2026-cı il iyulun 14-də Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş çıxış edərək beynəlxalq gündəmdə duran mühüm məsələlər, Azərbaycanın xarici siyasət prioritetləri, regional təhlükəsizlik, nəqliyyat-logistika imkanları və ölkəmizin inkişaf strategiyası barədə ətraflı fikirlərini bölüşdü. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin və ekspertlərin iştirak etdiyi Forum Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə bir daha aydın şəkildə çatdırması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Dövlət başçısı çıxışında Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirdiyini vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycan heç vaxt geosiyasi qarşıdurmaların alətinə çevrilməyib və heç bir xarici oyunçunun ölkəmizdən öz maraqları naminə istifadə etməsinə imkan verməyib. Bu prinsipial mövqe Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
Forum zamanı Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat və logistika sahəsində qazandığı uğurlara da toxundu. Bildirdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda 15 milyon ton yükötürmə qabiliyyəti ilə Xəzər hövzəsinin ən böyük limanıdır və yaxın illərdə onun imkanları 25 milyon tona çatdırılacaq. Bu layihə Orta Dəhlizin inkişafına, Avropa ilə Asiya arasında yükdaşımaların artmasına və Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi rolunun daha da güclənməsinə mühüm töhfə verəcək.
Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edərək vurğuladı ki, iki qardaş ölkənin dünyaya verdiyi əsas mesaj dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıqdır. Azərbaycan və Türkiyə bütün sahələrdə sıx əməkdaşlıq edərək regionda sabitliyin və inkişafın əsas təminatçılarından biri kimi çıxış edir.
Çıxış zamanı beynəlxalq təşkilatların Azərbaycana münasibətinə də toxunan dövlət başçısı bəzi qurumların, xüsusilə AŞPA-nın ölkəmizə qarşı qərəzli yanaşma nümayiş etdirdiyini qeyd etdi. Eyni zamanda, ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişi Azərbaycana qarşı uzun illər tətbiq edilmiş ədalətsiz qərar kimi qiymətləndirdi və bunun regiondakı reallıqlara uyğun olmadığını vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın İslam dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində daim fəal rol oynadığını bildirdi. Onun sözlərinə görə, ölkəmiz müsəlman dövlətləri arasında əməkdaşlığın inkişafına, qarşılıqlı dəstəyin möhkəmlənməsinə və ümumi maraqların qorunmasına hər zaman töhfə verib. Azərbaycanın fəaliyyəti bütün beynəlxalq platformalarda konstruktiv və nəticəyönümlü olub, əsas məqsəd isə gərginliyin azaldılması və dialoqun təşviqi olub.
Dövlət başçısı beynəlxalq münasibətlərə dair fikirlərini bölüşərkən ABŞ Prezidenti Donald Trampın müxtəlif bölgələrdə sülhün bərqərar olunmasına yönəlmiş təşəbbüslərini qeyd etdi. Prezident İlham Əliyev xatırlatdı ki, Donald Trampın prezidentliyi dövründə onun iştirakı ilə Azərbaycana münasibətdə tətbiq olunan məhdudiyyətlərin və sanksiyaların müvəqqəti dayandırılması barədə sənəd imzalanmışdı.
Prezident İlham Əliyev regionda davamlı sülhün vacibliyini xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycan həm cənubunda, həm də şimalında sabitliyin və əmin-amanlığın bərqərar olmasını arzulayır. Dövlət başçısı qeyd etdi ki, müharibə hər zaman faciədir, lakin uzunmüddətli müharibələr daha ağır nəticələr doğurur və yeni risklər yaradır.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi məsələsinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz yalnız suverenliyini təmin etmək məqsədilə gücdən istifadə edib və qarşıya qoyulan məqsədə nail olduqdan sonra daha irəli getməyib. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa hörmət etdiyini və regionda sülh gündəliyinə sadiq qaldığını nümayiş etdirir.
Forumda Cənubi Qafqazın geosiyasi əhəmiyyətinə də toxunulub. Prezident qeyd etdi ki, regionun mürəkkəb siyasi mənzərəsi fonunda istənilən xarici aktor üçün burada balanslı siyasət yürütmək asan deyil. Onun fikrincə, bölgəyə münasibətdə ayrı-seçkilik deyil, bütün ölkələrə bərabər və obyektiv yanaşma nümayiş etdirilməlidir.
Prezident İlham Əliyev Yaponiya ilə əməkdaşlıq perspektivlərini də yüksək qiymətləndirdi. Bildirdi ki, uzun illər ərzində bir çox yapon şirkətləri Azərbaycanda iri sənaye layihələrinin həyata keçirilməsində podratçı kimi uğurla fəaliyyət göstəriblər və iki ölkə arasında ticari münasibətlər müsbət təcrübəyə əsaslanır. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün geniş imkanlar mövcuddur.
Çıxışının sonunda Prezident İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan üçün əsas risk ölkəmizi müxtəlif geosiyasi avantüralara cəlb etmək cəhdləridir. Azərbaycan isə bundan sonra da müstəqil siyasətini davam etdirəcək, milli maraqlarını qətiyyətlə qoruyacaq və regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi naminə fəaliyyət göstərəcək. Dövlət başçısının Azərbaycan xalqına ünvanladığı mesaj bir daha göstərdi ki, ölkəmizin gələcək inkişafının əsasında milli birlik, güclü dövlətçilik və müstəqil siyasət dayanır.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədr