PDF Oxu

Siyasət

  • 1 412

Siyasi etimaddan praktik əməkdaşlığa - ŞƏRH

image

Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu beynəlxalq tərəfdaşlıq coğrafiyasının ardıcıl şəkildə genişlənməsinə, müxtəlif dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu siyasətin əsas istiqamətlərindən biri Avropa dövlətləri ilə əlaqələrin yeni məzmun əsasında inkişaf etdirilməsi, siyasi dialoqun iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi və humanitar əməkdaşlıqla zənginləşdirilməsidir. Son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı da məhz bu yanaşmanın uğurlu nəticələrindən biri kimi diqqət çəkir.

İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılmış növbəti mühüm addım oldu. Səfərin ən diqqətçəkən məqamlarından biri rəsmi qarşılanma mərasiminin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi idi. İşğaldan azad edilmiş torpaqların beynəlxalq diplomatik görüşlərin ünvanına çevrilməsi, xarici dövlət başçılarının məhz Qarabağda qəbul olunması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra formalaşan yeni siyasi reallıqların bariz ifadəsidir.

Şuşada keçirilən təkbətək və geniş tərkibli görüşlər zamanı müzakirə olunan məsələlərin əhatə dairəsi göstərdi ki, Bakı ilə Bratislava arasında münasibətlər artıq klassik diplomatik əməkdaşlıq çərçivəsini geridə qoyaraq strateji tərəfdaşlığın praktik mərhələsinə qədəm qoyub. Tərəflər siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadiyyat, energetika, müdafiə sənayesi, nəqliyyat-logistika, innovasiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi barədə ortaq iradə nümayiş etdirdilər.

Bu gün Azərbaycan ilə Slovakiya arasında münasibətlərə yeni məzmun qazandıran əsas istiqamətlərdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesidir. Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq proqramına dost və tərəfdaş ölkələrin şirkətlərinin cəlb olunması beynəlxalq əməkdaşlığın yeni modelini formalaşdırır. Slovakiya şirkətlərinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən "ağıllı kənd" layihəsində iştirakı bunun ən uğurlu nümunələrindəndir.

Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin səfər çərçivəsində Baş Qərvənd kəndində görülən işlərlə tanış olmaları, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin təməlini birlikdə qoymaları xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Slovakiyanın Azərbaycana hədiyyəsi kimi inşa ediləcək həmin təhsil ocağı iki ölkə arasında dostluğun, qarşılıqlı etimadın və gələcəyə hesablanmış əməkdaşlığın rəmzi kimi qiymətləndirilə bilər.

Azərbaycan və Slovakiya arasında münasibətlərin möhkəm hüquqi-siyasi bazaya söykənməsi bugünkü inkişafın əsas təminatlarından biridir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 1993-cü ildə qurulub. Son illərdə qarşılıqlı səfirliklərin fəaliyyətə başlaması, siyasi məsləhətləşmələrin intensivləşməsi və yüksəksəviyyəli qarşılıqlı səfərlərin artması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.

Xüsusilə Prezident İlham Əliyevin ötən ilin dekabrında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfər iki ölkə münasibətlərində dönüş nöqtəsi kimi yadda qaldı. Bundan əvvəl Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri zamanı "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"nin imzalanması əlaqələrin gələcək inkişafı üçün fundamental siyasi sənəd oldu. Bu sənəd tərəflərin əməkdaşlığı uzunmüddətli strateji maraqlar əsasında inkişaf etdirmək niyyətini rəsmiləşdirdi.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında Slovakiyanın daim konstruktiv mövqe nümayiş etdirməsi də xüsusi qeyd olunmalıdır. Bratislava Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsini dəstəkləyən ölkələrdən biri kimi çıxış edir. Bu yanaşma ikitərəfli münasibətlərin inkişafına əlavə dinamika qazandırmaqla yanaşı, Azərbaycanın Avropa məkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Energetika sahəsi isə Bakı ilə Bratislava arasında əməkdaşlığın aparıcı istiqamətlərindən biri olaraq qalır. Avropada enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrildiyi indiki mərhələdə Azərbaycanın etibarlı təchizatçı kimi artan rolu Slovakiya tərəfindən də yüksək qiymətləndirilir. Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropaya çatdırılmasında Azərbaycanın oynadığı rol, eləcə də "Həmrəylik Halqası" təşəbbüsü Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Səfər çərçivəsində keçirilən Azərbaycan–Slovakiya biznes-forumu iqtisadi əməkdaşlığın geniş perspektivlərini bir daha nümayiş etdirdi. Forumda çıxış edən Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova Azərbaycanın yalnız etibarlı enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm logistika mərkəzi kimi strateji əhəmiyyətini xüsusi vurğuladı. Eyni zamanda bildirildi ki, Slovakiya şirkətləri Qarabağın bərpasında iştirak etməyi uzunmüddətli əməkdaşlığın vacib istiqamətlərindən biri hesab edirlər.

Əməkdaşlığın gündəliyi artıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Sənaye istehsalı, rəqəmsal transformasiya, innovasiya, su ehtiyatlarının idarə olunması, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı və investisiya layihələri üzrə də yeni təşəbbüslər müzakirə edilir. 2021-ci ildə imzalanmış iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş və onun əsasında yaradılan Birgə İşçi Qrupu bu istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsi üçün mühüm institusional mexanizm rolunu oynayır.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq da son dövrdə xüsusi dinamika qazanıb. Mövcud hüquqi baza və qarşılıqlı maraqlar hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi məhsullarının istehsalı və yeni texnologiyaların tətbiqi istiqamətində geniş imkanlar yaradır. Bu isə tərəfdaşlığın təhlükəsizlik komponentini də gücləndirən mühüm amillərdən biri kimi çıxış edir.

Şuşada prezidentlərin mətbuata bəyanatları zamanı səsləndirilən fikirlər münasibətlərin gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev siyasi təmasların müntəzəm xarakter aldığını, gündəlikdə duran məsələlərin kifayət qədər geniş olduğunu vurğulayaraq, strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin artıq real nəticələr verdiyini bildirdi. Bu bəyanatlar göstərdi ki, münasibətlər yalnız siyasi dialoq səviyyəsində deyil, konkret layihələr və praktik əməkdaşlıq müstəvisində də uğurla inkişaf edir.

Bu gün Azərbaycan–Slovakiya münasibətləri qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan nümunəvi tərəfdaşlıq modeli kimi formalaşır. Qarabağın bərpasından enerji təhlükəsizliyinə, iqtisadiyyatdan innovasiyalara, humanitar əməkdaşlıqdan müdafiə sənayesinədək uzanan geniş gündəlik iki ölkə arasında əlaqələrin gələcəkdə daha da dərinləşəcəyini göstərir. Yüksəksəviyyəli siyasi iradə, möhkəm hüquqi baza və konkret layihələr üzərində qurulan əməkdaşlıq Azərbaycan ilə Slovakiyanın strateji tərəfdaşlığını uzunmüddətli və dayanıqlı inkişaf mərhələsinə daşıyan əsas amillər kimi çıxış edir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər