PDF Oxu

Siyasət

  • 534

Azərbaycan regionun siyasi və iqtisadi mərkəzinə çevrilib - ŞƏRH

image

Müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu təkcə iqtisadi və siyasi göstəricilərlə deyil, həm də dünyaya verdiyi mesajlar, qurduğu dialoq və yaratdığı etimad mühiti ilə ölçülür. Bu baxımdan Azərbaycanın son illərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizin artan nüfuzunu, etibarlı tərəfdaş olduğunu və qlobal məsələlərin müzakirəsində fəal rol oynadığını açıq şəkildə göstərir. IV Şuşa Qlobal Media Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyan tədbirlərdən biridir.

Bu gün Şuşanın dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrini, ekspertləri, analitikləri və tanınmış jurnalistləri bir araya gətirməsi hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Uzun illər işğal altında qalmış, düşmən vandalizminin izlərini yaşamış bir şəhərin bu gün beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu məkana çevrilməsi Azərbaycanın gücünün, qətiyyətinin və həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Şuşa tarix boyu Azərbaycanın mədəniyyət beşiyi, elm və incəsənət ocağı kimi tanınıb. Bu şəhər ölkəmizə görkəmli şəxsiyyətlər bəxş edib, milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynayıb. Bu gün isə Şuşa yeni bir missiyanı uğurla yerinə yetirir. Artıq şəhər təkcə mədəni tədbirlərin deyil, beynəlxalq forumların, konfransların və mühüm görüşlərin keçirildiyi nüfuzlu mərkəz kimi tanınır. IV Şuşa Qlobal Media Forumu bunun ən parlaq nümunələrindən biridir.

Forumun əsas üstünlüklərindən biri müxtəlif ölkələri təmsil edən media nümayəndələrinin bir masa arxasında toplaşaraq qlobal informasiya mühiti, media çağırışları, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlıq kimi aktual mövzuları müzakirə etməsidir. Bu cür müzakirələr təkcə peşəkar fikir mübadiləsi deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Mənim fikrimcə, belə mötəbər auditoriyanı məhz Şuşada qarşılamaq böyük şərəf olmaqla yanaşı, eyni zamanda mühüm məsuliyyətdir. Çünki bu tədbirə qatılan qonaqlar Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərini, bərpa olunan tarixi abidələri, salınan yeni yaşayış məntəqələrini, müasir yolları, məktəbləri, xəstəxanaları və digər infrastruktur layihələrini öz gözləri ilə görürlər. Onlar burada gördüklərini sonradan öz ölkələrinin ictimaiyyətinə çatdırır, beləliklə də Azərbaycan haqqında həqiqətlərin daha geniş auditoriyaya yayılmasına töhfə verirlər.

İnformasiya əsrində medianın üzərinə böyük məsuliyyət düşür. Xəbərin sürətlə yayıldığı bir dövrdə doğru və obyektiv informasiyanın çatdırılması əvvəlkindən daha vacibdir. Məhz buna görə də Şuşada keçirilən bu forum təkcə media nümayəndələrinin görüşü deyil, həm də həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm platformadır. Burada aparılan müzakirələr informasiya təhlükəsizliyi, peşəkar jurnalistika prinsipləri və beynəlxalq media əməkdaşlığının gələcək istiqamətlərinə də işıq salır.

Azərbaycanın belə nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizə göstərilən etimadın bariz nümunəsidir. Bu etimad təsadüfən formalaşmayıb. Uzun illər ərzində həyata keçirilən uğurlu xarici siyasət, beynəlxalq əməkdaşlığa verilən önəm və ölkəmizin sabit inkişafı nəticəsində Azərbaycan regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib. Bu gün dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar ölkəmizdə hökm sürən təhlükəsizliyi, qonaqpərvərliyi və yüksək təşkilatçılığı yüksək qiymətləndirirlər.

Şuşanın beynəlxalq tədbirlərin əsas ünvanlarından birinə çevrilməsi Qarabağın dirçəlişinin ən gözəl göstəricilərindəndir. Hər keçirilən forum, hər beynəlxalq konfrans və hər rəsmi görüş bu torpaqlarda həyatın sürətlə bərpa olunduğunu nümayiş etdirir. Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan açıq dialoqa, qarşılıqlı hörmətə və beynəlxalq əməkdaşlığa böyük önəm verir. Burada səslənən fikirlər, aparılan müzakirələr və qurulan yeni əlaqələr gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Forum eyni zamanda sübut edir ki, Şuşa artıq yalnız tarixi keçmişi ilə deyil, həm də müasir inkişafı, beynəlxalq nüfuzu və qlobal tədbirlərə ev sahibliyi ilə dünyanın diqqət mərkəzindədir.

Bu gün hər bir azərbaycanlı kimi mən də fəxr edirəm ki, dünyanın müxtəlif ölkələrindən gələn nüfuzlu media nümayəndələri Qarabağın ürəyi sayılan Şuşada bir araya gəlir, ölkəmizin inkişafını öz gözləri ilə görür və Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Əminəm ki, bu cür tədbirlər gələcəkdə də davam edəcək, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, Qarabağın inkişafının sürətlənməsinə və Şuşanın qlobal dialoq məkanı kimi nüfuzunun daha da artmasına mühüm töhfə verəcək.

Şuşa bu gün təkcə Azərbaycanın deyil, bütün regionun sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma mesajı verdiyi mühüm bir məkandır. IV Şuşa Qlobal Media Forumu da bu mesajın dünyaya çatdırılmasında mühüm rol oynadı. İnanıram ki, bu forumun nəticələri uzun illər beynəlxalq media əməkdaşlığının inkişafına, həqiqətlərin obyektiv şəkildə yayılmasına və xalqlar arasında etimadın möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək.

Gülçin Cəlalova

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər