Bu günlər Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Çünki ölkəmiz növbəti dəfə Qlobal Media Forumuna ev sahibliyi edir. Şuşada təşkil edilən Media Forumunda dünyanın müxtəlif bölgələrindən, o cümlədən Azərbaycanımızın meda kapitanları, siyasətçiləri, elm adamları iştirak ediblər. Ümumilikdə Forum çərçivəsində 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan çox media qurumu, həmçinin, media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın təmsilçiləri iştirak edib. Forum çərçivəsində media, süni intellekt, dezinformasiya ilə mübarizə, media diplomatiyası, şəhərsalma narrativləri, etimadın bərpası və digər aktual mövzulara həsr olunmuş panel müzakirələri keçirilib. Artıq iki gün davam edən IV Şuşa Qlobal Media Forumu uğurla öz işini başa çatdırıb. Şuşa Qlobal media Forumun ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib və diqqətə səbəb olunan, uzun müddət müzakirə predemeti olacaq aktual mövzulardan danışıb, beynəlxalq aləmdə baş verən münaqişələrə dair fikirlərini bildirib və forum iştirakçılarının suallarını cavablandırıb.
Prezident İlham Əliyev forumun açılışı zamanı çıxışında Zəngəzur dəhlizinin vacib layihə olduğunu bildirdi və qeyd etdi ki, bu layihə Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək: “Zəngəzur dəhlizi eyni zamanda, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək”. Prezident İlham Əliyev çıxışında 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də diqqət ayırdı. Prezident İlham Əliyev həmin görüş zamanı ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə üçtərəfli bəyanat imzalandığını, eyni zamanda hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Açıq mövqeyi ilə Prezident İlham Əliyev bir daha Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini və qarşılıqlı əməkdaşlığın inkişafına önəm verdiyini nümayiş etdirdi. Prezident İlham Əliyev Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm açıqlamalar da verdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır. Bu ilin əvvəlindən Avstriya və Almaniyaya qaz tədarükünə başlanılması Azərbaycanın Avropa bazarında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən strateji addımlardan biridir. Hazırda ölkəmiz boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir ki, bu da Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Dünya mediası əsas yazılarını Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışına həsr edib
Avropa İttifaqı və AŞPA ilə Azərbaycan arasında əlaqələrindən danışarkən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir: “Avropa Şurasının Parlament Assamblesiyasına vaxtı ilə başqa bir mənzərə vardı. Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Vaxtilə mən 2001-ci ildə Azərbaycan Parlamentində üzv olduqda nümayəndə heyətinə rəhbər idim. İki il orada çalışdım. Orada il ərzində 4 sessiya keçirildi. Mənim üçün bu xoşa gəlməz hadisəsi idi. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək separatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər. 2024-cü ildə yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyanı sual altına çəkdilər və səsvermə hüququndan məhrum etdilər. Bu, sırf insan hüquqları ilə bağlı məsələ deyildi. Onunla bağlı olsaydı daha əvvəldən edərdilər. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul elədi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq?!".
Dünyanın ən nüfuzlu media orqanları, televiziyaları əsas buraxılışlarını, manşet yazılarını mədəniyyət paytaxtı olan Şuşada dördüncü ildir ki, yüksək səviyyədə keçirilən Qlobal Media Forumuna həsr edib. Türkiyə, Misir, Pakistan, Gürcüstan, Kanada, Fransa, Böyük Britaniya, Qazaxıstan, Özbəkistan, Pakistan və digər dövlətlərin nüfuzlu nəşrlər, telekanalları Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışına xüsusi diqqət ayırıblar. Pakistanın “Associated Press of Pakistan” (APP) və DND xəbər agentliyi Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri geniş işıqlandırıblar. Pakistan mediası Prezident İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifin və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munirin ABŞ-İran münaqişəsində sülhün təmin olunması və dialoqun təşviqi istiqamətində mühüm rol oynadıqlarını bildirdiyini və göstərdikləri vasitəçilik səylərini yüksək qiymətləndirdiyini qeyd edib. Avropanın aparıcı xəbər platformalarından olan “Euronews” Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair səsləndirdiyi fikirləri ön plana çıxarıb. Nəşr dövlət başçısının Azərbaycanın Avropa Şurasından tam çıxmaq imkanını nəzərdən keçirdiyini yazıb. Bildirilib ki, bu məsələ Azərbaycan nümayəndə heyətinin 2024-cü ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququnun dayandırılmasından sonra gündəmə gəlib.Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın təşkilatda üzvlüyünün sadəcə dayandırılması və ya dondurulmasını deyil, Avropa Şurasını tam tərk etməyi nəzərdən keçirdiyini bildirdiyi qeyd olunub.
Çin Xalq Respublikasının “NetEase” və “Tencent News”, fikirlər Belçikanın “Business AM” xəbər portalları , Ukraynanın "Korrespondent", "24 Kanal", "Delovaya Stolitsa", "Gordon", "Ukrinform", "Obozrevatel", "Censor.NET", "iPress", "112 Ukraina" və "Evropeyskaya Pravda" kimi tanınmış xəbər saytları və portalları, Serbiyanın "Tanjug", "RTV", "NIN", "Blic", "Info365", "Politika", "Novine Srbija" və "Večernje novosti" xəbər agentlikləri, onlayn qəzet və xəbər portalları da Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışının əsas məqamlarını geniş işıqlandırıblar. “Reuters Connect”, “Business AM”, “CE Energy News”, “Newsy Today”, “RT Arabic”, Almaniyanın “Deutsche Welle” yayım qurumu və digər tanınmış xəbər portalları da Prezident İlham Əliyevin Forumda regional və qlobal məsələlərlə bağlı səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlayıb. Xəbərlərdə dövlətimizin başçısının Forumun qlobal media dialoqunu gücləndirmək, dezinformasiya ilə mübarizə aparmaq və sülhə töhfə vermək missiyasını daşıdığı barədə fikirlərinə yer verilib.
Bolqarıstanın "NRD", "Delnik", "BTA", "Novini", "Manager.bg", Rumıniyanın "Evenimentul Zilei", "Briefed.ro", "Monitorul Zilei", "Astazi", "Sinteza Presei", Yəmənin "Saba News Agency", Tacikistanın "Khabari Khush" informasiya agentlikləri, xəbər portalları ,Moldovanın “Jurnal.md”, “Telegraph Moldova”, “Point.md” və “Noi.md” portalları, Rusiyanın “Gazeta.Press”, Belarusun “Nasha Niva”, “News.by”, Yunanıstanın “Banking News”, “Olympia.gr” media qurumları, Tehranda nəşr olunan “IRNA” Dövlət Xəbər Agentliyi, “Euronews Persian”, “Akharin Khabar”, “Borna News”, “Sarnevis.ir”, “Khabar Farsi”, “Vista.ir” və “Ghatreh” media orqanlarında, Litvanın “Respublika.lt”, “Delfi.lt”, “LRT” Milli Radio və Televiziyasının portalı, eləcə də “TV3” xəbər platformasında , Özbəkistanın “Buzb.uz”, “Buxoroisharif.uz”, “NewsHub.uz” və “UzA” Milli İnformasiya Agentliyi, Tacikistanın “Khabari Khush” xəbər portalı, eləcə də Qırğızıstanın “TRT Kyrgyz” xəbər portal, İordaniyanın Petra Dövlət Xəbər Agentliyi, “FANA News”, “Al-Qalah News” və “Ammon News”, “Misirin Al-Ghad”, “Youm7”, “Rosa El-Youssef” və “Baladna Elyoum”, həmçinin Səudiyyə Ərəbistanı və ərəb dünyasının “RT Arabic”, “Nabd”, “Khawlan Press” və “Akhbar Al-An” media orqanlarında, Gürcüstanın “Fortuna” Radiosu” və digər beynəlxalq miqyasda tanınmış televiziyalar və media orqanları Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına yer veriblər.
