İyulun 13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya məkanında mühüm hadisə kimi yadda qaldı. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan Forum dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirdi. Forumun əsas məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə iştirakı və iştirakçıların çoxsaylı suallarını cavablandıraraq regionda və dünyada baş verən proseslərlə bağlı ətraflı fikirlərini bölüşməsi oldu.
Şuşada keçirilən bu Forum təkcə media sahəsində əməkdaşlığın müzakirə olunduğu platforma deyil, həm də Azərbaycanın beynəlxalq ictimaiyyətə öz mövqeyini açıq və əsaslandırılmış şəkildə çatdırdığı mühüm dialoq məkanı kimi çıxış etdi. Prezident İlham Əliyevin cavabları Azərbaycanın xarici siyasətinin prioritetlərini, regional əməkdaşlığa yanaşmasını, sülh gündəliyini və informasiya təhlükəsizliyi məsələlərinə baxışını əhatə etdi.
Dövlət başçısı çıxışında ilk növbədə müasir dövrdə medianın üzərinə düşən məsuliyyətə toxunaraq bildirdi ki, dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları qlobal təhlükələrdən birinə çevrilib. Belə bir şəraitdə medianın əsas vəzifəsi həqiqəti qorumaq, cəmiyyətlər arasında etimadın formalaşmasına töhfə vermək və obyektiv informasiya təqdim etməkdir. Prezident qeyd etdi ki, media qarşıdurmanı deyil, dialoqu və qarşılıqlı anlaşmanı təşviq etməlidir.
Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırarkən Cənubi Qafqazda formalaşan yeni reallıqlar barədə də ətraflı danışdı. Bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, bölgədə yeni siyasi və iqtisadi mərhələ başlayıb. Bu reallıqların qəbul edilməsi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın əsas şərtidir.
Dövlət başçısı Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bir daha vurğuladı. Onun sözlərinə görə, Bakı sülh gündəliyinə sadiqdir və regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görür. Bununla yanaşı, Prezident İlham Əliyev qeyd etdi ki, sülh yalnız beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında mümkündür.
Forum zamanı səsləndirilən mühüm mesajlardan biri də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə bağlı oldu. Prezident İlham Əliyev vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur bu gün dünyanın ən böyük bərpa layihələrinin həyata keçirildiyi məkanlardan biridir. Müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış məntəqələrinin salınması, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, müasir yol və enerji infrastrukturlarının yaradılması Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının göstəricisidir.
Dövlət başçısı Forum iştirakçılarının diqqətinə çatdırdı ki, Şuşada belə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi təsadüfi deyil. Şuşa artıq yalnız Azərbaycanın deyil, bütövlükdə regionun mühüm beynəlxalq dialoq və əməkdaşlıq mərkəzlərindən birinə çevrilib. Burada keçirilən forumlar, konfranslar və mədəni tədbirlər Azərbaycanın sülhə, açıq dialoqa və beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.
Prezident İlham Əliyev enerji təhlükəsizliyi, nəqliyyat layihələri və Azərbaycanın beynəlxalq tərəfdaşlarla əməkdaşlığı barədə verilən sualları da cavablandıraraq ölkəmizin Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da gücləndirdiyini diqqətə çatdırdı. Azərbaycanın həyata keçirdiyi iri enerji və logistika layihələrinin regional sabitliyə və iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verdiyini qeyd etdi.
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq fikir mübadiləsinin, qlobal çağırışların müzakirəsinin və yeni əməkdaşlıq imkanlarının formalaşdığı etibarlı platformalardan birinə çevrilib. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi mesajlar isə təkcə regionun deyil, daha geniş coğrafiyanın gələcək inkişafı, sülhün möhkəmləndirilməsi və həqiqətin müdafiəsi baxımından mühüm siyasi və strateji əhəmiyyət daşıyır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri