PDF Oxu

Siyasət

  • 541

“Azərbaycanın müasir inkişaf konsepsiyasının təməl mərhələsi” - FOTOLAR

image

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Azərbaycanın müasir inkişaf konsepsiyasının təməl mərhələsi” adlı lektoriya keçirilib.

Tədbir YAP Yasamal rayon təşkilatı, AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin AMEA-nın Mərkəzi Elmi Kitabxanasının inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lektoriyanı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 14 iyul 1969-cu ilin Azərbaycan dövlətçilik tarixinin ən mühüm dönüş nöqtələrindən biri olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin ölkədə yeni dövlətçilik mərhələsinin əsasını qoyduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, 1969-cu il avqustun 5-də keçirilən plenum Heydər Əliyevin dövlətçilik proqramının ilk dəfə açıq şəkildə elan olunduğu, Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi tarixi mərhələ kimi xüsusi əhəmiyyət daşıyır.
O bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış respublikaları arasında ən qabaqcıl ölkələrdən birinə çevrilib. Onun sözlərinə görə, bu siyasət ölkənin sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində dinamik inkişafı təmin etməklə yanaşı, Azərbaycanın həm ittifaq, həm də beynəlxalq miqyasda nüfuzunun artmasına, zəngin tarixi-mədəni irsinin dünya ictimaiyyətinə tanıdılmasına mühüm töhfə verib.
Akademik İsa Həbibbəyli çıxışında Nizami Gəncəvinin 840 illik yubileyinin SSRİ miqyasında, İmadəddin Nəsiminin yubileyinin isə həm SSRİ, həm də UNESCO səviyyəsində qeyd olunmasının Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını bildirib. O, həmçinin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsinin də Azərbaycan xalqının qədim tarixinin və Oğuz mədəniyyətinin dünyaya təqdim edilməsində mühüm hadisə kimi qiymətləndirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilən beynəlxalq layihələr Ulu Öndərin əsasını qoyduğu siyasətin uğurla davam etdirildiyini bariz şəkildə nümayiş etdirir.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin iqtisadi siyasətinin ölkənin inkişafında müstəsna rol oynadığını, onun təşəbbüsü ilə Azərbaycanda neft maşınqayırması sənayesinin formalaşdırıldığını, sənaye və kənd təsərrüfatının inkişafı üçün möhkəm baza yaradıldığını diqqətə çatdırıb.
“Heydər Əliyevin milli dövlətçilik ideyaları Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsində həlledici rol oynayıb”, – deyə bildirən akademik İsa Həbibbəyli 1994-cü ildə əldə olunan atəşkəsin ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsi üçün əlverişli şərait yaratdığını deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu potensialdan səmərəli istifadə edərək suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, iqtisadi, hərbi, elmi və mədəni sahələrdə mühüm uğurlar qazanıb, beynəlxalq nüfuzunu daha da möhkəmləndirib.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Azərbaycan xalqının Heydər Əliyev ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı, suverenliyinin möhkəmləndirilməsi və yeni hədəflərə doğru inamla irəlilədiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə ölkənin hərtərəfli inkişaf strategiyasının əsasının qoyulduğunu bildirib. Onun sözlərinə görə, 1969–1982-ci illərdə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan keçmiş SSRİ-nin qabaqcıl sənaye-aqrar respublikalarından birinə çevrilib, iqtisadiyyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə olunub, yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib, mənzil tikintisi geniş vüsət alıb, o cümlədən kənd təsərrüfatı və istehsal sahələri dinamik inkişaf edib.
Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin təhsil və milli kadr hazırlığını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini vurğulayıb. Qeyd edib ki, Ümummilli Liderin təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılıb, ali təhsil müəssisələrinin maddi-texniki bazası təkmilləşdirilib.
YAP Yasamal rayon təşkilatının sədri, həmçinin Heydər Əliyevin Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxışını milli özünüdərkin və ana dilinə münasibətin güclənməsində mühüm hadisə kimi dəyərləndirib.
O qeyd edib ki, Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb və Bakı Dərin Özüllər Zavodu kimi strateji əhəmiyyətli layihələr həyata keçirilib, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması isə milli dövlətçilik tarixinin ən mühüm nailiyyətlərindən biri olub. Bildirilib ki, Ulu Öndər elmə, təhsilə və milli kadr potensialının formalaşdırılmasına daim xüsusi diqqət yetirib, alimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl addımlar atıb.

Bəxtiyar Nəbiyev bildirib ki Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə əsasını qoyduğu dövlətçilik xətti, onun layiqli davamçısı, Ümummilli Liderin siyasi məktəbinin ən böyük yetirməsi olan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən özünün ən uca zirvəsinə daşınıb. Ulu Öndərin ən böyük vəsiyyəti, onun qəlbindəki ən böyük arzusu Şuşanın, Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması idi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində və cəmi 23 saatlıq antiterror tədbirlərində dahi rəhbərin bu vəsiyyətini şərəflə yerinə yetirdi. Bu gün Şuşada, Xankəndidə, Xocalıda və Qarabağın hər bir nöqtəsində üçrəngli dövlət bayrağımız əzəmətlə dalğalanır.
Sonda Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və xarici siyasət kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xüsusilə Türk dünyası ilə əməkdaşlığın möhkəmləndirilməsi və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin bu siyasətin mühüm istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb.

Tədbirdə, həmçinin AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov və Dilçilik İnstitutunun şöbə müdiri professor Sayalı Sadıqova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir inkişaf konsepsiyasının formalaşdırılmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində tarixi rolundan danışıblar. Həmçinin Ümummilli Liderin elmə və təhsilə göstərdiyi diqqət, milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlər barədə fikirlərini bölüşüblər.

Sonra “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının bir qrup fəalına Partiyada ictimai-siyasi fəaliyyətlərinə görə Fəxri fərmanlar təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər