PDF Oxu

Siyasət

  • 497

Azərbaycanın beynəlxalq nüfuzu, etibarlı tərəfdaşlıq - ŞƏRH

image

IV Şuşa Qlobal Media Forumu dünyanın 53 ölkəsindən yüzlərlə media nümayəndəsinin, xəbər agentliklərinin, beynəlxalq təşkilatların təmsilçilərinin Şuşada toplaşması Azərbaycanın beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və artan siyasi çəkisinin növbəti təsdiqidir.
Forumda cənab Prezident İlham Əliyevin çıxışı və səsləndirdiyi fikirlər isə yalnız jurnalistlərin suallarına verilən cavablar deyildi. Bu çıxış Azərbaycanın bu gününü, sabahını və dünyaya baxışını ifadə edən geniş siyasi baxış, milli inkişaf konsepsiyası və beynəlxalq münasibətlərə dair strateji yol xəritəsi idi.
Şuşadan dünyaya verilən ilk və ən mühüm mesaj ondan ibarət oldu ki, Qarabağ artıq müharibə məkanı deyil, quruculuq, inkişaf və beynəlxalq əməkdaşlıq məkanıdır. Vaxtilə xarabalığa çevrilmiş şəhərlər bu gün müasir yaşayış məntəqələri kimi yenidən qurulur, doğma yurdlarından didərgin salınmış insanlar öz evlərinə qayıdırlar. Xarici media nümayəndələri dağıdılmış yaşayış məntəqələrinin yerində inşa olunan yeni şəhərləri, yolları, məktəbləri, xəstəxanaları və müasir infrastrukturu öz gözləri ilə görürlər. Bu mənzərə Azərbaycanın yalnız hərbi deyil, həm də mənəvi və iqtisadi qələbəsinin təntənəsidir.
Ölkə başçısı İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın geosiyasi əhəmiyyətinin son illərdə misli görünməmiş dərəcədə artması idi. Dünyada baş verən mürəkkəb proseslər fonunda Azərbaycan sabitlik adasına çevrilib. Şimalında müharibə gedən, cənubunda silahlı qarşıdurmaların yaşandığı mürəkkəb coğrafiyada yerləşməsinə baxmayaraq, ölkəmiz təhlükəsizlik, etibarlılıq və tərəfdaşlıq nümunəsi kimi qəbul olunur.
Bu gün Avrasiyanın əsas nəqliyyat dəhlizləri məhz Azərbaycan üzərindən keçir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji logistika mərkəzi kimi ölkəmizin rolu hər keçən gün artır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu uğur təsadüfi deyil. Uzun illər ərzində yaradılan müasir infrastruktur, limanlar, dəmir yolları, avtomobil magistralları və qonşu ölkələrlə qurulan etibarlı münasibətlər Azərbaycanın tranzit imkanlarını dünya miqyasında yeni mərhələyə yüksəldib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsinin ən böyük limanıdır. Onun imkanlarının daha da artırılması, yeni gəmilərin tikilməsi və Orta Dəhlizin inkişaf etdirilməsi Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək. Dünyada yeni nəqliyyat marşrutlarının formalaşdığı dövrdə Azərbaycanın adı artıq əsas logistik mərkəzlər sırasında çəkilir.
Enerji təhlükəsizliyi məsələsində də Azərbaycan söz sahibidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz artıq boru kəmərləri vasitəsilə 16 dövlətə təbii qaz ixrac edir və bu göstəriciyə görə dünyada birinci yerdədir. Almaniya və Avstriyaya qaz ixracının başlanması Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rolu daha da artırıb.
Bu gün Azərbaycanın enerji siyasəti yalnız neft və qazla məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzur artıq "yaşıl enerji" zonasına çevrilir. Günəş, külək və su elektrik stansiyalarının sürətlə tikilməsi ölkəmizin gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycanın enerji siyasəti həm iqtisadi inkişafın, həm də qlobal iqlim gündəliyinin mühüm tərkib hissəsinə çevrilib.
