PDF Oxu

Siyasət

  • 957

Şuşa Qlobal Media Forumu: Azərbaycanın stateji hədəfləri və qlobal mövqeyi

image

Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olmaqla yanaşı, Azərbaycanın qlobal informasiya məkanında artan nüfuzunu bir daha təsdiqlədi. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, ekspertlərin, beyin mərkəzlərinin nümayəndələrinin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi Forum müasir dövrdə informasiya təhlükəsizliyi, media məsuliyyəti, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrildi.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş və məzmunlu çıxışı ölkəmizin daxili və xarici siyasətinin əsas istiqamətlərini, regional proseslərə yanaşmasını və gələcəyə hesablanmış strateji hədəflərini əhatə etdi. Dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılandı və Azərbaycanın müasir dövrdə artan siyasi, iqtisadi və geostrateji rolunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev vurğuladı ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi öz mövqeyini möhkəmləndirib. Dünyanın aparıcı media qurumlarının nümayəndələrinin, nüfuzlu ekspertlərin və tanınmış jurnalistlərin Şuşaya gəlməsi ölkəmizə olan yüksək etimadın və marağın təzahürüdür.
Forum iştirakçılarının işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olması Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Prezident çıxışında Avropa İttifaqı ilə münasibətlərə də toxunaraq bildirdi ki, bu il ərzində Brüsseldən Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişaf etdiyini göstərir. Bu təmaslar enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və regional sabitlik kimi mühüm istiqamətləri əhatə edir.
Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağı kimi də strateji əhəmiyyətini daha da artırır. Qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər gələcək əməkdaşlıq üçün geniş perspektivlər yaradır.
Dövlət başçısı ABŞ ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərinin qarşılıqlı maraqlar üzərində qurulduğunu qeyd etdi. Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, regional sabitlik, iqtisadi əlaqələrin inkişafı və beynəlxalq təhlükəsizlik məsələləri iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir.
Azərbaycan uzun illərdir ki, etibarlı tərəfdaş kimi beynəlxalq layihələrdə fəal iştirak edir və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu əməkdaşlıq qarşılıqlı etimad və milli maraqlar prinsipi əsasında inkişaf etməkdədir.
Prezident İlham Əliyev qeyd etdi ki, müstəqil siyasət, güclü iqtisadi potensial, müasir Silahlı Qüvvələr və uğurlu diplomatiya nəticəsində Azərbaycan artıq orta güc statusunu qazanan dövlətlər sırasında yer alır.
Bu gün ölkəmiz yalnız regionun deyil, daha geniş coğrafiyanın enerji, nəqliyyat və logistika xəritəsinin formalaşmasında fəal rol oynayır. Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələr qlobal iqtisadi əməkdaşlığın genişlənməsinə və dövlətlər arasında qarşılıqlı asılılığın möhkəmlənməsinə xidmət edir.
Çıxış zamanı Prezident İlham Əliyev yaşıl enerji siyasətinə xüsusi diqqət yetirdi. Bildirildi ki, Azərbaycan günəş və külək enerjisi sahəsində dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq həyata keçirir və yaxın illərdə ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payı əhəmiyyətli dərəcədə artacaq.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "Yaşıl enerji zonası" elan olunması bu istiqamətdə atılmış mühüm addımlardandır. Burada həyata keçirilən layihələr təkcə ekoloji tarazlığın qorunmasına deyil, həm də iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edir.
Prezident çıxışında rəqəmsal texnologiyaların və süni intellektin müasir dünyanın inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğuladı. Azərbaycanda dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, elektron xidmətlərin genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi məhsuldarlığın artırılmasına, idarəetmənin səmərəliliyinin yüksəldilməsinə və vətəndaş məmnuniyyətinin təmin olunmasına mühüm töhfə verir. Bu istiqamətdə həyata keçirilən islahatlar Azərbaycanın innovativ inkişaf modelini daha da gücləndirir.
Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı faktı ilə barışmayıb. Otuz ilə yaxın davam edən işğal dövründə dövlətimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq haqq səsini dünyaya çatdırıb, eyni zamanda güclü iqtisadiyyat və müasir ordu quruculuğu hesabına öz tarixi ədalətini təmin edib.
Qazanılmış Zəfər Azərbaycanın milli birliyinin, siyasi iradəsinin və xalq-iqtidar həmrəyliyinin nəticəsidir. Bu gün ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi regionda yeni reallıqlar formalaşdırır.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın regional əməkdaşlıq modelinə dair səsləndirdiyi fikirlər oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın bütün təşəbbüsləri inklüzivlik prinsipinə əsaslanır. Ölkəmiz region dövlətləri arasında qarşıdurmanın deyil, əməkdaşlığın, qarşılıqlı hörmətin və ortaq maraqların təmin edilməsinin tərəfdarıdır.
Azərbaycan hesab edir ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması yalnız bütün tərəflərin maraqlarını nəzərə alan əməkdaşlıq formatları vasitəsilə mümkündür. Bu baxımdan ölkəmizin irəli sürdüyü təşəbbüslər regionun uzunmüddətli inkişafına və rifahına xidmət edir.
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı müasir Azərbaycanın inkişaf konsepsiyasını, beynəlxalq münasibətlər sistemində artan rolunu və gələcəyə hesablanmış strateji baxışını əks etdirən mühüm siyasi mesajlarla zəngin oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən, beynəlxalq əməkdaşlığa açıq olan və sülh, təhlükəsizlik, innovasiya, yaşıl enerji və rəqəmsal inkişaf kimi qlobal prioritetlərə mühüm töhfə verən nüfuzlu bir dövlətdir. Şuşadan dünyaya ünvanlanan bu mesajlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini və ölkəmizin qlobal gündəliyin fəal iştirakçısına çevrildiyini bir daha nümayiş etdirdi.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər