PDF Oxu

Siyasət

  • 657

Azərbaycan ilə Slovakiya arasında siyasi əlaqələr qarşılıqlı hörmət və etimada əsaslanır - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri çərçivəsində 14 iyul tarixində Şuşa şəhərində verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Bu səfər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq platformalarda qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Şuşa şəhərinin görüşün keçirildiyi məkan kimi seçilməsi təsadüfi deyil. Azərbaycan xalqının mədəniyyət paytaxtı olan Şuşa bu gün ölkənin dirçəlişinin, suverenliyinin və quruculuq siyasətinin rəmzidir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam etdirilir. Yeni yollar, tunellər, hava limanları, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı "Böyük Qayıdış" proqramı çərçivəsində mərhələli şəkildə həyata keçirilir.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Slovakiya arasında mövcud olan dostluq münasibətlərindən məmnunluğunu ifadə edərək bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələr qarşılıqlı hörmət və etimada əsaslanır. Dövlət başçısı qeyd etdi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin inkişafına mühüm töhfə verir və gələcək əməkdaşlıq üçün yeni imkanlar açır. İkitərəfli iqtisadi əməkdaşlıq da bəyanatın əsas mövzularından biri idi. Prezident İlham Əliyev enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq qeyd edildi ki, ölkəmiz etibarlı tərəfdaş kimi öz öhdəliklərini daim yerinə yetirir.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan təbii qaz ixracının coğrafiyasını genişləndirir və Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirir. Slovakiya ilə bu istiqamətdə də əməkdaşlıq imkanlarının araşdırılması hər iki ölkənin maraqlarına cavab verir.
Bəyanatda beynəlxalq münasibətlərə də toxunuldu. Prezident İlham Əliyev vurğuladı ki, dövlətlər arasında münasibətlər beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında qurulmalıdır. Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini dəstəkləyən dövlət kimi çıxış edib və bu prinsiplərə sadiq qalır.
Prezident İlham Əliyev postmünaqişə dövründə regionda davamlı sülhün təmin olunmasının vacibliyini də qeyd etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan regionda uzunmüddətli sabitlik və əməkdaşlığın tərəfdarıdır. Ölkəmiz sülh gündəliyinə sadiqdir və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv mövqe nümayiş etdirir. Şuşada keçirilən görüş bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq nüfuzu davamlı olaraq artır. Bu gün ölkəmiz beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir və regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Digər xəbərlər