Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş çərçivəsində mətubuata verilən bəyanatlar iki ölkə münasibətlərinin mahiyyətini, eləcə də dövlətimizin regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi artan rolunu bir daha nümayiş etdirir. Şuşa şəhərində vurğulanan mesajlar həm iki ölkə arasında münasibətlərin cari vəziyyətini, həm də gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi bəyanatlar kimi diqqət çəkir.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Dövlət başçılarının müntəzəm təmasları, hökumətlərarası dialoq və müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmlərinin fəallaşması iki ölkə arasında etimada əsaslanan tərəfdaşlığın formalaşdığını təsdiqləyir. Ötən ilin sonunda Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri, bu ilin iyulunda Prezident Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri həmin siyasi dialoqun ardıcıl və məqsədyönlü xarakter daşıdığını nümayiş etdirir.
Azərbaycan–Slovakiya münasibətlərində 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə xüsusi yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Strateji tərəfdaşlıq anlayışı iqtisadi, enerji, təhlükəsizlik, nəqliyyat və humanitar sahələrdə konkret əməkdaşlıq layihələri ilə müşayiət olunur. Bu isə tərəflərin münasibətləri uzunmüddətli və dayanıqlı əsaslar üzərində qurmaq niyyətində olduqlarının göstəricisidir.
Görüş zamanı müzakirə olunan məsələlərin genişliyi də diqqət çəkir. İqtisadi-ticari əlaqələrin inkişafı, energetika sahəsində əməkdaşlıq, hərbi-texniki istiqamətdə qarşılıqlı fəaliyyət və digər sahələr üzrə aparılan açıq müzakirələr təsdiqləyir ki, Azərbaycan və Slovakiya əməkdaşlığın bütün potensialından istifadə etməyə çalışırlar.
Enerji sahəsi xüsusilə ön plana çıxır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə son illər daha da artıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz nəql edən Azərbaycan etibarlı enerji tərəfdaşı kimi qəbul olunur. Slovakiya ilə bu istiqamətdə əməkdaşlığın inkişafı həm ikitərəfli münasibətlərə yeni məzmun verir, həm də Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə töhfə verir.
Prezident İlham Əliyevin bəyanatında vurğulanan məsələlərdən biri Slovakiyanın Qarabağın bərpasında fəal iştirakı olub. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi Azərbaycan ilə Slovakiya arasında əməkdaşlığın praktik nəticələrinin parlaq nümunəsidir. Bu layihə müasir texnologiyaların tətbiqi, dayanıqlı yaşayış mühitinin yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu dəstəyə görə Slovakiya tərəfinə təşəkkür etməsi də tərəfdaşlığın səmimi və etibarlı xarakterinin göstəricisidir.
Şuşada keçirilən görüş rəmzi məna daşıyır, bu şəhər artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi dialoqun mühüm məkanına çevrilib. Dövlət başçılarının Şuşada görüşməsi və Qarabağda həyata keçirilən layihələrlə yerində tanış olması Azərbaycanın azad edilmiş ərazilərdə yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini və dəstəkləndiyini nümayiş etdirir.
Slovakiya Prezidenti Peter Pelleqrinin əvvəlki vəzifələrdə – parlament sədri və Baş nazir kimi Azərbaycana səfərləri, daha sonra Prezident kimi COP29 çərçivəsində ölkəmizdə iştirakı və hazırkı rəsmi səfəri iki lider arasında formalaşmış qarşılıqlı etimadın mühüm göstəricisidir. Bu ardıcıl təmaslar münasibətləri daha da möhkəmləndirir.
Bəyanatın əsas məğzini Prezident İlham Əliyevin “Biz konkret işlərin tərəfdarıyıq” fikri ifadə edir. Azərbaycan və Slovakiya münasibətləri real layihələr, qarşılıqlı investisiyalar və ortaq maraqlar əsasında inkişaf edir. Son illərdə yaradılmış güclü tərəfdaşlıq modeli gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə ciddi əsas yaradır.
Azərbaycan–Slovakiya münasibətləri yeni mərhələyə qədəm qoyub, siyasi dialoq, strateji tərəfdaşlıq, enerji əməkdaşlığı, Qarabağın bərpasında birgə iştirak və humanitar əlaqələrin inkişafı mühüm önəm kəsb edir. Bütün bunlar həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də Avropa ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Azərbaycan və Slovakiya arasında formalaşan bu tərəfdaşlıq gələcək illərdə regional sabitlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq baxımından mühüm nümunələrdən biri kimi çıxış edəcəkdir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı