“Cənab Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə əldə etdiyi uğurların, milli maraqlara əsaslanan xarici siyasət kursunun və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun aydın ifadəsi kimi yadda qaldı. Şuşadan dünyaya ünvanlanan mesajlar göstərdi ki, Azərbaycan bu gün qlobal proseslərə töhfə verən, təşəbbüsləri ilə seçilən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətlər sırasındadır”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun mühüm göstəricisidir:”Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, tanınmış jurnalistlərin və ekspertlərin Şuşada bir araya gəlməsi tarixi şəhərimizin beynəlxalq dialoq və fikir mübadiləsinin nüfuzlu ünvanına çevrildiyini bir daha təsdiqlədi. Vaxtilə işğalın ağır nəticələrini yaşayan Şuşanın bu gün belə mötəbər tədbirlərə ev sahibliyi etməsi tarixi Zəfərimizin və dövlətimizin gücünün ən parlaq təzahürlərindən biridir.Forum çərçivəsində Prezident cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Xarici media nümayəndələrinin həmin ərazilərə səfəri, həyata keçirilən layihələrlə yaxından tanış olması Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdimatı baxımından mühüm məna kəsb edir. Müasir şəhərlərin və kəndlərin salınması, nəqliyyat və sosial infrastrukturun qurulması, tarixi-mədəni irsin bərpası və Böyük Qayıdış Proqramının uğurla icrası güclü dövlət idarəçiliyinin və strateji planlaşdırmanın real nəticəsidir.Dövlətimizin başçısının beynəlxalq nəqliyyat və logistika marşrutları ilə bağlı verdiyi mesajlar Azərbaycanın geostrateji əhəmiyyətinin daha da artdığını göstərir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas iştirakçılarından biri kimi ölkəmiz Avrasiyanın mühüm logistika mərkəzinə çevrilib. Son illərdə yaradılmış müasir infrastruktur, Xəzər hövzəsində formalaşdırılan nəqliyyat imkanları və etibarlı tərəfdaş imici Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdə rolunu daha da gücləndirir.Forum zamanı Türkiyə–Azərbaycan münasibətlərinə verilən yüksək qiymət də xüsusi diqqət çəkdi. Şuşa Bəyannaməsi ilə yeni mərhələyə yüksələn müttəfiqlik münasibətləri bu gün regionda sabitliyin, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın əsas dayaqlarından biridir. "Bir millət, iki dövlət" prinsipi ortaq tariximizin, ortaq iradəmizin və gələcəyə hesablanmış strateji baxışımızın ən uğurlu nümunəsidir.Prezident cənab İlham Əliyevin Avropa ilə əməkdaşlıq, enerji təhlükəsizliyi, yeni ixrac istiqamətləri və yaşıl enerji layihələri barədə səsləndirdiyi fikirlər Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərdi. Təbii qaz ixracının genişlənməsi, bərpaolunan enerji sahəsində həyata keçirilən iri layihələr və enerji diplomatiyasının uğurlu nəticələri ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artırır.Dövlətimizin başçısının ABŞ ilə münasibətlər, rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini bir daha ortaya qoydu. Rəqəmsal texnologiyalar, innovasiya və yüksək texnologiyalar sahəsində həyata keçirilən islahatlar ölkəmizin rəqabət qabiliyyətini gücləndirən əsas istiqamətlərdəndir.Forum çərçivəsində beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qarşılıqlı hörmət prinsiplərinə verilən önəm Azərbaycanın xarici siyasətinin dəyişməz xəttini bir daha təsdiqlədi. Ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir və bu mövqe beynəlxalq ictimaiyyət tərəfindən də getdikcə daha aydın qəbul olunur.Şuşadan səslənən bu strateji mesajlar bir daha göstərdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirir, milli maraqlarını qətiyyətlə müdafiə edir və qlobal əməkdaşlığa töhfə verən məsuliyyətli ölkə kimi beynəlxalq nüfuzunu davamlı şəkildə artırır. Bu gün Azərbaycan sözünə etibar olunan, təşəbbüsləri ilə seçilən və gələcəyə inamla irəliləyən güclü dövlətdir”.
Müəllif: Günay Hacıyeva