İyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış etdilər. Bu görüş Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun və Şuşanın diplomatik mərkəz kimi artan rolunun daha bir göstəricisi oldu.
Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında siyasi dialoqun yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq bildirdi ki, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Slovakiya ilə dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da genişləndirilməsində maraqlıdır.
Prezident İlham Əliyev çıxışında enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi mühüm rol oynadığı qeyd edildi. Hazırda Azərbaycan təbii qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın bir çox ölkələrinə ixrac edir və bu istiqamətdə əməkdaşlıq coğrafiyası davamlı olaraq genişlənir. Slovakiya da Azərbaycanın enerji resurslarının Avropa bazarına çatdırılmasında maraqlı tərəfdaşlardan biridir. Enerji təhlükəsizliyinin müasir dövrdə strateji əhəmiyyət kəsb etdiyi bir vaxtda Azərbaycan etibarlı təchizatçı kimi beynəlxalq öhdəliklərini uğurla yerinə yetirir.
Görüş zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika imkanlarının inkişafı, sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olundu. Hər iki ölkənin iqtisadi potensialı qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyev Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışaraq qeyd etdi ki, ölkəmiz regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu və avtomobil yolları Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu infrastruktur Avropa ölkələri, o cümlədən Slovakiya üçün də yeni əməkdaşlıq perspektivləri yaradır.
Şuşada keçirilən görüşün xüsusi rəmzi əhəmiyyəti də vardır. İşğaldan azad olunmuş Şuşa bu gün yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq tədbirlərin, forumların və yüksək səviyyəli dövlət görüşlərinin keçirildiyi nüfuzlu diplomatik məkana çevrilmişdir. Burada keçirilən görüşlər Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və bölgədə yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbul edildiyini bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğunu da vurğuladı. Dövlətimizin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır, Avropa dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına xidmət edir.
Slovakiya Prezidenti Peter Pelleqrini də çıxışında Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiklərini bildirdi. O, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, sənaye, təhsil və digər istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd etdi.
Azərbaycan ilə Slovakiya arasında münasibətlər qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf edir. Şuşada keçirilən bu görüş bir daha göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafına, regionda sülhün möhkəmləndirilməsinə və Avropa dövlətləri ilə strateji tərəfdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Ayaz Novruzov
YAP Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri