Cənubi Qafqazda formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar regionun nəqliyyat-kommunikasiya xəritəsini yenidən gündəmə gətirib. Son dövrlər Ermənistanın Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpası ilə bağlı açıqlamaları, Orta Dəhlizin strateji əhəmiyyətinin artması, Zəngəzur dəhlizi və TRİPP marşrutu ətrafında aparılan müzakirələr regional inteqrasiyanın perspektivlərini bir daha ön plana çıxarır. Ekspertlər hesab edirlər ki, bu layihələrin reallaşması təkcə nəqliyyat əlaqələrinin genişlənməsi deyil, həm də regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, tranzit imkanları və Cənubi Qafqazın qlobal logistika sistemində mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra ölkəmizdə bütün sahələrlə yanaşı, media da yeni inkişaf və beynəlxalq inteqrasiya mərhələsinə qədəm qoyub. Milli jurnalistikamız 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində nümayiş etdirdiyi peşəkarlıqla mühüm sınaqdan çıxaraq daha da möhkəmlənib, yeni keyfiyyətlər qazanıb və beynəlxalq informasiya məkanında mövqeyini gücləndirib. Məhz bu yeni mərhələdə Azərbaycanın informasiya siyasətinin qlobal miqyasda təqdim olunmasına xidmət edən mühüm təşəbbüslərdən biri də artıq ənənəyə çevrilən Şuşa Qlobal Media Forumudur.
İyulun 13-də işə başlayan IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndəsi, 60-dan artıq media qurumu, habelə bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat təmsil olunur. Bu geniş iştirak forumun beynəlxalq nüfuzunun ildən-ilə artdığını, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir.
Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib, forum iştirakçılarının suallarını cavablandıraraq qlobal gündəmdə duran mühüm məsələlərə dair ətraflı fikirlərini bölüşüb. Dövlət başçısına ünvanlanan suallar, əsasən, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri, Cənubi Qafqazda regional əməkdaşlığın gələcək istiqamətləri, Zəngəzur dəhlizi layihəsinin icrası, eləcə də beynəlxalq gündəmdə mühüm yer tutan digər aktual mövzuları əhatə edib. Prezident qlobal siyasi proseslər, bəzi ölkələrdə azsaylı xalqlara qarşı ayrı-seçkilik halları, Fransanın neokolonial siyasətinin nəticələri, beynəlxalq münasibətlər sistemində müşahidə olunan çağırışlar, dünyada davam edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini açıqlayaraq mühüm siyasi mesajlar verib.
IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevlə media nümayəndələri arasında əsas müzakirə mövzularından biri Cənubi Qafqazda sülh, təhlükəsizlik və yeni əməkdaşlıq perspektivləri olub. Dövlətimizin başçısı Azərbaycanın bölgədə dayanıqlı sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın qətiyyətli tərəfdarı olduğunu vurğulayaraq ölkəmizin bu istiqamətdə nümayiş etdirdiyi ardıcıl, prinsipial və konstruktiv mövqeni bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu yanaşma fonunda son bir ildə Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan müsbət dinamika xüsusi diqqət çəkir. Ötən il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdən sonra ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi dialoqun intensivləşməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi, regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın möhkəmlənməsi tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir. Paralel olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişlər, sülh gündəliyinin ardıcıl şəkildə təşviqi və regionda kommunikasiyaların bərpasına yönəlmiş təşəbbüslər də Vaşinqtonun dəstəklədiyi əsas istiqamətlər sırasında yer alır.
Ümumilikdə, Şuşa Qlobal Media Forumu Azərbaycanın regional və qlobal miqyasda həyata keçirdiyi əməkdaşlıq siyasətinin əsas istiqamətlərinin təqdim olunduğu nüfuzlu beynəlxalq platforma kimi öz mövqeyini daha da möhkəmləndirir. Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan dəyişən dünya nizamında milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, sülhün, sabitliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən təşəbbüslərlə çıxış edir. Respublikamız enerji və nəqliyyat layihələri ilə yanaşı, siyasi dialoq, regional inteqrasiya və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri vasitəsilə də Avrasiyanın mühüm bağlantı mərkəzlərindən biri kimi mövqeyini gücləndirir. Etibara, qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini