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini diqqətə çatdırdı. Dövlətimizin məqsədinin qarşıdurma deyil, əməkdaşlıq, iqtisadi inkişaf və təhlükəsiz gələcəyin təmin edilməsi olduğu xüsusi vurğulandı. Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini dəyişmədən davam etdirir və regionda sabitliyin qorunmasına böyük önəm verir.
Dövlət başçısı Forum iştirakçılarının diqqətini işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə də yönəltdi. Qısa müddətdə Şuşada və digər azad edilmiş şəhər və rayonlarda müasir infrastrukturun yaradılması, tarixi abidələrin bərpası və beynəlxalq tədbirlərin təşkili Azərbaycanın gücünü, iqtisadi imkanlarını və siyasi iradəsini nümayiş etdirir. Bu gün Şuşanın beynəlxalq forumlara ev sahibliyi etməsi təsadüfi deyil. Bu şəhər artıq Azərbaycanın dirçəlişinin, milli qürurunun və uğurlu dövlət siyasətinin rəmzinə çevrilib.

IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirən mühüm tədbir kimi tarixə düşdü. Prezident İlham Əliyevin Forumdakı çıxışı isə ölkəmizin müstəqil siyasətinin, sülhə sadiqliyinin, informasiya təhlükəsizliyinə verdiyi önəmin və həqiqətin müdafiəsində qətiyyətli mövqeyinin növbəti dəfə dünyaya təqdimatı oldu. Şuşadan verilən mesajlar göstərdi ki, Azərbaycan təkcə regionun deyil, qlobal informasiya məkanının da fəal iştirakçısına çevrilib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq dialoqun təşviqində, həqiqətin müdafiəsində və sülhün möhkəmləndirilməsində öz sözünü deyən etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirməkdədir.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər