Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşada verdiyi bəyanat iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi mesajlarla yadda qalıb. Azərbaycan və Slovakiya arasında əməkdaşlıq qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanaraq ardıcıl şəkildə inkişaf edir. Eyni zamanda, Şuşada keçirilən görüş Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və işğaldan azad olunmuş ərazilərin beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinin növbəti təsdiqi olub.
Son illərdə Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin genişlənməsi xarici siyasətin mühüm istiqamətlərindən birinə çevrilib. Slovakiya ilə münasibətlər də bu siyasətin uğurlu nümunələrindən biridir. Dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan dialoq, hökumətlərarası əməkdaşlığın genişlənməsi və müxtəlif sahələr üzrə həyata keçirilən birgə layihələr tərəfdaşlığın davamlı inkişafını təmin edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.
Azərbaycan və Slovakiya arasında 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə əməkdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. Bu sənəd tərəflərin uzunmüddətli hədəflərini müəyyənləşdirən yol xəritəsi olmaqla yanaşı, iqtisadi, enerji, sənaye, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Şuşada aparılan müzakirələr təsdiqləyir ki, həmin sənəd artıq konkret təşəbbüslər və birgə layihələr vasitəsilə praktik nəticələr verir.
Müasir dövrdə enerji təhlükəsizliyi beynəlxalq münasibətlərin əsas prioritetlərindən biridir. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təminatında mühüm rol oynayır. Slovakiya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi: “İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır”.
Şuşada verilən bəyanatın mühüm məqamlarından biri Slovakiyanın Qarabağın bərpasında fəal iştirakına verilən yüksək qiymət idi. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsi Azərbaycanın azad olunmuş ərazilərdə tətbiq etdiyi müasir inkişaf modelinin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyinin göstəricisidir. Bu layihə yalnız yaşayış məntəqələrinin yenidən qurulmasına deyil, həm də innovativ texnologiyaların tətbiqinə, dayanıqlı inkişafın təmin edilməsinə və insanların doğma torpaqlarına təhlükəsiz qayıdışına xidmət edir.
Qarabağda xarici tərəfdaşların iştirakı ilə həyata keçirilən layihələr Azərbaycanın bölgədə yaratdığı yeni iqtisadi və investisiya mühitinin göstəricisidir. Müxtəlif ölkələrin şirkətlərinin bu prosesə qoşulması işğaldan azad edilmiş ərazilərin beynəlxalq əməkdaşlıq və investisiya üçün açıq olduğunu nümayiş etdirir. Slovakiyanın bu istiqamətdə fəal iştirakı isə iki ölkə arasında etimadın və tərəfdaşlığın real nəticələrə çevrildiyini təsdiqləyir.
Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana müxtəlif dövlət vəzifələrində etdiyi səfərlər də münasibətlərin davamlı xarakter daşıdığını göstərən mühüm amillərdəndir. Onun parlament sədri, Baş nazir və Prezident kimi ölkəmizdə olması, eləcə də beynəlxalq tədbirlərdə, o cümlədən COP29 çərçivəsində Azərbaycanda iştirakı iki ölkə arasında formalaşmış siyasi dialoqun ardıcıllığını nümayiş etdirir. Bu davamlı təmaslar qarşılıqlı anlaşmanı daha da gücləndirərək yeni əməkdaşlıq imkanları yaradır.
Şuşanın bu cür yüksək səviyyəli dövlət görüşlərinə ev sahibliyi etməsi xüsusi siyasi və simvolik məna daşıyır. Bu şəhər artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi dialoqun və əməkdaşlığın mühüm ünvanlarından birinə çevrilib. Xarici dövlət başçılarının Şuşaya səfərləri Azərbaycanın suverenliyinə və bölgədə formalaşmış yeni reallıqlara verilən dəstəyin ifadəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan və Slovakiya konkret nəticələrə hesablanmış əməkdaşlıq modelini seçiblər. Bu yanaşma münasibətlərin gələcəyinə nikbin baxmağa əsas verir. Güclü siyasi iradə, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan tərəfdaşlıq yaxın illərdə yeni layihələrlə daha da zənginləşəcək.
Azərbaycan–Slovakiya münasibətləri artıq sabit və etibarlı tərəfdaşlıq mərhələsini geridə qoyaraq strateji əməkdaşlığın yeni mərhələsinə daxil olub. Bu münasibətlərin inkişafı iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avropada enerji təhlükəsizliyinin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regional sabitliyin güclənməsinə də mühüm töhfə verməyə davam edəcək.
Asif Əsgərov
Milli Məclisin deputatı