Ölkə Prezidenti İlham Əliyevin forumdakı çıxışında xüsusi yer tutan məsələlərdən biri də Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti oldu. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycan heç vaxt geosiyasi oyunların alətinə çevrilməyəcək. Ölkəmiz milli maraqlarını əsas tutaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurur.
Bu siyasətin nəticəsidir ki, Azərbaycan həm Avropa İttifaqı, həm ABŞ, həm Çin, həm Rusiya, həm də İslam dünyası ilə uğurlu əməkdaşlıq münasibətlərinə malikdir. Fərqli siyasi qütblər arasında etibarlı tərəfdaş statusunu qazanmaq isə yalnız müstəqil siyasət yürüdən dövlətlərə nəsib olur.
Qeyd edilən mühüm məqamlarından biri də Azərbaycan-Türkiyə münasibətləridir. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Türkiyə və Azərbaycan təkcə dost və qardaş deyil, həm də müttəfiq dövlətlərdir. Şuşa Bəyannaməsi bu münasibətləri yeni tarixi mərhələyə yüksəldib. Bu gün iki qardaş dövlət regionun təhlükəsizliyinin, sabitliyinin və inkişafının əsas təminatçılarından biridir.
Forumda Azərbaycanın artıq beynəlxalq ekspertlər tərəfindən "orta güc" dövləti kimi qiymətləndirilməsi də xüsusi qeyd edilir. Həqiqətən də, son illər ölkəmizin qazandığı uğurlar bu statusun təsadüfi olmadığını göstərir. Güclü iqtisadiyyat, müasir ordu, müstəqil xarici siyasət, beynəlxalq nüfuz və milli maraqları qətiyyətlə müdafiə etmək bacarığı Azərbaycanın yeni geosiyasi statusunu müəyyənləşdirən əsas amillərdir.
Forumda səsləndirilən ən mühüm mesajlardan biri də sülh və beynəlxalq hüquqla bağlı idi. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan heç vaxt özgə torpaqlarına iddia etməyib. Dövlətimiz yalnız beynəlxalq hüququn verdiyi legitim hüquq əsasında öz suverenliyini bərpa edib. Qarabağ məsələsinin həllindən sonra isə Azərbaycan vaxtında dayanaraq regionda yeni əməkdaşlıq mərhələsinin başlanmasına çağırış edib.
Bu gün Azərbaycan Cənubi Qafqazın gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görür. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, ölkəmizin əsas məqsədi bölgədə davamlı sülhün, etimadın və iqtisadi inteqrasiyanın təmin edilməsidir.
Şuşadan verilən digər mühüm mesaj isə milli kimlik və dövlətçilik ideologiyası ilə bağlı oldu. Prezident İlham Əliyev gənc nəslə müraciət edərək bildirdi ki, Azərbaycan xalqı əsrlər boyu işğal, haqsızlıq və çətin sınaqlardan keçsə də, heç vaxt ləyaqətini itirməyib. Məhz milli birlik, vətən sevgisi və dövlətə sədaqət xalqımızı Zəfərə aparıb.
Dövlət başçısının "Heç vaxt işğalla barışmamaq", "Milli kimlik hər şeydən üstündür", "Qürurlu xalq kimi yaşamaq lazımdır" çağırışları təkcə bugünkü nəslə deyil, gələcək nəsillərə ünvanlanmış strateji vəsiyyət kimi tarixə düşdü.
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq hadisələri izləyən deyil, onları formalaşdıran dövlətlər sırasındadır. Bu gün ölkəmiz regional təhlükəsizlikdən qlobal enerji siyasətinə, nəqliyyat marşrutlarından iqlim gündəliyinə, beynəlxalq vasitəçilikdən rəqəmsal transformasiyaya qədər geniş spektrdə söz sahibi olan nüfuzlu aktordur.
IV Şuşa Qlobal Media Forumu müasir Azərbaycanın dünyaya təqdim etdiyi yeni inkişaf fəlsəfəsinin, milli iradəsinin və qlobal baxışının təntənəsinə, ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun genişlənməsinə, xarici ticarətin artmasına və regional əməkdaşlığın dərinləşməsinə, birliyimizin daha da güclənməsinə mühüm töhfə verir.

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Digər xəbərlər