PDF Oxu

Siyasət

  • 642

Etibarlı tərəfdaşlığın yeni üfüqləri - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşa şəhərində verdiyi bəyanat Azərbaycan Respublikasının müstəqil xarici siyasət kursunun uğurlarını, ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artdığını və Avropa dövlətləri ilə qarşılıqlı hörmət, bərabərlik və etimada əsaslanan əməkdaşlıq modelinin daha da möhkəmləndiyini nümayiş etdirən mühüm siyasi hadisədir. Şuşada səsləndirilən fikirlər gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən strateji baxışın ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə və fəaliyyətinə sadiq dövlət kimi tanınır. Bu gün dünyanın müxtəlif siyasi və iqtisadi mərkəzləri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Slovakiya ilə münasibətlərin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də bunun parlaq nümunələrindən biridir.
Slovakiya Prezidenti Peter Pelleqrinin rəsmi səfərinə məhz Şuşadan başlaması təsadüfi deyil. Bu addım Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və regionda yaradılmış yeni reallıqlara verilən açıq siyasi dəstəyin ifadəsidir. Şuşa bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramı nəticəsində dünyanın diqqət mərkəzində olan şəhərlərdən birinə çevrilmişdir. Artıq Şuşa beynəlxalq konfranslara, yüksək səviyyəli dövlət görüşlərinə, mədəni tədbirlərə və diplomatik danışıqlara ev sahibliyi edir. Xarici dövlət başçılarının Şuşaya səfərləri Azərbaycanın tarixi Zəfərinin beynəlxalq səviyyədə qəbul edildiyini və Qarabağın ölkəmizin ayrılmaz hissəsi kimi tanındığını bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, Slovakiya ilə siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlər artıq müntəzəm xarakter almışdır. Bu fikir əslində son illər ərzində formalaşmış qarşılıqlı etimadın və strateji əməkdaşlığın ən dolğun ifadəsidir. Dövlətlər arasında yüksək səviyyəli siyasi dialoqun davamlı olması münasibətlərin gələcəyinə inamı artırır, yeni layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır və beynəlxalq platformalarda qarşılıqlı dəstəyi gücləndirir.
Prezident İlham Əliyev Slovakiyaya etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq Prezident Peter Pelleqriniyə göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Diplomatik münasibətlərdə qarşılıqlı hörmət və səmimiyyət xüsusi əhəmiyyət daşıyır. Məhz bu amillər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə müsbət təsir göstərir. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan ilə Slovakiya arasında münasibətlər yalnız siyasi dialoqdan ibarət deyil. Əməkdaşlıq iqtisadiyyat, energetika, nəqliyyat, müdafiə sənayesi, humanitar əlaqələr, innovasiya, rəqəmsal inkişaf və digər mühüm istiqamətləri əhatə edir.
Prezident İlham Əliyevin nümayəndə heyətlərinin geniş tərkibinə diqqət çəkməsi də təsadüfi deyildi. Bu, onu göstərir ki, Azərbaycan və Slovakiya münasibətləri artıq institusional xarakter daşıyır. Müxtəlif nazirliklər, dövlət qurumları və şirkətlər arasında qurulan əməkdaşlıq əlaqələri münasibətlərin davamlı inkişafına xidmət edir. Ən vacib məqam isə ondan ibarətdir ki, bu münasibətlər yalnız müzakirələr səviyyəsində qalmır, konkret layihələr və real nəticələrlə müşayiət olunur. Azərbaycan konkret işlərin tərəfdarıdır və bütün tərəfdaşlıqlar praktik nəticələr əsasında qurulur.
Şuşada səsləndirilən ən mühüm mesajlardan biri 2024-cü ildə Azərbaycan ilə Slovakiya arasında imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin uğurla icra olunması barədə idi. Xüsusi qeyd etdi ki, həmin sənəd artıq real əməkdaşlıq mexanizminə çevrilmişdir. Bu, dövlətlər arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Strateji tərəfdaşlıq statusu dostluq münasibətlərindən əlavə uzunmüddətli siyasi koordinasiyanı, qarşılıqlı dəstəyi və ortaq maraqların müdafiəsini nəzərdə tutur. Azərbaycanın müxtəlif Avropa dövlətləri ilə imzaladığı belə sənədlər ölkəmizin beynəlxalq nüfuzunun artmasının və etibarlı tərəfdaş kimi qəbul edilməsinin nəticəsidir.
Prezident İlham Əliyev bəyanatında xüsusi minnətdarlıq hissi ilə Slovakiyanın Qarabağın bərpasında fəal iştirak etdiyini vurğuladı. Bu gün işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq işləri dünya miqyasında ən böyük bərpa proqramlarından biri hesab olunur. Azərbaycan dövləti qısa müddət ərzində bölgədə yüzlərlə kilometr avtomobil və dəmir yolu çəkmiş, beynəlxalq hava limankarı istifadəyə vermiş, elektrik stansiyaları, su anbarları, tunellər və digər mühüm infrastruktur layihələrini reallaşdırmışdır. Bununla yanaşı, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir.
Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi "Ağıllı kənd" layihəsi bu əməkdaşlığın ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyev və Prezident Peter Pelleqrinin həmin layihə ilə yerində tanış olması iki ölkə arasında münasibətlərin konkret nəticələr verdiyini nümayiş etdirir. Müasir texnologiyalar əsasında qurulan ağıllı kənd modeli Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Burada alternativ enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri, müasir kommunal xidmətlər və ekoloji cəhətdən dayanıqlı infrastruktur yaradılır. Slovakiyanın bu layihədə iştirakı isə qarşılıqlı etimadın və dostluğun real təzahürüdür.
Prezident İlham Əliyevin Qarabağın bərpasına göstərilən dəstəyə görə Slovakiya rəhbərliyinə təşəkkür etməsi Azərbaycanın dost və tərəfdaş ölkələrlə əməkdaşlığa verdiyi yüksək dəyərin göstəricisidir. Dünyanın müxtəlif ölkələrinin şirkətləri bu tarixi quruculuq prosesində iştirak edir və Azərbaycanın yaratdığı yeni iqtisadi imkanlardan faydalanırlar.
Şuşada aparılan müzakirələr zamanı iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi də əsas mövzulardan biri olmuşdur. Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin təkmilləşdirilməsi, sənaye parklarının yaradılması və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi xarici investorlar üçün əlverişli şərait formalaşdırmışdır. Slovakiya şirkətlərinin Azərbaycan bazarında daha fəal iştirak etməsi hər iki ölkənin iqtisadi maraqlarına tam uyğundur.
Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin strateji istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşa çevrilmişdir. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Azərbaycanın enerji siyasətinin uğurlarını bütün dünyaya nümayiş etdirir. Hazırda Azərbaycan qazı Avropanın bir çox ölkəsinə ixrac edilir və bu coğrafiya ildən-ilə genişlənir. Slovakiya da enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirən dövlətlərdən biridir.
Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm perspektivlər açır. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunmuşdur. Günəş və külək elektrik stansiyalarının tikintisi, alternativ enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələ təşkil edir. Slovakiyanın bu sahədəki təcrübəsi gələcək əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hərbi-texniki əməkdaşlıq da prioritet istiqamətlərdən biridir. Müasir beynəlxalq təhlükəsizlik mühitində dövlətlər arasında bu sahədə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycan öz milli təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir və tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini genişləndirir.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən mühüm məqamlardan biri də Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə gəlməməsi ilə bağlı fikirlər idi. Dövlət başçısı qeyd etdi ki, Peter Pelleqrini əvvəlki vəzifələrində – Slovakiya parlamentinin sədri, Baş nazir və daha sonra Prezident kimi dəfələrlə Azərbaycana səfər etmişdir. Bu ardıcıl təmaslar iki ölkə arasında münasibətlərin təsadüfi deyil, davamlı və strateji xarakter daşıdığını göstərir.
Prezident Peter Pelleqrinin COP29 çərçivəsində Azərbaycanda iştirakı da ölkəmizin beynəlxalq nüfuzunun daha bir göstəricisi olmuşdur. Azərbaycanın qlobal iqlim gündəliyində fəal rol oynaması, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və beynəlxalq təşkilatlar çərçivəsində fəal fəaliyyəti ölkəmizin dünya siyasətində artan rolunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi "biz konkret işlərin tərəfdarıyıq" fikri Azərbaycanın xarici siyasət fəlsəfəsinin mahiyyətini tam əks etdirir. Son iyirmi ildən artıq dövrdə ölkəmizin əldə etdiyi bütün uğurlar məhz bu prinsip üzərində qurulmuşdur. Azərbaycanın həyata keçirdiyi enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri, regional əməkdaşlıq təşəbbüsləri, Qarabağda aparılan quruculuq işləri və beynəlxalq tərəfdaşlıqların genişlənməsi bunun ən parlaq nümunələridir.
Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrilmişdir. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının genişləndirilməsi ölkəmizin geostrateji əhəmiyyətini daha da artırmışdır. Slovakiya ilə əməkdaşlığın inkişafı da bu prosesə mühüm töhfə verir.
Şuşada verilən bəyanatlar bir daha sübut etdi ki, Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı etimada, dostluğa və strateji maraqlara əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu davamlı olaraq artırır, yeni tərəfdaşlıqlar yaradır və Azərbaycanın Avropada etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir. Qarabağın bərpasında dost ölkələrin iştirakı, strateji tərəfdaşlıq sənədlərinin uğurla icrası, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, humanitar əlaqələrin inkişafı göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və hər iki xalqın rifahına, regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir.

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri

Digər xəbərlər