"Prezident İlham Əliyevin Qarabağa son səfəri çərçivəsində Xankəndi şəhərində yerləşən Xankəndi Otelinin açılışında iştirak etməsi mühüm hadisədir".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.Onun sözlərinə görə, ümumiyyətlə, son dövrdə ölkənin digər regionlarında olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndidə də turizmin inkişafına xüsusi diqqət yetirilir:"Bu məqsədlə yeni otellər, istirahət mərkəzləri və digər turizm obyektləri inşa edilir, istifadəyə verilir. Xankəndi Otelinin açılışı da məhz bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.Şübhəsiz ki, bu cür turizm obyektlərinin istifadəyə verilməsi Qarabağda turizmin inkişafına mühüm təkan verəcək, bölgəyə yerli və xarici turistlərin marağını artıracaq. Bu isə öz növbəsində Azərbaycanın, xüsusilə də Qarabağın tarixi, mədəni irsinin və müasir inkişaf reallıqlarının beynəlxalq ictimaiyyətə daha yaxından çatdırılmasına xidmət edəcək.Bu baxımdan hesab edirəm ki, əgər ölkənin digər bölgələrində həyata keçirilən turizm layihələri əsasən iqtisadi baxımdan qiymətləndirilirsə, Qarabağda reallaşdırılan turizm layihələri iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi, diplomatik və simvolik məna daşıyır.Təbii ki, bu istiqamət Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. İşğaldan azad olunmuş ərazilərin bərpası, sosial-iqtisadi inkişafının təmin edilməsi, eləcə də həmin ərazilərin beynəlxalq turizm məkanına çevrilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir".
Müəllif: Günel Fərzəliyeva