Yaponiyanın “Nippon.com”, “Jiji Press”, “Himeji Keizai Shimbun” və “NewsPicks” kimi nüfuzlu xəbər resursları Prezident İlham Əliyevin Yaponiya ilə Azərbaycan arasındakı münasibətlərə dair bəyanatları oxucuların diqqətinə çatdırıb. Məqalələrdə dövlətimizin başçısının iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq potensialının olduğunu bildirdiyi, həmçinin bu sahədə təcrübə mübadiləsi və birgə istehsal imkanlarını vurğuladığı qeyd olunub.
Süni intellekt dövrün ən mühüm texnoloji yeniliklərindən biridir
IV Şuşa Qlobal Media Forumunun ikinci günündə də diqqətçəkən panel müzakirələri aparıldı. Xüsusilə də, “Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu”, “Süni intellekt, vizual təqdimatlar və yeni nəsil təcrübələr” mövzusunda panel sessiyası uzun müddət yaddaşlardan silinməyəcək müzakirələrlər aparıldı. Birinci sessiyada çıxış edən İordaniya Haşimilər Krallığının Kommunikasiya Nazirliyinin Baş katibi Zaid Al Nawaiseh Şuşa Qlobal Media Forumunun beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu bildirib: “Əvvəllər əsas problem informasiyaya çıxışın məhdud olması idisə, bu gün informasiya əlçatandır. Əvvəllər əsas sual məlumatın əlçatan olub-olmaması idi. Bu gün isə əsas məsələ məlumatın etibarlı olub-olmamasıdır. Etimad etibarlılıq, şəffaflıq və auditoriyanın məlumatı düzgün dəyərləndirmək bacarığından asılıdır. Süni intellekt sürətlə inkişaf edir və daim yeni imkanlar yaradır. Buna görə də bu sahədə daha diqqətli olmalıyıq”. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling isə çıxışında diqətə çatdırdı ki, beynəlxalq medianın rolu qlobal informasiya mühitində böyük əhəmiyyət daşıyır: “İctimaiyyətin operativ və düzgün məlumatlandırılması, həmçinin hadisələrə vaxtında və dəqiq reaksiya verilməsi etimadın formalaşmasında əsas amillərdəndir”.
“Süni intellekt, vizual təqdimatlar və yeni nəsil təcrübələr” mövzusunda panel sessiyasında çıxış edən texnobloqer Fərid Pərdəşünas insanların artıq xəbərləri süni intellekt vasitəsilə əldə etməyə üstünlük verdiklərini bildirib: “İnsanlar gündəmi izləmək üçün artıq sosial mediadan belə istifadə etmək istəmirlər. Statistikalar göstərir ki, istifadəçilərin təxminən 10 faizi xəbərləri süni intellekt vasitəsilə oxuyur. Süni intellekt nə qədər inkişaf etsə də, insan yaradıcılığı tələb edən peşələr tamamilə aradan qalxmayacaq”.
Paneldə çıxış edən texnobloqer Tariyel Ağazadə isə bildirib ki, süni intellekt dövrün ən mühüm texnoloji yeniliklərindən biridir. Onun sözlərinə görə, süni intellekt vasitəsilə hazırlanan saxta məlumatlar bəzən çox peşəkar görünür: “Bu, artıq ciddi riskdir. Bunun qarşısını almaq üçün rəqəmsal savadlılığın artırılması vacibdir. Məsələn, hər hansı bankın loqosundan istifadə etməklə insanları asanlıqla aldatmaq mümkündür. Belə halların sayı getdikcə artır”.
Politoloq Gela Vasadze isə çıxışında qeyd edib ki, ictimai rəyin manipulyasiyası yeni hal deyil və bu, yalnız süni intellekt vasitəsilə həyata keçirilmir: “İnformasiyanı müxtəlif mənbələrdən əldə etmək mümkündür. Əsas məsələ onun mənbəyini sorğulamaqdır. Süni intellekt işimizi xeyli asanlaşdırır, lakin onun yarada biləcəyi riskləri və fəsadları da nəzərə almalıyıq”.
İ.ƏLİYEV