Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bəli, region köklü şəkildə transformasiya olunub. Bu, son illərdə baş verən mühüm siyasi, iqtisadi və sosial proseslərlə birbaşa bağlıdır. Xüsusilə, 2020-ci il Vətən müharibəsi və onun nəticələri, eləcə də Qarabağ məsələsinin yeni mərhələyə keçməsi regionun siyasi xəritəsini əsaslı şəkildə dəyişdirmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın işğalçı siyasətinə son qoyulması və yeni güc balansının formalaşması bu dəyişikliklərin ən mühüm göstəriciləridir. Bu gün hər birimiz anlayırıq ki, yalnız özümüzə və dövlətimizə güvənməliyik. Dövlətə güvənmək cəmiyyətin sabitliyi, davamlı inkişafı və vətəndaşların rifahı üçün əsas şərtlərdən biridir.
Azərbaycanın xüsusi coğrafi mövqeyi onun strateji əhəmiyyətini daha da artırır. Ölkəmiz Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən mühüm nəqliyyat və enerji qovşağında yerləşir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu üstünlüklərdən səmərəli istifadə olunmuş, çoxşaxəli əməkdaşlıq platforması yaradılmışdır. Ölkə Başçısının də qeyd etdiyi kimi, bu coğrafiya bizə geniş imkanlar açır və beynəlxalq daşımalar üçün yeni istiqamətlərin formalaşdırılmasına şərait yaradır. Bu isə güclü infrastrukturun qurulması və qonşu dövlətlərlə sağlam münasibətlərin yaradılması nəticəsində mümkün olmuşdur. Çünki qonşularla münasibətlər zəif olduqda, tranzit ölkəyə çevrilmək də qeyri-mümkündür. Azərbaycan isə Avrasiya məkanında beynəlxalq əməkdaşlığı uğurla qurmuş və bu prosesə fəal şəkildə rəhbərlik etmişdir.
Türkiyə və Azərbaycan münasibətləri dünyada nadir nümunələrdən biridir. Bu iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də enerji sahəsində əməkdaşlıq, eləcə də xalqlar arasında mövcud olan sıx bağlılıq göstərir ki, dünyada bu qədər yaxın və bir-birini dəstəkləyən ikinci belə model demək olar ki, yoxdur. Bu, böyük zənginlikdir. Biz yalnız dost və qardaş deyil, eyni zamanda güclü müttəfiqlərik.
Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Qarabağın bərpasında Azərbaycana ilk dəstəyi göstərən Özbəkistan olmuşdur. Füzuli şəhərində inşa edilən müasir məktəb bunun bariz nümunəsidir. Daha sonra Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi qardaş dövlətlər də ölkəmizə öz töhfələrini vermişlər. Bu fakt bir daha göstərir ki, xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq əlaqələri mövcuddur.
Bu gün Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməyib, həm də regionda yeni güc balansı yaradıb. Strateji coğrafi mövqeyimiz, qurulan müasir infrastruktur və geniş beynəlxalq əməkdaşlıq bizi mühüm tranzit və tərəfdaş ölkəyə çevirib.
IV Şuşa Qlobal Media Forumu isə Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun növbəti bariz nümunəsidir. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya gətirən bu forum, qlobal çağırışların müzakirəsi, informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə və yeni media trendlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır. Şuşada keçirilən bu forum həm də Azərbaycanın açıq dialoq tərəfdarı olduğunu, beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti və söz azadlığına yanaşmasını bir daha nümayiş etdirir. Bu cür təşəbbüslər ölkəmizin yalnız regionda deyil, qlobal miqyasda da söz sahibi olduğunu sübut edir.
Biz həm fiziki, həm də siyasi müstəvidə müxtəlif çağırışlarla mübarizə aparmışıq və bu proses bu gün də davam edir. Lakin əldə olunan uğurlar göstərir ki, Azərbaycan doğru yoldadır və gələcəyə inamla addımlayır.
Ləman Cabbarlı
Naxçıvan şəhər 5 saylı körpələr evi – uşaq bağçasının müdiri,
YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri