PDF Oxu

Siyasət

  • 646

Türkiyənin qəhrəmanliq dastanı!

image

Prezident İlham Əliyev: “Demokratiya və Milli Birlik Günü” xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur"

“On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.” Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bildirilib. Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdlərindən artıq 10 il ötür. Yaşanan hadisələr bölgədə önəmli mövqeyə sahib olan Türkiyəyə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyi idi. Türkiyə tarixin daha bir ağır sınağından üzüağ çıxıb. Tarix növbəti dəfə böyük türk xalqının öz dövlətinə və Vətəninə nə qədər sadiq olduğunun şahidinə çevrildi. "Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi. O tarixi gündə baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən “Demokratiya və Milli Birlik Günü” xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur", - deyə Prezident İlham Əliyev bildirib. Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı və dövləti əziz mirasımız olan “Bir millət, iki dövlət” prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi.

DOSTLUQ VƏ QARDAŞLIĞA SÖYKƏNƏN MÜNASİBƏTLƏR

Sarsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan birliyi əsrlərdir ki, davam edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dövlətlərarası əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirilmişdir. "Bir millət, iki dövlət", - deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir.Əlbəttə ki, son illərdə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi mövcud əlaqələrin möhkəmliyinə, sarsılmazlığına əsaslanır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları son zamanların hadisələrində, ən çətin məqamlarda özünü bir daha doğrultmuş oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsinin od püskürən günlərində Türkiyə dost ölkə olaraq, Azərbaycanla həmrəylik nümayiş etdirdi. Dərdimizə, kədərimizə şərik oldu. Müharibənin ilk günündən sonuna qədər "Can Azərbaycan" deyib, yanımızdan bir an belə kənarlaşmadı. Mənəvi dəstəyi, gücü ilə dünyaya səs saldı və istənilən vəziyyətdə qardaş dediyi ölkənin - Azərbaycanın yanında oldu. Qələbə sevincimizi birgə yaşadıq və bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Azərbaycan da Türkiyəyə qarşı olan sevgisi ilə onun yanındadır.

DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD

Yaşadığımız tarixdən məlumdur ki, müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı çox əzab-əziyyətlə qarşılaşmış, torpaqlarının işğalçılardan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə çoxlu qurbanlar vermişdir. Məhrumiyyətlərə düçar olan xalqımız çətinliklə qazandığı müstəqilliyin müdafiəsində mətanətlə dayanmış, mücadilə etmişdir. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz, bacarıqsız qüvvələrə haqlı olaraq narazılıqlar var idi. Dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qalmış Azərbaycan xalqı zəngin dövlət rəhbərliyi təcrübəsinə və siyasi nüfuza malik olan Ulu Öndər Heydər Əliyevi özünə rəhbər tələb etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə respublikada yaranmış son dərəcə gərgin vəziyyətin sabitləşdirilməsi üçün sağlam qüvvələrin köməyi ilə qardaş qırğınının, Azərbaycan dövlətinin parçalanmasının qarşısını alındı. Ulu Öndər tərəfindən ölkəmizdə milli birliyə aparan siyasət xətti həyata keçirilməyə başlanıldı. Qısa bir zamanda cəmiyyət həyatının bütün sahələrində yeni münasibətlərə yol açmaq, islahatların əsaslarını yaratmaq üçün tədbirlər görülür və davam etdirilirdi.1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan həyatında yeni başlanğıcın əsasını qoydu. Bu saziş Azərbaycan cəmiyyətinin inkişafına, iqtisadiyyatın dirçəlməsinə, beynəlxalq mövqemizin möhkəmlənməsinə, xalqın vəziyyətinin yaxşılaşmasına töhfə verdi. Görülən işlərdən xoflanan cinayətkar ünsürlər, Azərbaycan Respublikasının müstəqilliyini öz çirkin məqsədlərinə qurban verməyə hazır olan, Azərbaycanı başqa dövlətlərin himayəsində görmək istəyən qüvvələr dərhal təşvişə düşdülər və məkrli planlar həyata keçirməyə başladılar. Bunlardan biri də 1995-ci ilin mart hadisələri idi. 1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.

Xatırlatmaq yerinə düşər ki, buna qədər 1994-cü il oktyabrın 2-də ölkəmizdə dövlət çevrilişinə silahlı cəhd göstərildi. Ümummilli Liderin vəziyyəti sabitləşdirmək üçün görüyü tədbirlər, xalqın əzmi çevriliş etməyə çalışan qüvvələri taqətdən saldı. Böyük siyasi xadim bu hadisələrdə də ilk növbədə xalqın köməyinə arxalandı. Oktyabrın 4-də axşamdan xeyli keçmiş Ulu Öndər xalqa müraciət etdi. Bu müraciətə cavab olaraq yüz minlərlə insan gecəyarısı Prezident Aparatının qarşısına toplaşdı. Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Aparatının qarşısında başlanan və on minlərlə insanın iştirak etdiyi möhtəşəm mitinq səhərədək davam etdi. Oktyabrın 5-də gündüz Azadlıq meydanında bir milyona yaxın insanın iştirak etdiyi ümumrespublika mitinqi keçirildi. Bütünlükdə 4 və 5 oktyabr mitinqləri xalq-iqtidar birliyinin parlaq təcəssümü idi. Həmin birlik qarşısında heç bir pozucu qüvvə tab gətirə bilməzdi. Yerlərdəki sağlam qüvvələr bu birliyə arxalanaraq müstəqilliyimizə və dövlətçiliyimizə qarşı çıxanları yerində oturtdular. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.Ulu Öndər Heydər Əliyev tərəfindən xalqın birliyinin təmin olunması, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş ölkəmizin inkişafında öz sözünü demiş oldu, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub-saxlanıldı. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır, dövlətimiz durmadan yüksəlir, inkişaf edir və yeni uğurlar qazanır.Azərbaycan kimi Türkiyə də belə cəhdləri yaşamış oldu. Xalq-iqtidar birliyi çətin məqamlarda öz sözünü dedi. Türkiyədə baş verənlər ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib. Azərbaycan Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışladı. Türkiyə cəmiyyəti son dərəcə demokratdır, bu ölkənin vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdirlər. Əlbəttə ki, belə də olmalıdır. Bu gün Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə inkişaf yolunda daha yüksək zirvələr fəth edəcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər