PDF Oxu

Siyasət

  • 583

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir - ŞƏRH

image

Azərbaycan son illərdə regional və qlobal proseslərdə mühüm aktora çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu, tərəfdaşlıq şəbəkəsi və iqtisadi-siyasi çəkisi günü-gündən artmaqdadır. Bu yüksəliş Prezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu, praqmatik siyasəti və qlobal trendlərə adekvat yanaşması ilə birbaşa bağlıdır. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Slovakiya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Ölkə başçısı İlham Əliyevin Slovakiyalı həmkarı ilə Şuşa şəhərində keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır. Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir. Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Ölkə başçısı deyib: Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. “Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, - deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib. Əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. “Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Öz növbəsində Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağından çox məmnun olduğunu bildirib: “Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər.

Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur. “Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının birləşdiyi məkandır”.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

Əminliklə demək olar ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açacaq.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Digər xəbərlər