PDF Oxu

Siyasət

  • 716

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşa şəhərində verdiyi bəyanat Azərbaycan Respublikasının müstəqil xarici siyasətdə əldə etdiyi uğurlarını, ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artdığını və Avropa dövlətləri ilə qarşılıqlı hörmət, bərabərlik və etimada əsaslanan əməkdaşlıq modelinin daha da möhkəmləndiyini nümayiş etdirən mühüm siyasi hadisədir.Bu görüş yalnız diplomatik hadisə deyil, həm də Azərbaycan–Slovakiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilir.
Azərbaycan ilə Slovakiya arasında münasibətlərin tarixi 1992-ci ildə Slovakiyanın Azərbaycanın müstəqilliyini tanıması ilə başlayıb. Diplomatik münasibətlər isə 23 noyabr 1993-cü ildə qurulub. Sonrakı illərdə münasibətlər ardıcıl şəkildə inkişaf edib, 2019-cu ildə Slovakiyanın Bakıda səfirliyi fəaliyyətə başlayıb, 2023-cü ildə isə Azərbaycan Bratislavada öz səfirliyini təsis edib. Bu addımlar siyasi münasibətlərin davamlı inkişafına verilən önəmin göstəricisidir.
Şuşa görüşünün diqqətçəkən məqamlarından biri Slovakiyanın Qarabağın bərpasında iştirakına verilən yüksək qiymət oldu. Prezident İlham Əliyev Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi "Ağıllı kənd" layihəsini xüsusi qeyd edərək, bunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına verilən praktiki dəstəyin nümunəsi olduğunu vurğuladı. Bu layihə Slovakiyanın Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa proqramına qoşulan Avropa ölkələrindən biri kimi çıxış etdiyini göstərir. Bu isə münasibətlərin humanitar və iqtisadi aspektlərinin siyasi əməkdaşlıqla vəhdət təşkil etdiyini nümayiş etdirir.
2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə Azərbaycan–Slovakiya əlaqələrinin inkişafında mühüm dönüş nöqtəsi olub. Bu sənəd tərəflər arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni istiqamətlər üzrə birgə fəaliyyət üçün möhkəm hüquqi-siyasi baza formalaşdırıb. Artıq həmin sənəd konkret layihələr və qarşılıqlı təşəbbüslərlə öz real nəticələrini verməyə başlayıb.
Prezident İlham Əliyev Slovakiya ilə qurulan tərəfdaşlığı keyfiyyətcə yeni mərhələ adlandırır və 2024-cü ildə imzalanmış Birgə Bəyannamənin icrasının sürətlə getdiyini xüsusi vurğulayır. Bu, Azərbaycanın Avropada tərəfdaş axtarışında coğrafiyanı daha da şaxələndirdiyini, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri ilə möhkəm iqtisadi-siyasi bağlar qurduğunu göstərir.
Bu gün Azərbaycan-Slovakiya münasibətləri təkcə iki ölkə arasında əlaqələrin inkişafı deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında etimad körpüsünün möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şuşadan səslənən mesajlar isə göstərdi ki, bu tərəfdaşlığın gələcəyi kifayət qədər geniş perspektivlərə malikdir və qarşıdakı illərdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, bərpa layihələri və regional sabitlik istiqamətində yeni uğurlara zəmin yaradacaq. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı, sözünün sahibi olan və strateji əməkdaşlığa sadiq dövlət kimi mövqeyini daha da gücləndirir.

Digər xəbərlər