Şuşa artıq təkcə Azərbaycanın zəfər simvolu deyil. Bu qədim şəhər qısa müddət ərzində regionun ən mühüm beynəlxalq dialoq məkanlarından birinə çevrilib. Burada keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan yalnız hərbi və iqtisadi sahələrdə deyil, informasiya diplomatiyasında da yeni təşəbbüslərin müəllifidir. Forum çərçivəsində Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələri ilə açıq dialoqu isə tədbirin əsas siyasi hadisəsi kimi yadda qaldı. Dövlət başçısının çıxışı ənənəvi nitq formatından fərqlənirdi. O, beynəlxalq jurnalistlərin çoxsaylı suallarını ətraflı cavablandırmaqla həm regional, həm də qlobal proseslərə dair Azərbaycanın mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırdı. Bu format Azərbaycanın açıq siyasi dialoqa üstünlük verdiyini, şəffaflıq və qarşılıqlı etimad prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə baş verən geosiyasi proseslərə də münasibət bildirək qeyd edib ki, müasir dövrdə dünyada yeni siyasi və iqtisadi reallıqlar formalaşır. Belə bir şəraitdə dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkənin artan nüfuzunun göstəricisi olduğunu bildirdi. O qeyd etdi ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media ictimaiyyətinin gözlədiyi mühüm platformaya çevrilib və burada aparılan müzakirələr qlobal informasiya mühitinin inkişafına mühüm töhfə verir. Forum çərçivəsində müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin sərbəst fikir mübadiləsi aparması, aktual problemləri müzakirə etməsi və dövlət başçısı ilə birbaşa dialoq qurması şəffaflığın və açıq kommunikasiyanın nümunəsidir.
Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanın gələcəyinin innovasiya, elm və müasir texnologiyalar üzərində qurulmasının vacibliyi xüsusi vurğulanır. Bu yanaşma ölkədə rəqəmsal savadlılığın artırılması, gənclərin yüksək texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, startap ekosisteminin genişləndirilməsi və innovativ sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərdə də öz əksini tapır.
Bu gün Azərbaycan gənclərinin informasiya texnologiyaları və süni intellekt sahəsində beynəlxalq bilik və bacarıqlara yiyələnməsi, yeni texnoloji həllər hazırlaması və innovativ layihələrə qoşulması ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Güclü insan kapitalı rəqəmsal iqtisadiyyatın formalaşmasının əsas dayaqlarından biridir.
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, Şuşanın isə qlobal dialoq mərkəzi statusunun daha da möhkəmləndiyini nümayiş etdirdi. Prezident İlham Əliyevin forumdakı çıxışı isə təkcə Azərbaycanın mövqeyinin izahı deyil, həm də dəyişən dünya nizamına dair mühüm siyasi mesajlar toplusu oldu. Şuşadan verilən bu mesajlar göstərdi ki, Azərbaycan regional təşəbbüslərlə kifayətlənməyən, qlobal proseslərə təsir göstərmək iqtidarında olan müasir və güclü dövlətdir.
Səxavət Həsənov
YAP Kəngərli rayon təşkilatının fəalı