PDF Oxu

Siyasət

  • 474

Şuşadan verilən strateji mesajlar - ŞƏRH

image

2026-cı il iyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə Şuşa şəhərində keçirilən görüş və dövlət başçılarının mətbuata bəyanatları Azərbaycan–Slovakiya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Bu səfər yalnız iki ölkə arasında diplomatik əlaqələrin növbəti mərhələsi deyil, həm də Azərbaycanın Avropa məkanında etibarlı və strateji tərəfdaş kimi artan rolunun növbəti təsdiqi oldu.Şuşa şəhərinin belə mühüm beynəlxalq görüş üçün seçilməsi xüsusi siyasi və simvolik məna daşıyır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Şuşa bu gün təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin rəmzidir. Slovakiya Prezidentinin Şuşaya səfəri beynəlxalq ictimaiyyətin Azərbaycanın yeni reallıqlarını qəbul etdiyini və azad olunmuş ərazilərdə aparılan bərpa prosesinə göstərilən marağı bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Slovakiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin inkişaf etdiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir və qarşılıqlı maraq doğuran məsələlərdə konstruktiv mövqe nümayiş etdirirlər. Bu yanaşma Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun mühüm nəticələrindən biridir.Bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutdu. Prezident İlham Əliyev enerji, nəqliyyat, sənaye, investisiya, rəqəmsal texnologiyalar və digər sahələrdə əməkdaşlığın böyük perspektivə malik olduğunu bildirdi. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr fonunda Slovakiya ilə enerji dialoqunun genişləndirilməsi qarşılıqlı maraqlara cavab verən istiqamət kimi qiymətləndirildi. Azərbaycan artıq etibarlı enerji tərəfdaşı kimi Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol hər il daha da güclənir.
Prezident İlham Əliyev Azərbaycanın Avropa bazarına təbii qaz ixracının ardıcıl şəkildə artdığını, Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətinin yüksəldiyini və yeni əməkdaşlıq formatlarının formalaşdığını diqqətə çatdırdı. Slovakiyanın da bu proseslərdə maraqlı tərəf kimi çıxış etməsi Avropa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.Dövlət başçısı çıxışında Orta Dəhlizin əhəmiyyətinə də toxunaraq Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini vurğuladı. Son illərdə ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu, beynəlxalq limanlar, dəmir yolu və avtomobil yolları Avrasiya məkanında yükdaşımaların sürətini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb. Slovakiya kimi Avropanın sənaye potensialına malik ölkələrlə bu sahədə əməkdaşlıq yeni iqtisadi imkanlar açır.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa proqramları da xüsusi diqqət mərkəzində oldu. Azad olunmuş ərazilərdə inşa edilən müasir şəhərlər, kəndlər, hava limanları, avtomobil yolları və sosial infrastruktur layihələri Azərbaycanın öz milli resursları hesabına həyata keçirdiyi ən böyük yenidənqurma proqramlarından biridir. Şuşada keçirilən görüş qonaq dövlət başçısına bu inkişaf prosesini yerində müşahidə etmək imkanı yaratdı.Bəyanatın mühüm məqamlarından biri də beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsiplərinin önə çəkilməsi idi. Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri məhz milli maraqların qətiyyətlə qorunması, bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsidir. Bu yanaşma son illər Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirən əsas amillərdəndir.Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə münasibətlərinin inkişafı da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindən biridir. Slovakiya ilə əlaqələrin intensivləşməsi göstərir ki, Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığı qarşılıqlı fayda, etibarlılıq və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirir. Bu münasibətlər yalnız enerji sektoru ilə məhdudlaşmır, iqtisadiyyatın, sənayenin, təhsilin, elm və innovasiyaların müxtəlif istiqamətlərini də əhatə edir.
Şuşada səsləndirilən bəyanatlar bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq regionun geosiyasi gündəmini formalaşdıran əsas dövlətlərdən biridir. Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara söykənən siyasəti nəticəsində ölkəmiz həm Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın təşviqinə mühüm töhfə verir, həm də Avropa ilə Asiya arasında etibarlı strateji körpü rolunu uğurla yerinə yetirir.
Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana, xüsusilə də Şuşaya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün möhkəm siyasi zəmin formalaşdırdı. Şuşadan verilən mesajlar göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlığın genişlənməsi, regional inteqrasiyanın dərinləşdirilməsi və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıqların inkişafı istiqamətində ardıcıl siyasətini uğurla davam etdirir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə və milli maraqlarının etibarlı şəkildə təmin olunmasına xidmət edən mühüm strateji xəttdir.

Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər